Dekabrın 15-də Bütöv Azərbaycan Konseyi Təşəbbüs Qrupu tərəfindən “21 Azər” hərəkatının 68-ci ildönümü münasibətilə Bakıda konfrans keçirildi.

1945-ci il dekabrın 12-də (İran təqvimi ilə 21 Azər) Cənubi Azərbaycanda Seyid Cəfər Pişəvərinin rəhbərliyi altında qələbə çalan hərəkat və bir il mövcud olan milli hökumət tariximizin unudulmaz səhifələrindən biridir.
Tədbir iştirakçıları əvvəlcə Fəxri xiyabanda “21 Azər” hərəkatının lideri Seyid Cəfər Pişəvərinin məzarını ziyarət etdilər.
“Ambassador” hotelində keçirilən tədbiri giriş sözü ilə açan Bütöv Azərbaycan Konseyinin məsulu Mərdan Seyidbəyli bildirdi ki, konfransın keçirilməsində məqsəd “21 Azər” hərəkatının mahiyyətini ictimai-siyasi həyatımızda gündəmdə saxlamaq, fəal gənclərimizi maarifləndirmək, o taylı-bu taylı azərbaycanlılar arasında ayrılmaz əlaqələri daha da gücləndirməkdən ibarətdir: “Seyid Cəfər Pişəvərinin başçılığı ilə aparılan “21 Azər” hərəkatı 12 dekabr 1945-ci ildə Azərbaycan milli hökumətinin qurulması ilə nəticələndi. Milli hökumət İranda Azərbaycan türklərinin milli muxtariyyət hüququnu tanıyan bir hökumət kimi fəaliyyətə başlamış, daha sonra isə müstəqil dövlətçilik istiqamətinə yönəlmişdir”.
Qeyd olundu ki, indi bizim müxtəlif ölkələrdə olan diaspor təşkilatlarının daha sıx birləşməsi və vahid hədəfə doğru bərabər addım atması vacibdir.
AMEA-nın elmi işçisi Yasəmən Qaraqoyunlu Seyid Cəfər Pişəvərinin həyat və fəaliyyətindən geniş danışaraq bildirdi ki, o, Azərbaycan xalqının XX əsrdə yetirdiyi böyük inqilabçı, dövlət xadimi, publisist və jurnalist olub.
Dünya Azərbaycanlıları Konqresinin daimi şurasının sədri Əjdər Tağızadə, “Damğa” dərgisinin baş redaktoru Hüseyn Hasan, tarixçi Cavid Barış və başqaları çıxış edərək türk dövlətlərini və xalqlarını birliyə səslədilər.
Qeyd edildi ki, Seyid Cəfər Pişəvərinin yeni aşkar edilmiş “21 Azər” hərəkatı və digər məsələlərdən bəhs edən “Nadirə” və “Məhunbanu” romanları yaxınlarda Azərbaycan dilində nəşr olunacaq.
Çıxışlarda Cənubi Azərbaycandakı soydaşlarımızın hüquqları, dil və mədəniyyətinin inkişafı ilə bağlı problemlərdən söz açıldı.
Tədbirdə tanınmış musiqiçilərin ifasında vətənpərvərlik mahnıları səsləndirildi. Cənubi Azərbaycandan olan ozan Yanar Sönməzin ifası böyük coşquya səbəb oldu. Konfransın sonunda bəyanat qəbul olundu.

Fariz Hüseynov







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar