UNESCO-nun Qeyri Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin 8-ci sessiyasında aktiv iştirakı ilə seçilən Braziliyanın təşkilatdakı daimi nümayəndəsi, eyni zamanda “Qeyri-maddi mədəni irsin qorunması haqqında Konvensiyası”nın ikinci katibi Adam Jayme Muniz təəssüratlarını qəzetimizlə bölüşdü. Gənc olmasına rəğmən beynəlxalq tədbirlərdə böyük təcrübə sahibi olduğu hiss edilən müsahibim, demək olar ki, bütün müzakirələrə qoşulur, nominasiyaların qəbulunda, Konvensiyanın təlimatına əlavə və dəyişikliklər təklifi ilə çıxış edirdi.
Braziliyanın təqdim etdiyi nominasiya barədə danışan qonaq qeyd etdi ki, Bakı sessiyasından gözləntiləri böyükdür. Braziliya UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına “Nazaretli Məryəm ana” festivalının salınmasını təklif edib: “Festival Para ştatının paytaxtı Belem şəhərində qeyd edilir və 200 ildən çox yaşı var. Dini, mədəni, eyni zamanda sosial aspektləri ehtiva edən bu festivala 2 milyondan artıq insan qatılır ki, onların bir hissəsi əcnəbi turistlərdir. İstəyirik ki, bu festival dünyanın mədəni irsinə çevrilsin”.
Qeyd edək ki, Braziliyanın nominasiyası sessiyada dəstək qazandı və UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edildi.
Azərbaycanın nominasiyası ilə bağlı da fikirlərini bildirən müsahibim “Çövkən - Qarabağ atüstü oyunu” faylının yüksək peşəkarlıqla hazırlandığını bildirdi: “Təsadüfi deyil ki, nominasiya səsvermə zamanı böyük çoxluqla dəstəkləndi. Braziliya da Azərbaycanın təqdim etdiyi nominasiyaya dəstəyini verdi. Bu uğur münasibətilə azərbaycanlı həmkarlarımızı təbrik edirəm”.
Sadiq Musa