Qurumun 20 illik fəaliyyətinə həsr olunmuş konfrans keçirildi

Dekabrın 24-də “Qafqaz Baku City” hotelində Beynəlxalq Muzeylər Şurasının (İCOM) Azərbaycan Milli Komitəsinin təşkilatçılığı ilə “İCOM Azərbaycan Milli Komitəsi mədəni irsin mühafizəsində” mövzusunda konfrans keçirildi.

Konfrans İCOM Azərbaycan Milli Komitəsinin Beynəlxalq Muzeylər Şurasına üzv qəbul olunmasının 20 illiyinə həsr olunmuşdu. İCOM - muzey və muzey mütəxəssislərinin 1946-cı ildə yaradılmış beynəlxalq təşkilatıdır. Qurum UNESCO-nun tərəfdaşı olmaqla yanaşı, BMT-nin İqtisadi və Sosial Şurasında məşvərətçi statusa malikdir.
Konfransda çıxış edən mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva tədbirin əhəmiyyətini yüksək dəyərləndirdi, Azərbaycanla UNESCO arasında əməkdaşlıqdan söz açdı. Nazir müavini bu əməkdaşlığın inkişafında Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın səylərini xüsusi qeyd etdi. Bildirdi ki, Heydər Əliyev Fondu mədəni irsin, o cümlədən istər ölkəmizdə, istərsə də xaricdə tarixi və mədəniyyət abidələrinin qorunub saxlanılmasına və bərpa edilməsinə böyük diqqət yetirir.
Qeyd olundu ki, Azərbaycan dövləti xalqımızın milli mədəni dəyərlərinin qorunmasına çox böyük önəm verir. Ölkəmizin UNESCO ilə sıx əməkdaşlığı bu işə mühüm töhfədir. Azərbaycan muğamının, aşıq sənətinin və xalçaçılığın, tar ifaçılığının və Novruz bayramının, xalqımızın maddi-mənəvi irsinin qiymətli nümunələrinin, həmçinin milli mədəniyyətimizin və elmimizin görkəmli nümayəndələrinin təbliğinin UNESCO tərəfindən diqqət mərkəzində saxlanılması ölkəmizlə bu mötəbər beynəlxalq təşkilat arasında əlaqələrin yüksək səviyyəsinin bariz nümunəsidir: “UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin 8-ci sessiyasının Bakıda keçirilməsi də bunu bir daha sübut edir. Sessiyada çövkən milli oyunumuzun UNESCO-nun “Təcili qorumaya ehtiyacı olan qeyri-maddi mədəni irs siyahısı”na salınması mədəniyyət tariximizdə növbəti uğurlardan biridir”.
Azərbaycanda muzey işinin müasir tələblər baxımından yenidən qurulması istiqamətində görülmüş işlərdən söz açan nazir müavini qeyd etdi ki, son illərdə Prezident İlham Əliyev tərəfindən bu sahənin inkişafına təkan verən 15-dən çox sərəncam imzalanıb.
Sevda Məmmədəliyeva İCOM Azərbaycan Milli Komitəsinin işini yüksək qiymətləndirərək MDB ölkələri arasında Azərbaycanın ilk olaraq bu təşkilata üzv qəbul olunduğunu da diqqətə çatdırdı.
UNESCO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının birinci katibi Günay Əfəndiyeva ölkəmizdə mədəni irsin qorunması istiqamətində həyata keçirilən layihələrdən danışdı: “İCOM Azərbaycan Milli Komitəsinin Beynəlxalq Muzeylər Şurasına üzv qəbul olunmasından ötən 20 il ərzində mədəni irsimizin qorunmasında çox böyük uğurlar qazanmışıq”.
Günay Əfəndiyeva daha sonra UNESCO-nun Moskva bürosunun direktorunun İCOM Azərbaycan Milli Komitəsinin 20 illiyi ilə əlaqədar təbrik məktubunu tədbir iştirakçılarının diqqətinə çatdırdı.
Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin direktoru, İCOM Azərbaycan Milli Komitəsinin sədri Röya Tağıyeva “İCOM Azərbaycan Milli Komitəsinin fəaliyyəti dövründə əsas nailiyyətləri” mövzusunda məruzə ilə çıxış etdi. Qeyd olundu ki, 1993-cü ildən İCOM Azərbaycan Milli Komitəsi Beynəlxalq Muzeylər Şurasına üzv qəbul edilib. Milli Komitə respublikamızın 38 muzey, 61 fərdi və 3 kollektiv üzvünü özündə birləşdirir.
Bildirildi ki, Milli Komitə yarandığı gündən muzeylərin beynəlxalq arenaya çıxmasına, mədəni irsin qorunub saxlanılmasına, dünya muzeylərinin təcrübəsindən bəhrələnməsinə, qarşılıqlı əlaqələrə şərait yaradıb, mədəni dəyərlərin qeyri-qanuni ticarətinə qarşı mübarizə sahəsində mütəmadi işlər görülüb. Beynəlxalq Muzeylər Şurasının Azərbaycan Milli Komitəsi tərəfindən ölkəmizin mədəni sərvətlərinin qorunması və beynəlxalq konvensiyalara qoşulması məqsədilə beynəlxalq konfrans keçirilib. Milli Komitə tərəfindən “Mədəni irsin qorunmasına dair normativ hüquqi aktlar toplusu” nəşr edilib. İşğal edilmiş ərazilərdə qalan 22 muzey və 4 şəkil qalereyası, onların fondlarında qalmış 100 mindən artıq eksponat, külli miqdarda arxeoloji və memarlıq abidələri barədə məlumatlar Milli Komitə tərəfindən toplanıb və UNESCO vasitəsilə Azərbaycan xalqının mədəni irsinin müdafiə olunması məqsədilə müraciət qəbul olunub.
Konfransda muzey işində müasir tendensiyalarla bağlı müzakirələr aparıldı.

Fariz Hüseynov







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar