“Elə bir sahə yoxdur ki, orada Heydər Əliyevin izi, sözü, tövsiyəsi olmasın. Onun məsləhətləri daim bizimlədir”

Dekabrın 11-də M.F.Axundzadə adına Milli Kitabxanada Mədəniyyət və Turizm Nazirliyinin mərkəzi aparatında və struktur təşkilatlarında çalışan Yeni Azərbaycan Partiyası (YAP) üzvlərinin xalqımızın ümummilli lideri, dünya şöhrətli siyasətçi Heydər Əliyevin anım gününə həsr olunmuş iclası keçirildi.

Tədbirin əvvəlində ulu öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi, dahi şəxsiyyətə həsr edilən sənədli film nümayiş olundu.
Məruzə ilə çıxış edən Mədəniyyət və Turizm Nazirliyi Elm və təhsil şöbəsinin müdiri, Yeni Azərbaycan Partiyası mədəniyyət və turizm işçilərinin ilk ərazi təşkilatının sədri Yaşar Əliyev ümummilli liderin tarixi xidmətlərindən danışdı. Bildirildi ki, Heydər Əliyevin Azərbaycanın inkişafında, dövlətçiliyin qorunmasında, azərbaycançılıq məfkurəsinin milli ideologiya kimi təşəkkül tapmasında əvəzsiz rolu var: “Ümummilli lider XX əsrin ikinci yarısından başlayaraq Azərbaycanın ictimai-siyasi həyatında fəal dövlət rəhbəri olduğunu sübut edib. Heydər Əliyev uzaqgörənliyi, qətiyyəti və cəsarəti, geniş dünyagörüşü ilə bir dövlət başçısı, bacarıqlı siyasətçi və diplomat kimi dünya miqyaslı siyasətçilər arasında öz yerini tutub”.
Ulu öndər Heydər Əliyevin adının Azərbaycan xalqının tarixinə qızıl hərflərlə yazıldığını vurğulayan şöbə müdiri hazırda ölkəmizdə siyasi və sosial-iqtisadi həyatın bütün sahələri kimi mədəniyyət və turizmin də davamlı inkişaf dövrünü yaşadığını diqqətə çatdırdı: “Azərbaycan musiqisi dünyanı fəth edir, tamaşalarımız, filmlərimiz, kitablarımız, təsviri sənət nümunələrimiz nüfuzlu beynəlxalq forum, festival və müsabiqələrdə uğurla nümayiş etdirilir, ölkənin turizm potensialı dünyaya tanıdılır. Ümummilli lider Azərbaycan xalqının milli mədəniyyətinə, onun tarixi qaynaqlarına həmişə böyük diqqətlə yanaşıb, görkəmli şəxsiyyətlərimizin unudulmaması üçün öz qayğısını əsirgəməyib”.
Qeyd olundu ki, mədəniyyət və incəsənətimizə böyük töhfələr verən sənət adamlarının yaradıcılığına həsr olunmuş təntənəli gecələrdə ulu öndərin şəxsən iştirak etməsi dahi rəhbər tərəfindən sənətə, sənətkara verilən yüksək qiymətdir. Bu gün müasir dünyada Azərbaycanın layiqli yer tutmasında, sivilizasiya marafonunda inamla addımlamasında Heydər Əliyev ideallarının layiqli davamçısı möhtərəm Prezident İlham Əliyevin müstəsna xidmətləri var. Hazırda xalqın iftixar mənbəyi olan mədəniyyətin çiçəklənməsi, zənginləşməsi prosesi daha böyük vüsət alıb. Bu yüksəlişi gözəl diyarımızda yaşayan bütün vətənsevər insanlar duyur, görür, alqışlayır və dəstəkləyirlər.
Tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ulu öndər Heydər Əliyevin əziz xatirəsinin xalqımız tərəfindən daim uca tutulduğunu bildirdi: “On ildir ki, ulu öndər dünyasını dəyişib. Amma bu 10 il müddətində hər bir Azərbaycan vətəndaşı Heydər Əliyevin qoyduğu irsə, onun siyasətinə sadiq qalaraq öz xalqına xidmət edir”.
Azərbaycanın beynəlxalq səviyyədə zəngin mədəniyyəti, dinamik inkişaf edən iqtisadiyyatı ilə fərqləndiyini deyən Əbülfəs Qarayev ölkəmizin dünya miqyaslı tədbirlərə yüksək səviyyədə ev sahibliyi etdiyini vurğuladı: “Bu işlərin bünövrəsi məhz Heydər Əliyev tərəfindən qoyulmuşdu. Çünki Heydər Əliyev Azərbaycanı dünyanın ən qabaqcıl, böyük sürətlə inkişaf edən ölkələri sırasında görmək istəyirdi. Bu gün ulu öndərin ruhu qarşısında baş əyir, onun siyasətinin ölkəmiz üçün əvəzolunmaz olduğunu bildiririk. Azərbaycan xalqı dahi şəxsiyyətə ehtiram və hörmətini öz məsuliyyətini, vicdan borcunu yerinə yetirməklə ifadə edir. Mədəniyyət və turizm sahəsində çalışan insanlar da Heydər Əliyevin Azərbaycan tarixində oynadığı rolu yüksək qiymətləndirir, onun strateji xəttini davam etdirirlər. Ulu öndərin adını daşıyan mərkəzlər, mədəniyyət ocaqları onun xatirəsinə sonsuz ehtiramın nümunəsi olmaqla yanaşı, onun ideyalarının davam etdirilməsinə, gələcəyə ümidlə baxmağa zəmin yaradır. Biz ulu öndərə həsr edilən bir çox filmləri izləmişik. Amma burada nümayiş edilən film onu sadə bir azərbaycanlı kimi təqdim etdi. Bu filmdə dahi rəhbərin xalqa məxsus olması, onun adət-ənənəsini dərindən bilməsi nümayiş olundu. O, bu xalqa məxsusluğu ilə fəxr edirdi. Elə bir sahə yoxdur ki, orada Heydər Əliyevin izi, sözü, tövsiyəsi olmasın. Onun tövsiyələri, məsləhətləri daim bizimlədir. İstərdim ki, ulu öndər haqqında danışan hər kəs vətənimizin keçmişini və ümummilli liderin bu ölkə üçün etdiklərini öz daxilində analiz edə bilsin. Heydər Əliyev hər bir ailənin qayğısını çəkən insan idi. Biz hamımız onu nəinki böyük siyasətçi, eyni zamanda hər bir azərbaycanlı ailəsinin yaxın sirdaşı kimi qəbul edirik. Hazırda Azərbaycanın sürətli inkişafı Heydər Əliyev gördüyü işlərin nəticəsidir”.
Çıxışlardan sonra 9 oktyabr prezident seçkilərində fəallıq göstərən bir qrup YAP üzvü partiyanın fəxri fərmanı ilə təltif edildi.

Lalə Azəri







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar