Azərbaycanın UNESCO ilə 20 ilə yaxın davam edən səmərəli əməkdaşlığının mühüm istiqamətini mədəni irs sahəsi təşkil edir. Ölkəmiz təşkilatın maddi və qeyri-maddi mədəni irslə bağlı layihələrinin, bu mövzuda keçirilən tədbirlərin fəal iştirakçısıdır. Bu əməkdaşlıq eyni zamanda Azərbaycanın zəngin mədəni irsinin UNESCO miqyasında, dünya səviyyəsində tanınmasına, təbliğinə şərait yaradır.

Mədəni irsimizin təbliğinə mühüm zəmin

Təşkilatla sıx münasibətlərin, bu istiqamətdə həyata keçirilən məqsədyönlü fəaliyyətin nəticəsidir ki, hələ 2000-ci ildə mədəni irsimizin və milli memarlığımızın tarixi məkanı olan İçərişəhər möhtəşəm Şirvanşahlar saray kompleksi və Qız qalası ilə birlikdə UNESCO-nun Dünya Mədəni İrs Siyahısına salınıb. 2003-cü ildə Azərbaycan muğamı UNESCO tərəfindən “Bəşəriyyətin şifahi və qeyri-maddi şah əsərləri siyahısı”na daxil edilib.
2004-cü ildə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın Azərbaycanın şifahi xalq ədəbiyyatının və musiqi irsinin qorunub saxlanılması, inkişaf etdirilməsi və təbliği sahəsindəki aktiv fəaliyyətinə görə “UNESCO-nun Xoşməramlı səfiri” adına layiq görülməsi ölkəmizin təşkilatla münasibətlərini daha yüksək səviyyəyə qaldırdı. Bu fakt həmçinin mədəni irs nümunələrimizin UNESCO-da tanınıb təbliğ olunmasına əlavə zəmin yaratdı.
Məhz Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın təşəbbüsü və dəstəyi ilə 2009-cu ildə aşıq sənətimiz, 2010-cu ildə Azərbaycan xalçaçılıq sənəti, 2012-ci ildə tar ifaçılıq sənəti “Bəşəriyyətin qeyri-maddi mədəni irs üzrə Reprezentativ Siyahısı”na daxil edilib. Bundan əlavə, 2007-ci ildə isə Qobustan qayaüstü abidələri UNESCO-nun Dünya Mədəni İrs Siyahısına salınıb.
Bu günlərdə bəşəriyyətin mədəni irs xəzinəsi Azərbaycanın daha bir nümunəsi - Qarabağ atüstü oyun ənənəsi olan çövkənlə zənginləşdi. Çövkən UNESCO-nun “Təcili qorunmaya ehtiyacı olan qeyri-maddi mədəni irs Siyahısı”na daxil edildi.

Ölkəmiz “Qeyri-maddi mədəni irs Konvensiyası”nın aktiv iştirakçısıdır

Qeyd edək ki, dünyanın qeyri-maddi mədəni irs nümunələrinin UNESCO-nun himayəsi altında toplanması, inkişaf etdirilməsi qurumun 2003-cü il 17 oktyabr tarixli “Qeyri-maddi mədəni irsin qorunması üzrə Konvensiyası”nın qəbulu ilə daha böyük zəmin və fəaliyyət mexanizmi qazanıb. Azərbaycan bu konvensiyanın fəal iştirakçısıdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı 2 oktyabr 2006-cı il tarixli qanunla UNESCO-nun “Qeyri-maddi mədəni irsin qorunması üzrə Konvensiyası” təsdiq edilib.
Konvensiya UNESCO-nun 2003-cü il sentyabrın 29-dan oktyabrın 17-dək Parisdə keçirilən 32-ci sessiyasında qəbul olunub. Sənəddə BMT-nin 1948-ci il “İnsan hüquqları haqqında Ümumi Bəyannaməsi”nə, 1966-cı il İqtisadi, sosial və mədəni hüquqlar haqqında Beynəlxalq Pakta, 1966-cı il Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Pakta, həmçinin UNESCO-nun 1972-ci il “Dünya mədəni və təbii irsin mühafizəsi haqqında Konvensiyası”na, 1989-cu il “Ənənəvi mədəniyyətin və folklorun qorunub saxlanmasına dair Tövsiyəsi”nə, 2001-ci il “Mədəni müxtəliflik haqqında Ümumi Bəyannaməsi”nə istinad olunur.
Konvensiyada vurğulanır ki, qloballaşma və sosial dəyişiklik prosesləri icmalar arasında dialoqun təzələnməsinə şərait yaratmaqla yanaşı, həm də dözümsüzlük təzahürlərinə yol açır. Xüsusilə də qeyri-maddi mədəni irsin qorunması üçün vəsaitin çatışmazlığı nəticəsində bu irsin deqradasiyaya uğraması, yox olması və dağıdılması üçün ciddi təhlükə yaranır. Sənəddə qeyri-maddi mədəni irsin insanlar arasında yaxınlaşmaya, mübadiləyə və qarşılıqlı anlaşmaya rəvac verən amil kimi əvəzsiz rolu diqqətə çatdırılır.
Konvensiyanın məqsədləri aşağıdakılardır: qeyri-maddi mədəni irsin qorunması; aidiyyəti icmaların, qrupların və ayrı-ayrı şəxslərin qeyri-maddi mədəni irsinə hörmətin təmin edilməsi; yerli, milli və beynəlxalq səviyyələrdə qeyri-maddi mədəni irsin əhəmiyyəti haqda məlumatlılığın artırılması və onun qarşılıqlı şəkildə qəbul edilməsinə təminat verilməsi; beynəlxalq əməkdaşlıq və yardım göstərilməsi.
Konvensiyanın məqsədləri üzrə yalnız o qeyri-maddi mədəni irs diqqətə alınır ki, həmin irs insan hüquqları haqqında mövcud beynəlxalq hüquqi aktlara, eləcə də icmalar, qruplar və ayrı-ayrı şəxslər arasında qarşılıqlı hörmət və sabit inkişaf tələblərinə uyğun gəlmiş olsun.
Sənəddə “qeyri-maddi mədəni irs” olaraq aşağıdakı nümunələr əsas götürülür: qeyri-maddi mədəni irsin daşıyıcısı kimi dil də daxil olmaqla, şifahi ənənələr və ifadələr; ifaçılıq sənətləri; sosial təcrübələr, mərasimlər, bayram tədbirləri; təbiətə və kainata aid bilik və təcrübələr; ənənəvi sənətkarlığa aid bilik və təcrübələr.
Konvensiyaya əsasən, Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitə yaradılıb. Komitə Konvensiyanın iştirakçı dövlətlərin Baş Assambleyasında seçilir.
Qeyd edək ki, Hökumətlərarası Komitə 24 üzvdən ibarətdir. Azərbaycan 2010-cu ildə dörd il müddətinə quruma üzv seçilib.
Konvensiyanın 16 və 17-ci maddələrinə əsasən “Bəşəriyyətin qeyri-maddi mədəni irsinin Reprezentativ Siyahısı” və “Təcili qorunmaya ehtiyacı olan qeyri-maddi mədəni irsin Siyahısı” tərtib olunur.

Bakıda “UNESCO həftəsi”

2012-ci il dekabrın 3-dən 7-dək Fransanın paytaxtı Parisdə UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin 7-ci sessiyasında ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edən qərarlar qəbul olundu. Sessiyada Azərbaycan tar ifaçılıq sənəti “Bəşəriyyətin qeyri-maddi mədəni irsinin Reprezentativ Siyahısı”na daxil edildi. Digər əlamətdar qərar isə 2013-cü ildə Bakıda UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin 8-ci sessiyasının keçirilməsi ilə bağlı idi.
Bu mühüm tədbirin ev sahibi kimi Azərbaycan hazırda UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinə sədrlik edir. Komitə sədrinin müavinləri funksiyasını isə Çin, Yunanıstan, Burkina Faso, Braziliya və Misir həyata keçirir.
Beləliklə, Azərbaycan UNESCO ailəsinin ən fəal üzvlərindən biri kimi beynəlxalq miqyasda dünya mədəni irsinin qorunması işinə öz töhfəsini verir. UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin Bakıda uğurla gerçəkləşən 8-ci sessiyası bunun bariz göstəricisidir.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar