UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin Bakı sessiyasında dünyanın 110-dan çox ölkəsindən nümayəndələr bir araya gəlib

Xəbər verdiyimiz kimi, dekabrın 2-də Bakıdakı “Marriott Absheron” hotelində UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin 8-ci sessiyası işə başlayıb.

Dekabrın 8-dək davam edəcək sessiya ölkəmizdə indiyədək keçirilən ən geniş formatlı beynəlxalq mədəniyyət tədbiridir. Təbirdə iştirak üçün sessiyada 116 ölkədən 780-dək nümayəndə qeydiyyatdan keçib. Sessiya çərçivəsində dekabrın 1-də beynəlxalq QHT forumu keçirildi. Forumda müxtəlif ölkələrdən 150-dən artıq qeyri-hökumət təşkilatının nümayəndəsi iştirak edirdi.
UNESCO Hökumətlərarası Komitəsinin növbəti sessiyasının Bakıda keçirilməsi barədə qərar 2012-ci ilin dekabrında qurumun Parisdə keçirilən 7-ci sessiyasında qəbul olunub. Azərbaycan tədbirin ev sahibi kimi UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin sessiyasına sədrlik edir. Qeyd edək ki, ölkəmiz 2010-cu ildə dörd il müddətinə komitəyə üzv seçilib.
Açılışda çıxış edən iclasın sədri, Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayev vurğuladı ki, Hökumətlərarası Komitənin Bakı sessiyasının UNESCO-nun “Qeyri-maddi mədəni irsin qorunması üzrə Konvensiyası”nın 10 illik yubileyinə təsadüf etməsi ilə əlamətdardır. Sessiya Hökumətlərarası Komitənin tarixində ən çox iştirakçı gəlməsi, həm də bu əlamətdar faktla bağlıdır. İndiyədək 156 ölkənin qoşulduğu Konvensiyanın qəbulu mədəni müxtəlifliyin təşviqində, beynəlxalq strategiyaların inkişaf etdirilməsində əsas mərhələ olub: “Beynəlxalq cəmiyyət ilk dəfə olaraq mədəni təzahür və ifadələrin qorunması ehtiyaclarını tanıyıb. Qeyri-maddi mədəni irsin qorunması ilə bağlı aidiyyəti tərəfdaşların yerli, regional və beynəlxalq səviyyədə təşkil etdiyi tədbirlər və fəaliyyətlər haqqında məlumatları dünya ictimaiyyəti ilə paylaşmaları üçün platforma yaradılıb”.
Nazir bildirdi ki, ötən dövr ərzində Azərbaycan Konvensiya çərçivəsində xalqımızın mədəni-mənəvi dəyərlərini əks etdirən çox qiymətli nümunələrin müxtəlif nominasiyalarda artıq dünya qeyri-maddi mədəni irs siyahısına daxil edilməsinə nail olub.
* * *
Azərbaycan Respublikası Baş nazirinin müavini Elçin Əfəndiyev UNESCO-nun mötəbər toplantısının Azərbaycanda keçirilməsinin əhəmiyyətini vurğuladı. Qeyd olundu ki, Azərbaycanla UNESCO arasında yaranmış sıx münasibətlər, bu əməkdaşlıq qarşılıqlı hörmət və etibara söykənir. Azərbaycanın bir çox maddi və qeyri-maddi mədəni sərvətləri, xalqın mənəvi həyatında mühüm rol oynayan görkəmli şəxsiyyətləri UNESCO vasitəsilə geniş təbliğ olunub.
* * *
UNESCO-nun baş direktoru İrina Bokovanın sessiya iştirakçılarına ünvanlanan video müraciətində tədbirə ev sahibliyi etdiyinə görə Azərbaycan hökumətinə minnətdarlıq ifadə olundu. Baş direktor UNESCO ilə əməkdaşlığa verdiyi xüsusi önəmə görə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya təşəkkürünü çatdırdı. Qeyri-maddi mədəni irsin bəşəriyyətin ən dəyərli təzahürlərindən biri olduğunu deyən baş direktorun sözlərinə görə, bu zənginlik ölkələr arasında dialoq və anlaşma üçün körpü rolunu oynayır.
UNESCO baş direktorunun mədəniyyət üzrə müavini Françesko Bandarin də sessiyanın yüksək səviyyədə təşkilinə görə Azərbaycan hökumətinə təşəkkürünü bildirdi. Qeyd etdi ki, UNESCO xalqların, ölkələrin mədəniyyət tarixini qoruyur: “Azərbaycan da bu tarixin müəyyən bir hissəsidir. Mədəniyyətlərin inkişafı bizim işimizin ayrılmaz hissəsidir».
* * *
Sessiyanın ilk günündə mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin sədrliyi ilə keçən ikinci iclasda mədəniyyət sektorunda UNESCO standartlarının müəyyənləşdirilməsi işlərinə dair daxili nəzarət xidmətinin qiymətləndirməsi və mədəniyyət sektorunda standartların müəyyənləşdirilməsi işinin metodikasının auditi üzrə hesabat müzakirə edildi.
İclasda iştirakçı dövlətlərin dövri hesabatları və Qeyri-Maddi Mədəni İrs Fondundan beynəlxalq yardımın istifadə olunmasına dair hesabatlar da dinlənildi. Bildirildi ki, 2008-ci ildən Konvensiyanın 28 iştirakçı dövləti beynəlxalq yardım alıb. Konvensiyaya üzv dövlətlər bu hesabatları sənədin ratifikasiya olunmasından 6 il sonra və sonrakı hər 6 ildə təqdim etməlidirlər. Bu il 10 ölkə öz hesabatını təqdim edib.
* * *
Sessiyanın sonrakı günləri gündəlikdə duran əsas məsələ - UNESCO-nun “Təcili qorunmaya ehtiyacı olan qeyri-maddi mədəni irsin Siyahısı” və “Bəşəriyyətin qeyri-maddi mədəni irsinin Reprezentativ Siyahısı”na təklif olunan nominasiyaların müzakirələri ilə yadda qaldı. “Təcili qorunmaya ehtiyacı olan qeyri-maddi mədəni irsin Siyahısı” üzrə müzakirə və diskussiyalardan sonra 11 nominasiyadan 4-ü qəbul olundu. Onların arasında Azərbaycanın təqdim etdiyi - “Çövkən - Qarabağ atüstü oyun ənənəsi” nominasiyası da var.
“Bəşəriyyətin qeyri-maddi mədəni irsinin Reprezentativ Siyahısı”na təklif edilmiş 30 nominasiyadan isə ümumilikdə 26-sı qəbul olundu.
Onu da qeyd edək ki, sessiyanın gedişi UNESCO-nun internet saytında canlı yayımlanır və çıxışlar ingilis, fransız, ispan, ərəb və Azərbaycan dillərinə sinxron tərcümə olunur.
* * *
Sessiya işini dekabrın 7-də başa vuracaq. Paytaxtımızda keçirilən bu beynəlxalq tədbir Azərbaycanın zəngin mədəni irsinin qorunması, eyni zamanda mədəniyyət və turizm imkanlarımızın təşviq olunması, ölkəmizə marağın artırılması baxımından əhəmiyyətli hadisədir. Dekabrın 8-də iştirakçılar üçün paytaxtımızla tanışlıq məqsədilə şəhər turu, Qobustan və Qala tarix-mədəniyyət qoruqlarına səfərlər təşkil olunacaq.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar