Dekabrın 1-də Bakıda UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin 8-ci sessiyası çərçivəsində beynəlxalq QHT forumu keçirildi. “JW Marriott Absheron” hotelində gerçəkləşən forumda müxtəlif ölkələrdən 150-dən artıq qeyri-hökumət təşkilatı, eləcə də “Azərbaycan Xalçaçıları” və “Musiqi Dünyası” ictimai birliklərinin nümayəndələri iştirak edirdilər. Forumun əsas məqsədi qeyri-maddi mədəni irsin qorunmasında UNESCO-ya üzv dövlətlərlə yanaşı, bu istiqamətdə fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının rolunun artırılması və təşviqi idi.

Forumda çıxış edən UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə 2003-cü il Konvensiyası katibliyinin nümayəndəsi Elena Drobna qurumun Hökumətlərarası Komitəsinin 8-ci sessiyasının əhəmiyyətindən danışdı, burada qəbul ediləcək qərarların həyata keçirilməsinin vacibliyini vurğuladı. Onun sözlərinə görə, bu gün dünyada gedən proseslər onu göstərir ki, qeyri-maddi mədəni irsin qorunması yalnız dövlətlərin himayəsində olmamalıdır. Vətəndaş cəmiyyətləri, qeyri-hökumət təşkilatları da bu işə cəlb olunmalı, onların bu istiqamətdə fəaliyyətləri təşviq edilməlidir. Dövlətlərin də QHT-lərə bu istiqamətdə yardım göstərməli olduğunu deyən Elena Drobna vətəndaş cəmiyyətlərini qeyri-maddi mədəni irsin qorunması yönündə daha da aktiv fəaliyyət göstərməyə çağırdı.
Bildirildi ki, UNESCO-nun 2003-cü il Konvensiyasının iştirakçı dövlətlərinin ali məclislərində indiyədək 156 QHT akkreditə olunsa da, onların bəziləri qeyri-maddi mədəni irsin əsas daşıyıcıları ilə sıx əlaqə saxlayır, aktiv fəaliyyət göstərir, digərləri isə sadəcə mədəni vasitəçi kimi çıxış edirlər. Bütün bunlar onu göstərir ki, qeyri-maddi mədəni irsin qorunması işində QHT-lərin fəaliyyətinin təkmilləşdirilməsinə, səmərəliliyin artırılmasına ehtiyac var. Eyni zamanda, vurğulandı ki, forum QHT-lərin qazandıqları təcrübələrin bir araya gətirilməsində olduqca müstəsna rola malikdir və Bakıdakı sessiyanın uğurlu keçməsinə əlavə zəmin yaradır.
Forumda çıxış edən “Traditions pour Demain” təşkilatının nümayəndəsi Dieqo Qradis UNESCO-nun Hökumətlərarası Komitəsinin 8-ci sessiyasında müzakirə olunacaq məsələlərdən danışdı. Diqqəti QHT-lərin roluna yönəldən natiq müvafiq məsələlərin müzakirəsində vətəndaş cəmiyyəti institutlarının iştirakının vacibliyini qeyd etdi, onların bu məsələdə fəallıq göstərəcəyinə əminliyini vurğuladı.
Sonra “Tapis plein” təşkilatının nümayəndəsi Jorijn Neyrinckin “QHT və UNESCO-nun 2003-cü il Konvensiyası” mövzusunda məruzəsi dinlənildi. O, sessiyanın gündəliyində QHT-lərlə bağlı yer alan əsas məsələlər barədə məlumat verdi. Daha sonra forumda bir sıra təqdimatlar dinlənildi.
Hindistan nümayəndəsi Ananiya Bhattaçariya “Qeyri-maddi irsin qorunmasında insan kapitalına investisiya qoyulması mədəniyyətin və inkişafın birliyi kimi”, Kanadadan qeyri-maddi mədəniyyət üzrə Kvebek şurasının təmsilçisi Antuan Qotye “Qeyri-maddi irsin ölçülməsi”, Koreya Respublikasından qeyri-maddi mədəni irs üzrə şəbəkənin nümayəndəsi Sumi Nam “QHT-lər dövlət və cəmiyyət arasında informasiya və kommunikasiya mübadiləsinin əlaqələndiricisi kimi” mövzularında təqdimatlarla çıxış etdilər.
Hindistan nümayəndəsi əsas diqqəti bölgələrdə yaşayan insanların yaradıcılığına yönəltdi. Qeyd etdi ki, şəhərdə yaşayan və qeyri-maddi mədəni irsin yaranmasında, qorunub saxlanılmasında iştirak edən insanlar müəyyən qədər də olsa maddi cəhətdən təmin olunurlar. Ancaq kənd yerlərində, daha aşağı həyat şəraitində yaşayan insanlar üçün bunu demək mümkün deyil. Ananiya Bhattaçariya bu cür ağır şəraitdə yaşayan insanların həm yaradıcılıq imkanlarını, həm də maddi vəziyyətlərini artırmaq məqsədilə bölgələrə investisiya qoyulmasını təklif etdi. Bildirdi ki, bu, ölkələrin turizm imkanlarının da artırılmasına öz töhfəsini verə bilər.
Koreya Respublikasından Sumi Nam bu sahədə çalışan insanların tələblərinin dövlət və digər yerli orqanlara çatdırılmasının vacibliyini vurğuladı. Qeyd etdi ki, onun çalışdığı İCCN təşkilatının əsas qayəsi məhz bu sahədə çalışan insanların fəaliyyətinin işıqlandırılması, beynəlxalq səviyyəli tədbirlərin keçirilməsi, dövlətlə yerli icma arasında körpü rolunu oynamaqdır.
Digər təqdimatlarda da müvafiq QHT-lərin təcrübələri diqqətə çatdırıldı, təkliflər səsləndirildi, bu sahədə əməkdaşlığın əhəmiyyəti vurğulandı. Daha sonra mövzular ətrafında fikir mübadiləsi aparıldı və suallar cavablandırıldı.

Sadiq Musa







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar