Prezident İlham Əliyev Xalça Muzeyinin yeni binasında sərgilərin tərtibatının təşkili ilə tanış olub

Dekabrın 2-də Prezident İlham Əliyev Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin yeni binasında sərgilərin tərtibatının təşkili ilə tanış olub.

Azərbaycan xalçaçılıq sənəti sahəsində dünyanın aparıcı ölkələrindən birdir. Tətbiqi sənətin nadir nümunələrinin toplandığı Xalça Muzeyi ayrı-ayrı dövrlərdə müxtəlif ünvanlarda yerləşib. Ölkəmizin nadir incilərindən olan xalçaların daha geniş nümayişi məqsədilə Prezident İlham Əliyevin sərəncamına əsasən Muzey üçün xüsusi bina tikilib. Orijinal üslubda inşa olunmuş binada son tamamlama işləri aparılır. Burada 15 mindən çox eksponatdan ibarət nadir kolleksiya mühafizə olunur. Bu kolleksiyanın tamaşaçılara təqdimatı üçün binada müasir tipli sərgi nümunəsi yaradılır.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev dövlət başçısına məlumat verib ki, müəllifi tanınmış avstriyalı memar Frans Yants olan muzeyin yeni binasının əsas təyinatına ekspozisiya sərgilərinin təşkili, maarifləndirici proqramların işlənib hazırlanması, qeyri-maddi mədəni irsin qorunması, beynəlxalq əlaqələrin inkişaf etdirilməsi daxildir.
Muzeydə suvenir mağazası fəaliyyət göstərəcək. Muzeyin kolleksiyasında həmçinin XIX əsrin sonundan XX əsrin əvvəlinədək ölkəmizin müxtəlif bölgələrində hazırlanmış zərgərlik sənətinin nadir nümunələri toplanıb. Zirzəmidəki seyf otağı məhz həmin məmulatın saxlanılması üçün nəzərdə tutulub. Burada yaradılmış “A1” kateqoriyalı qoruma sisteminə əsasən seyf yalnız barmaq izi ilə açılır.
Dövlət başçısı fondların qorunması otağına da baxıb. Burada ilk dəfə Azərbaycanda elektron idarəetmə və elektron yaddaşlı sistem qurulub.
Diqqətə çatdırılıb ki, Xalça Muzeyinin eksponatlarının yeni binanın müasir fondlarında yerləşdirilməsi məqsədilə onların müvafiq vəziyyətə gətirilməsi üçün bir neçə ay vaxt tələb olunur. Muzeyin ekspozisiyası xalça sənətində əsas bədii istiqamətləri dəqiq əks etdirməklə onların özünəməxsus xüsusiyyətlərini, həmçinin materiallarını, işləmələrin texnikasını, incə və çox dərin bədii xüsusiyyətləri ilə ahəngdarlığını, aydın təsnifatını göstərir.
Prezident İlham Əliyev Xalça Muzeyinin yeni binasında ekspozisiyanın yerləşdirilməsi sxeminə baxıb. Burada muzeyin 3D görüntüsü də təqdim olunur.
Xalçaların toxunması və naxışları barədə qısa filmin təqdimatından sonra dövlət başçısı sərgilənən xalçalarla tanış olub.
Ekspozisiyada XVII-XX əsrlərdə toxunan dünya şöhrətli kompozisiyalara rast gəlmək olar. Burada həmçinin xalça süjetlərinin müəllifi olan rəssamların müasir işləri əks etdirilir.
Prezident İlham Əliyev Azərbaycanda ən böyük ölçülü xalçaya baxıb.
Muzeyin sərgi konsepsiyası adi sərgilərdən fərqlənir. Xalçalar qövsşəkilli divarlardan asılır, onların da əksi bütün yuxarı mərtəbələrdən görünür. Bunun sayəsində sərginin böyük hissəsini müxtəlif rakurslardan izləmək mümkündür. Hər mərtəbədə muzeyin fondundan digər əşyaların və eksponatların sərgilənməsi üçün vitrinlər və platformalar quraşdırılıb ki, bu da sərgiyə tam dolğunluq verir, ziyarətçilərin sərgini daha yaxşı izləməsinə şərait yaradır. Muzeydəki nümayiş zalında xalçalar, naxışlar, xalçaçılıq sənətindəki ənənələr barədə filmləri izləmək mümkündür. Terrasda açıq səma altında sərgilərin təşkili də mümkün olacaq.
Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin yeni binasında sərgilərin tərtibatının təşkili ilə tanış olan Prezident İlham Əliyev tapşırıq və tövsiyələrini verib.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar