“O həm öz xalqını, həm də türk dünyasını Yer kürəsində tanıdıb, özündən sonra misilsiz iz qoyub gedib”

Dekabrın 18-də mədəniyyət və turizm naziri Əbülfəs Qarayev türk dünyasının görkəmli yazıçısı Çingiz Aytmatovun 85 illik yubiley tədbirində iştirak etmək üçün Bakıya gəlmiş Qırğızıstanın mədəniyyət, informasiya və turizm nazirinin birinci müavini Akimbek Tekeşov, yazıçının oğlu “Çingiz Aytmatov adına Beynəlxalq Issık-Kul Forumu” ictimai birliyinin prezidenti Askar Aytmatov və kinorejissor, SSRİ Xalq artisti Bolotbek Şamşiyev ilə görüşdü.

Qonaqları salamlayan nazir bildirdi ki, iki qardaş ölkəni dərin mədəni və tarixi köklər birləşdirir. Ölkələrimiz arasında əlaqələr ildən-ilə genişlənir. Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Almazbek Atambayev ikitərəfli münasibətlərin inkişafına böyük önəm verirlər.
Qeyd olundu ki, iki ölkənin mədəniyyət xadimlərinin də qarşılıqlı əlaqələrin inkişafında mühüm rolu var. Birgə tədbirlərdə iştirak edən incəsənət ustalarımız ölkələrimizin tarixini, ədəbiyyatını, musiqisini təbliğ edərək xalqlarımız arasında dostluq və qardaşlığın daha da möhkəmlənməsinə xidmət edirlər.
Nazir Çingiz Aytmatovun 85 illik yubileyinin Azərbaycanda keçirilməsi ilə bağlı görülən işlər haqqında danışaraq bildirdi ki, görkəmli yazıçı həm öz xalqını, həm də böyük türk dünyasını Yer kürəsində tanıdıb, özündən sonra misilsiz iz qoyub gedib. Bu gün dünya şöhrətli yazıçının yubileyi təkcə doğulduğu Qırğızıstanda deyil, türkdilli ölkələrin hər birində qeyd edilir. Aytmatovun şəxsiyyətinə və yaradıcılığına Azərbaycanda da böyük hörmət və ehtiram var. Onun yaradıcılığı, fəlsəfəsi bütün türk xalqlarının qəlbindədir. Bu gün onun irsi nəsildən-nəslə ötürülərək daim yaşayır və əbədi olaraq yaşayacaq.
Qırğızıstanlı qonaqlar səmimi qəbula görə nazir Əbülfəs Qarayevə təşəkkür etdilər, şəhərimizlə tanışlıq, müasir Azərbaycanla bağlı təəssüratlarını bölüşdülər. Nümayəndə heyəti Çingiz Aytmatovun 85 illik yubileyinin Azərbaycanda qeyd olunmasından məmnunluq ifadə edərək tədbirin keçirilməsi üçün təşəbbüs göstərən Azərbaycan rəhbərliyinə, Mədəniyyət və Turizm Nazirliyinə Qırğızıstan ədəbiyyatına və Çingiz Aytmatov yaradıcılığına verilən yüksək qiymətə görə dərin minnətdarlığını bildirdi.

Lalə Azəri







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar