“UNESCO xalqların, ölkələrin mədəniyyət tarixini qoruyur”

Dekabrın 2-də «Abşeron Marriott» hotelində UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin 8-ci sessiyası ilə bağlı mətbuat konfransı keçirildi.

Tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, UNESCO baş direktorunun mədəniyyət üzrə müavini Françesko Bandarin, Qeyri-maddi mədəni irsin qorunması üzrə Konvensiyanın katibi Sesil Düvel sessiyanın gündəliyi, müzakirə olunacaq məsələlər barədə danışdılar, media nümayəndələrinin suallarını cavablandırdılar.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycanın təkliflərini dəstəkləyərək Hökumətlərarası Komitənin 8-ci sessiyasının ölkəmizdə keçirilməsinə qərar verdiklərinə görə qurum üzvlərinə təşəkkürünü bildirdi. Nazir qeyd etdi ki, sessiyasının ölkəmizdə keçirilməsində Prezident İlham Əliyevin dəstəyi və Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın təşəbbüsü xüsusi vurğulanmalıdır.
Belə bir mötəbər tədbirin ölkəmiz üçün yeni təcrübə olduğunu deyən Əbülfəs Qarayev ev sahibi ölkə olaraq Azərbaycanın da üzərinə düşən bütün öhdəlikləri yerinə yetirəcəyini və sessiyanın işinin yüksək səviyyədə təşkil olunması üçün tam qüvvə ilə çalışacaqlarını diqqətə çatdırdı: «Sessiyada iştirak üçün 116 ölkədən 780 nümayəndə ilkin qeydiyyata alınıb. Çox gərgin iş qrafikimiz var. UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinə yeni nominasiyalar təqdim edilib. Dekabrın 3-dən etibarən bu nominasiyalara baxılacaq. Bir məsələni də diqqətinizə çatdırım ki, sessiyanın gündəliyində müzakirə olunacaq məsələlər nəinki UNESCO-nun qeyri-maddi mədəni irs sahəsində işlənəcək proqramları əhatə edəcək, eyni zamanda tədbirdə gələcək fəaliyyət istiqamətlərini müəyyənləşdirən qərarlar qəbul olunacaq. Burada qeyri-maddi mədəni irsin siyahısına qəbul olunacaq irs nümunələri ilə yanaşı, təcili qorunmaya ehtiyacı olan qeyri-maddi mədəni irs nümunələri ilə bağlı, həmçinin müxtəlif ölkələrə müəyyən yardımların verilməsi haqqında məsələlərə də baxılacaq».
UNESCO-nun mədəniyyətlər üzrə direktor müavini Françesko Bandarin sessiyanın yüksək səviyyədə təşkilinə görə Azərbaycan hökumətinə təşəkkürünü bildirdi. Qonaq qeyd etdi ki, sessiyada UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına təklif olunan nominasiyalar müzakirə ediləcək: «Hər bir ölkənin bu siyahıya qəbul olunmaq üçün bir təklif verə bilmək imkanı var. UNESCO xalqların, ölkələrin mədəniyyət tarixini qoruyur. Azərbaycan da bu tarixin bir hissəsidir. Mədəniyyətlərin inkişafı bizim işimizin ayrılmaz hissəsidir».
UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Konvensiyasının katibi Sesil Düvel bildirdi ki, sessiya müddətində iştirakçı ölkələrin təklif etdikləri irs nümunələri ətrafında müxtəlif təqdimatlar keçiriləcək və geniş məlumatlar veriləcək. Konvensiyanın milli səviyyədə icrası ilə bağlı dövri hesabatların dinlənilməsi, geniş tərkibli müzakirələr və mədəni proqramların təşkili də planlaşdırılıb.
Əbülfəs Qarayev media nümayəndələrinin sualına cavab olaraq bildirdi ki, Azərbaycandan UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına milli çövkən oyunu təklif edilib: «Çövkən oyunu bütün Şərqdə tanınmış oyundur, müxtəlif ölkələrdə oynanılır. Qarabağ atları ilə oynanılan bu oyun növünün təhlükə altında olduğunu dərk edərək, belə bir təklif verdik. Nominasiya ilə bağlı hazırlanan bütün sənədlər bu qurumun tələblərinə cavab verir».
Nazir diqqətə çatdırdı ki, əslində Azərbaycanın bir çox qeyri-maddi mədəni irs nümunələrini UNESCO-nun müvafiq Konvensiyasına təqdim etmək imkanı var. Amma bu qurumun öz qaydaları var. Hər ölkənin bir sessiyada yalnız bir faylına baxıla bilər: «Azərbaycan cəmi 20 ildir müstəqil olmasına baxmayaraq, UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısında aşıq sənətimiz, xalça sənətimiz, muğamımız, tarımız və Novruz bayramımız var. Sözsüz ki, gələcəkdə bu siyahı daha da genişlənəcək”.

Fəxriyyə Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar