Tanınmış ictimai-siyasi xadim Kamran Hüseynova həsr olunmuş kitabın təqdimatı keçirildi

Dekabrın 17-də M.F.Axundzadə adına Milli Kitabxanada görkəmli ictimai-siyasi xadim, tarix elmləri doktoru Kamran Hüseynova həsr olunmuş “İlin beşinci fəsli. Kamran” kitabının təqdimatı keçirildi. Kitabın müəllifi Mədəniyyət və Turizm Nazirliyi Nəşriyyat, reklamın təşkili və informasiya şöbəsinin müdiri, şair Vaqif Bəhmənlidir.

Tədbiri Milli Kitabxananın direktoru Kərim Tahirov açaraq iştirakçıları salamladı.
Mərasimdə çıxış edən mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva Prezident İlham Əliyevin sərəncamına əsasən 100 illik yubileyi qeyd edilən Kamran Hüseynovun Azərbaycanın ictimai-siyasi həyatında uzun illər səmərəli fəaliyyətindən, dövlət idarəçiliyi və iqtisadiyyatın inkişafı istiqamətində gördüyü işlərdən söz açdı. Sevda Məmmədəliyeva atası akademik Yusuf Məmmədəliyevlə Kamran Hüseynovun birgə fəaliyyətlərindən və dostluq münasibətlərindən danışdı.
Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar, Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov, Xalq yazıçısı Çingiz Abdullayev, yazıçı-publisist Əli İldırımoğlu çıxış edərək Kamran Hüseynovun Azərbaycan xalqı qarşısında böyük xidmətlərindən, tanınmış ictimai-siyasi xadimə dövlətimiz tərəfindən verilən yüksək qiymətdən bəhs etdilər. Mədəniyyət və Turizm Nazirliyi tərəfindən nəşr olunan “İlin beşinci fəsli. Kamran” kitabını onun fəaliyyətinə göstərilən diqqətin nümunəsi kimi dəyərləndirdilər, bu cür şəxsiyyətləri gələcək nəsillərə tanıtmaq üçün təqdirəlayiq addım olduğunu vurğuladılar.
Qeyd olundu ki, Kamran Hüseynov xeyirxahlıq nümunəsi idi. O, el-obanın adət-ənənəsi ilə yaşayırdı. Gələcək nəsillər bu cür əqidəli insanları, vətəninə, xalqına bağlı, torpağının hər qarışının qədrini bilən əsl vətəndaşları tanımalıdır. Kamran Hüseynov çalışdığı bütün sahələrdə yüksək peşəkarlıq, fədakarlıq və təşkilatçılıq nümayiş etdirib, xalqın yolunda hər zaman sədaqətlə dayanıb. Bu keyfiyyətlərinə və yorulmaz fəaliyyətinə görə o, müstəqil Azərbaycanın “Şöhrət” ordeni ilə təltif edilib, Prezident təqaüdünə layiq görülüb.
“İlin beşinci fəsli. Kamran” kitabının müəllifi Vaqif Bəhmənli belə görkəmli bir şəxsiyyət haqqında kitab yazmağından məmnunluğunu dilə gətirdi: “İnanıram ki, kitabı oxuyacaq hər kəs üçün Kamran Hüseynovun keçdiyi həyat yolu bir örnək olacaq. Oxucular bu kitabda əsl azərbaycanlı və vətən oğlunun həyat hekayəsi ilə tanış olacaqlar. Əbəs yerə deyilməyib ki, ən gözəl kitab içində sirr olan kitabdır. Bu nəşri də öz sirri olan kitablardan biri hesab edirəm. Həmin sirri oxuculara Kamran Hüseynovun ruhu açacaq. Çünki bu kitabın iki müəllifi var: biri mən, biri isə mərhum Kamran müəllim. Kitabı yazmağa hazırlaşarkən onun müəllifi olduğu kitabları oxudum. Kamran müəllim həmin kitablarda həyatı böyük bir müdrikliklə təsvir edib. Çox şadam ki, Kamran Hüseynov haqqında kitabı yazmaq məhz mənə nəsib oldu. Çünki bu insan Azərbaycanda böyük işlər görüb, böyük iz qoyub”.
Kamran Hüseynovun qızı, Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri, siyasi elmlər doktoru, professor Hicran Hüseynova çıxış edərək atası ilə bağlı xoş xatirələri tədbir iştirakçıları ilə bölüşdü. Atasının xatirəsinə göstərilən diqqət və qayğıya görə ölkə Prezidentinə, Mədəniyyət və Turizm Nazirliyinə, əlaqədar təşkilatlara dərin təşəkkürünü bildirdi.
Qeyd edək ki, “Renessans” nəşriyyatında çap edilmiş “İlin beşinci fəsli. Kamran” kitabının məsləhətçisi professor Hicran Hüseynova, redaktoru Ələddin Əsədzadədir. Kitabda hazırda işğal altında olan qədim Zəngəzur-Qarabağ bölgəsindən erkən yaşlarında ayrılıb, mənalı ömrünü xalqının firavan həyatına həsr edən Kamran Əsəd oğlu Hüseynovun taleyindən və çoxcəhətli fəaliyyətindən söz açılır.

Lalə Azəri







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar