Milli Kitabxanada Məmməd Arazın 80 illik yubileyi qeyd olundu

Noyabrın 29-da Milli Kitabxanada müasir Azərbaycan poeziyasının görkəmli nümayəndəsi, Xalq şairi Məmməd Arazın 80 illiyinə həsr edilmiş tədbir keçirildi. Tədbirdə millət vəkilləri, rəsmilər, elm və mədəniyyət xadimləri iştirak edirdilər.

Milli Kitabxananın direktoru Kərim Tahirov qonaqları salamlayaraq Mədəniyyət və Turizm Nazirliyi ilə birgə təşkil edilən mərasimin şairin 80 illik yubileyi münasibətilə silsilə tədbirlərin davamı olduğunu diqqətə çatdırdı.
Mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev tədbirdə çıxış edərək Məmməd Araz poeziyasının xalqımız tərəfindən çox sevildiyini, Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən görkəmli şairin 80 illiyinin ölkəmizdə geniş qeyd edildiyini vurğulayıb.
Bildirildi ki, sərəncam Məmməd Araz irsinin öyrənilməsinə və gələcək nəsillərə çatdırılmasına böyük təkan verəcək: “Dövlət başçısının sərəncamı Xalq şairinin yaradıcılığına verilən yüksək qiymətdir. Məmməd Araz xalq tərəfindən həmişə sevilib. Onu sevdirən də şairin xalqına, vətəninə, hər daşına, cığırına olan məhəbbəti olub. Şairin vətəndaş mövqeyi, azad düşüncəsi ona böyük hörmət və ehtiram qazandırıb. Ulu öndərimiz Heydər Əliyev “İstiqlal” ordenini Xalq şairinə təqdim edərkən bildirmişdi ki, Məmməd Arazın poeziyası, onun şair kimi vətəndaşlıq mövqeyi xalqımız üçün vacib və əzizdir”.
Qeyd olundu ki, gənclərin bədii düşüncəsinin formalaşmasında Məmməd Araz poeziyasının mühüm rolu var. Şairin kitabları yenidən nəşr olunur, haqqında sənədli film çəkilir. Dekabrın 9-da isə Akademik Milli Dram Teatrında təntənəli yubiley tədbiri keçiriləcək: “Bu gün elə bir insan tapılmaz ki, Məmməd Arazın poeziyası onun ürəyinə yol açmasın. İnanıram ki, Azərbaycan var olan qədər Məmməd Araz poeziyası da yaşayacaq”.
Sonra Məmməd Arazın özünün səsləndirdiyi şeirlərin və ulu öndər Heydər Əliyevin şair haqqında söylədiyi dəyərli fikirlərin əks olunduğu video arxiv nümayiş etdirildi.
Milli Məclisin Mədəniyyət komitəsinin sədri, AMEA-nın müxbir üzvü Nizami Cəfərov çıxışında Məmməd Arazı zəngin, həddi-hüdudu olmayan yaradıcılıq imkanlarına malik böyük şair adlandırdı, Azərbaycanın klassik poeziyasını, düşüncə tərzini yaşadan, dövlətçilik təfəkkürünü təbliğ edən bənzərsiz söz sərrafı kimi xarakterizə etdi.
Nizami adına Ədəbiyyat İnstitutunun direktor müavini, AMEA-nın müxbir üzvü Teymur Kərimli, Milli Məclisin deputatı, Xalq şairi Sabir Rüstəmxanlı, tənqidçi, filologiya elmləri doktoru Vaqif Yusifli, “Sözün Məmməd Araz zirvəsi” adlı monoqrafiyanın müəllifi, filologiya üzrə fəlsəfə doktoru Nizami Muradoğlu, yazıçı-jurnalist Flora Xəlilzadə və başqaları çıxış edərək Məmməd Araz poeziyasının özünəməxsusluğundan danışdılar. Bildirildi ki, sakit təbiətli şair Vətənin dar günündə qəddini düzəldir, sərtləşir və millətini ayağa qalxmağa, oğullarını “alov dilli ox” olmağa səsləyir. Məmməd Araz qələmi gah qəhrəman olub Vətən uğrunda vuruşan qılınca, gah da ruhları oxşayan incə rübaba çevrilir.
Məmməd Araz poeziyası haqdan gələn bir duyğunun, ilahi bir səsin, sözün məcmusudur. Onun hər hansı bir şeiri, sözü bütün xalqa səslənir. O, ömrü boyu Vətəndən, onun vüqarlı dağlarından, büllur bulaqlarından, torpağından, daşından yazıb-yaratmışdır. Xalq şairinin zəngin yaradıcılığını Azərbaycanın coğrafiyası və tarixinin simvolu adlandırmaq olar.
Məmməd Arazın bədii tərcümələri sayəsində Azərbaycan oxucusu dünya ədəbiyyatının bir sıra nümunələri ilə tanış olmaq imkanı əldə edib.
Əməkdar artist, tanınmış qiraət ustası Ağalar Bayramov şairin şeirlərini səsləndirdi, Əməkdar artist, xanəndə Firuz Səxavət şairin sözlərinə yazılmış mahnıları ifa etdi.
Xalq şairinin ailəsi adından çıxış edən Milli Məclisin deputatı, yazıçı-publisist Aqil Abbas tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirdi. Xalqın yaddaşında əbədi yaşayan şairlərin yaşadıqları və gəzdikləri bölgələrimizin turizm marşrutlarına daxil edilməsinin faydalı ola biləcəyini qeyd etdi.
Tədbir iştirakçıları Milli Kitabxana əməkdaşlarının hazırladığı “Məmməd Araz-80” elektron məlumat bazası və “Poeziyamızın Məmməd Araz zirvəsi” adlı sərgi ilə tanış oldular.

Lalə Azəri







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar