Dünya şöhrətli Çingiz Aytmatovun 85 illiyi Bakıda qeyd olundu

Bu Qələm-Çingiz Qılınc-Çingizdən fərqli olaraq ayrı-ayrı məmləkətləri yox, bütün ölkələrin könüllərini fəth edib və etməkdədir. Qədimdəki Çingiz bənzərsiz sərkərdə, misilsiz siyasət-rəyasət Xanı idi, çağdaş Çingiz total sənət-mədəniyyət Xanı. Əllərindəki əşyalar - qılıncla qələm qardaş, isimləri adaş. 2000-ci ilin başlanğıcında Avropa (sabiq “səlib”çi!) Qılınc Çingizi “minilliyin adamı” elan etdi və... ya qismət, 3000-ci ilin başında da Qələm-Çingizi “minilliyin ədibi” adlandırarlar...

Elə dekabrın 18-də Akademik Milli Dram Teatrında dünya şöhrətli bu sənətkarın 85 illiyinə həsr olunmuş təntənəli tədbirin açılışı kimi səslənən (çox qədimi taktları ilə Altaylardan üzübərini ehtiva edən) musiqi parçası, burada söylənən sözlər, rəngarəng geyimlər, bütün səhnə mizan-düzəni də yuxarıdakı fikirlərə mənbə-mənsəb təsirində idi.
Mərasimi giriş sözü ilə açıb, salon dolu tamaşaçıları, Qırğızıstandan gəlmiş qonaq-qardaşlarımızı salamlayan mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Çingiz Aytmatovu “Milyonlarla insan düşüncələrinin həmrəyliyini yaradan” korifey kimi dəyərləndirdi. Əlavə etdi ki, “bəşəri problemlər düşünəni” kimi tanınan bu ədibin yaratdığı obrazlar həm də tarixi yaddaşın daşıyıcılarıdır: “Ümummilli lider Heydər Əliyev Çingiz Aytmatovun yaradıcılığını hələ ötən əsrin 60-cı illərində yüksək qiymətləndirmişdir. Azərbaycan Prezidenti İlham Əliyev böyük ədibi ölkəmizdə keçirilən bütün beynəlxalq forumlara dəvət etmiş, onu “Dostluq” ordeni ilə mükafatlandırmışdır. Biz əminik ki, türk xalqları arasındakı dostluq və qardaşlıq əlaqələri içərisində çox önəmli yer tutan Çingiz Aytmatovun söz körpüsü hər zaman var olacaqdır”.
Xalq yazıçısı Anar çıxışında Çingiz Aytmatovu “bizim İsa Hüseynovla birgə Azərbaycan ədəbiyyatının “altmışıncılar” nəslinə yeni, demokratik üslub və fikirlər aşılayan ədiblərdən biri kimi təqdim etdi, onun Azərbaycan sənətkarları ilə çox yaxın dostluq əlaqələrindən söhbət açdı.
Xalq artisti İlham Əsgərovun, başqa aktyor və aktrisaların Aytmatov yaradıcılığından təqdim etdikləri parçalar, Əməkdar artist Azərinin ifa etdiyi qırğız mahnısı, “Əsrə bərabər gün” romanından məlum və məşhur manqurt səhnəciyi tamaşaçılarda duyğulu təəssüratlar oyatdı.
Mərasimdə iştirak edən qonaqlar - Qırğızıstanın mədəniyyət, informasiya və turizm nazirinin birinci müavini Akimbek Tekeşov, tanınmış qırğız kinorejissoru Bolotbek Şamşiyev, ədibin oğlu Askar Aytmatov da əsasən Azərbaycan ziyalılarının cəmləşdiyi salona dünya şöhrətli sənətkarla ilgili maraqlı xatirələr söylədilər...
... Və bir daha hiss olundu ki, bu dahi yazıçı hələ çox belə tədbirlərə, sevgi və məhəbbət dolu təntənəli yığıncaqlara -

Səbəbkar olacaq...

...Sözügedən tədbirin bu maraqlı səhnə traktovkasındakı ümumi ab-havası dünyanın həyat və sənət duallığı ilə bahəm olum və ölüm “tərəf-müqabil”liyi haqda da duyğular oyatdı. Dahi Şekspir bu “gəlim-gedim”i öz dahiyanə xitabı ilə bir qədər virtuallaşdırmış olsa da, Olum və Ölüm mütləqdir. Ancaq ... elə bu xitab müəllifi də daxil olmaqla, əsl dahilərin timsalında bunlardan ikincisi nisbidir. Hətta ölüm - onların olumlarının bir daha fərqinə varma, onları başqalarından bir daha fərqləndirib-seçkinləşdirmə elementi, onlara bəslənilən ümumdünyəvi sevgilərə «şirin» bir yanğı əlavəsi kimi də dəyərlənir...
Sağlığında adama elə gəlirdi ki, Ç.Aytmatov dünyanın yazılması mümkün və vacib olan hər şeyi, hər üzü haqda yazıb-qurtarmaqdadır. Və... maraqlıdır, o, doğrudan da bu dünyanın ən böyük hissləri, mətləb-mənaları haqda düşündü, danışdı, yazdı - öz ölüm «mövzu»sundan savayı...
O, hər şey haqda elə düşündü, elə yazdı ki, bəhs etdiyi o obyektlər, subyektlər, predmetlər ya yalnız qeyri-adi sevgilərə qərq oldu, ya da yalnız qeyri-adi nifrətlərə məruz qaldı. Deyirəm, bəlkə başqa olum-ölümlər haqda yazdıqlarını, dolayısıyla, elə onun öz gəlim-gediminə də şamil etmək olar - təkrarsız «Əsrə bərabər gün» əsərinin sonuna bir cəm şəkilçisi (lər) əlavə etməklə... Real olduğu qədər də antik, fantasmaqorik bir bəşəri obraz təsiri bağışlayan Adıgeyin folklor timsallı olum-ölümü kimi...
Ç.Aytmatovun xəstə yatdığı çağlarda mən belə-belə düşüncələrə də dalardım... və bir də onda ayıldım ki, öz böyük söz sənəti ilə dünyanı xeyli dəyişmiş bu sənət Xanı dünyasını dəyişib...

Aytmatov tabloları

«Dəniz kənarıyla qaçan alabaş» povestində çılın-çılpaq halda o yan-bu yana yüyürən balaca oğlunu bir daha diqqətlə süzüb, onun bütünlüklə öz ərinə bənzədiyini görən ananın keçirdiyi fərəh hissləri... O qadının öz rəfiqəsinin qulağına əyilib, müqəddəs bir həya və utancaqlıqla dedikləri... Bu uşağın gələcək yarının necə xoşbəxt bir qadın həyatı, eşq, məhəbbət macəraları yaşayacağı haqda söylədikləri... Bunlar rəssam işi deyil! Bunları ancaq Aytmatov qələm-fırçası çəkə bilər...
Həmin ananı, yaxud digər əsərlərindəki anaları, bacıları, ataları, stansiya nəzarətçisini, dissidenti, zabiti, dustağı, hətta canavarı, iti, atı... - əlbəttə, müəllif danışdırır. Ancaq hər müəllifmi öz obrazlarını belə danışdıra bilir? Yox, Aytmatov “tor”unun kilkələrlə işi yox! Söz Aytmatovun dilində mum kimidir; hara istəsə əyir, lakin sonda onları düppədüz düzəldib, ecazkar sərkərdə kimi düzləndirir. Hiss Aytmatovun qəlbində qıjov çay kimidir - həmişə çağlayır, daim təlatümlüdür. «Əsrə bərabər gün»də dünyanın bu başından o başına gedən qatar obrazını şərhə dayandırsan, nələrlə rastlaşmazsan? Dünyanın ən tutumlu hadisələrilə, ən yazıq insanları, qul qulluqçuları, rəzil vəzifəliləri, ən qəddar tiranları ilə. «Maşinist»-ədib bu qatarın «sərnişin»lərinin hərəsini öz tale mənzilinə, niyyət istiqamətinə aparır. Dövrandan, siyasi «auksion»lardan tutmuş, çox-çox müxtəlif vəzifə, insaniyyət peşələri daşıyan insanlara qədər - hər kəs, hər şey bu fenomenal ədib-«dirijor»un əsrarəngiz qələm-«çubuğu» ilə idarə olunur və hər kəs, hər şey “könüllü” bir özünüifaya, özünüifadəyə məruz qalır.
Ç.Aytmatov daha çox Şərqə, şərqliyə məxsus bir fəlsəfəni də öz yüksək sənətkarlıq məharətilə verib; arvad, at, papaq. Bu üçbucaq türk-müsəlman dünyası üçün «Bermud üçbucağı» qədər sirli-sehrli olub tarixən. Çingizin Gülsarısı («Əlvida, Gülsarı!») atın və onu əhliləşdirən türklərin bu vəfalı və xilaskar heyvana sevgisinin abidəsi timsalındadır. «Yalquzaq»dakı canavar da həmçinin. Həmin obraz «boz qurd» haqdakı bütün mifik, real-irreal təfəkkür və düşüncələrimizi ehtiva edir və bunlar Ç.Aytmatovun, bir növ, «tərcümeyi-hal»ı kimi də canlanır.

Aytmatov ömrü...

Çingizin atasını və qardaşlarını 1937-də həbs etmiş, 38-də güllələmişdilər. VIII sinfi bitirib Cambul Zootexnikumunda oxumağa vadar olan Çingiz 1948-ci ildə Bişkek Kənd Təsərrüfatı Universitetinə, 1956-da - atasına siyasi bəraət verildikdən sonra isə Moskva Ali Ədəbiyyat İnstitununa daxil ola bilir. Və sonra 3 dəfə SSRİ Dövlət mükafatı, Lenin mükafatı, Sosialist Əməyi Qəhrəmanı, Xalq yazıçısı fəxri adları (?!). Sovet rəhbərliyi «Əsrə bərabər gün» romanını «Nobel» mükafatından sapındırsa da, bütün sovet oxucularının onun qələmindən çıxanları «dünyaya bərabər əsərlər» adlandırmasını qadağan edə bilmədi...
Ç.Aytmatovun həyatı da yaradıcılığı qədər maraqlı, obrazları qədər duyğusal-dramatik, fikirləri qədər idiomatik-qanadlı olub. Onunla dost, yaxın olmaq şərəfinə nail olanlar danışırlar ki, Çingizin şifahi beş sözündən, üç fikrindən biri ciddi bir əsər mövzusu idi. Bunlardan bir-iki nümunəni də mən gətirə bilərəm. Ünlü şairimiz B.Vahabzadənin 60 illik yubileyində (1974) iştirak edən Çingiz belə bir fikir işlətdi: «İstedad da, karvan kimi gəzib-dolanır dünyamızı. Son qərinədə o karvan - Bəxtiyar Vahabzadənin timsalında Azərbaycanda - Bakıda xıxıb...»
Həmin vaxtlar «qorxulu beşlik» kimi tanınan dostlarla - Bəxtiyar Vahabzadə, Xudu Məmmədov, Nurəddin Rzayev, Zeynal Məmmədov və Şahmar Əkbərzadə ilə yaxından tanış olmuş bu dünya məşhuru Qırğızıstana qayıtdıqdan bir gün sonra bu dostların hərəsinə bir teleqram vurmuşdu. Sözügedən «qorxulu beşliyin» milli-gizli söhbətlər üçün tez-tez «Bakı-Tbilisi» sərnişin qatarı ilə «ora və geri» səfərlərindən xəbərdar olan Aytmatov Azərbaycanın ziyalılıq və iddiasız millilik meyarlarından sayılan Xudu Məmmədova yazırdı: «Siz məndən təkcə 1 il 2 gün yox, bütün parametrlərlə böyüksünüz, mənim əziz Xudu müəllimim!..». Qarabağın tanınmış ziyalısı Zeynal Məmmədova teleqramından: «Xoşbəxtsiniz ki, sizdə bir kupelik o sayaq sərnişinlər var...»
Dünya dəyişir və hələ çox dəyişəcək. Sürəti qat-qat çoxalası - təyyarəyə, raketə bərabər qatarlar yaranacaq. Ancaq Ç.Aytmatovun fəlsəfə yüklü o qatarının bədii fiti zaman-zaman dünyanın ayıq və oyaq oxucularının qulaqlarında səslənəcək, səslənəcək, səslənəcək...

Tahir Abbaslı







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar