2013-cü ilin yaddaqalan mədəniyyət və turizm hadisələri

Xalqımız və dövlətimiz üçün bir sıra əlamətdar hadisələrlə zəngin olan daha bir il başa çatır. 2013-cü il ölkə həyatının digər istiqamətləri kimi, mədəniyyət sahəsi və turizm sektoru üçün də uğurlu oldu. Respublikamızın hərtərəfli inkişafı, regional və beynəlxalq nüfuzunun artması həyata keçirilən rəngarəng mədəniyyət layihələrində, turizm proqramlarında da özünü göstərdi. Bu il Azərbaycan bir sıra beynəlxalq tədbirlərə, forum, festival, müsabiqə və sərgilərə ev sahibliyi edərək dünyanın diqqətini özünün zəngin mədəni irsinə, incəsənət dünyasına və təbii ki, gün-gündən gözəlləşən, yeniləşən, gözoxşayan paytaxtımıza və bölgələrimizə cəlb etdi.
Biz də “Mədəniyyət” qəzeti olaraq bütün bu tədbirləri, yenilikləri dolğun şəkildə oxuculara çatdırmağa çalışdıq. İlin son sayında arxaya dönüb ölkəmizin mədəniyyət və turizm həyatının əlamətdar hadisələrini qısa da olsa xatırlamaq istərdik.


Yanvarın 25-də Muzey Mərkəzində 2012-ci ildə Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilmiş II Respublika dekorativ-tətbiqi sənət festivalının yekun sərgisi açıldı. 
* * *
11-15 fevral tarixində Mədəniyyət və Turizm Nazirliyi və Bakı Şəhər Baş Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə paytaxt məktəblərində "Cizgi filmləri həftəsi" gerçəkləşdi.
Fevralın 20-də C.Cabbarlı adına Respublika Gənclər Kitabxanasında AZLİBNET Milli Kitabxana-İnformasiya Mərkəzinin (www.azlibnet.az) təqdimat mərasimi oldu.
“Mədəniyyət haqqında” 2012-ci il 21 dekabr tarixli yeni qanun fevralın 15-də rəsmi mətbuatda dərc olunaraq qüvvəyə mindi.
Fevralın 19-da Mədəniyyət və Turizm Nazirliyinin "Xalq Yaradıcılığı Paytaxtları" proqramına əsasən 2013-cü ilin “Əfsanələr paytaxtı" (Xaçmaz), "Folklor paytaxtı" (Zaqatala) və "Sənətkarlıq paytaxtı"nın (Göygöl) təqdimat mərasimi keçirildi.
Fevralın 22-də "Azərbaycan 2020: mədəni irs prioritet inkişaf istiqamətlərindən biri kimi" mövzusunda konfrans keçirildi. Ölkə Prezidentinin 29 dekabr 2012-ci il tarixli fərmanı ilə təsdiq edilən "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının mədəni irslə bağlı müddəaları, qarşıda duran vəzifələr müzakirə olundu.
Fevralın 27-28-də Vyanada (Avstriya) keçirilən BMT-nin Sivilizasiyalar Alyansının V Dünya Forumunda mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəhbərliyi ilə Azərbaycanın nümayəndə heyəti iştirak etdi.
* * *
Martın 1-də Prezident İlham Əliyev Azərbaycanda peşəkar milli teatrın yaradılmasının 140 illik yubileyi və 10 mart tarixinin “Milli Teatr Günü” kimi qeyd edilməsi haqqında sərəncamlar imzaladı.
Martın 9-dan 19-dək Heydər Əliyev Fondu, Mədəniyyət və Turizm Nazirliyi və Bəstəkarlar İttifaqının təşkilatçılığı ilə “Muğam aləmi” III Beynəlxalq Muğam Festivalı keçirildi. Festival çərçivəsində beynəlxalq muğam müsabiqəsi və elmi simpoziumu gerçəkləşdi.
Martın 15-də Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə şəhər (rayon) mədəniyyət və turizm şöbələrinin fəaliyyətinə həsr olunmuş “Regionlarda mədəniyyət və turizm: 2012-ci ilin yekunları” mövzusunda respublika müşavirəsi keçirildi.
 * * *
Aprelin 4-dən 6-dək «Baku Expo» sərgi kompleksində keçirilən 12-ci Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisində (“AİTF-2013”) 35 ölkə iştirak etdi.
Aprel ayında Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə uşaq xor kollektivlərinin VIII Respublika müsabiqəsi keçirildi.
Aprelin 14-dən 19-dək Bakıda Qara Qarayev adına V Beynəlxalq Müasir Musiqi Festivalı gerçəkləşdi.
Aprelin 15-16-da mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti Moskvada Avropa Şurası ölkələri mədəniyyət nazirlərinin X konfransında iştirak etdi.
18 aprel - Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğunda təntənə ilə qeyd edildi.
Həmin gün Azərbaycan Dövlət Musiqili Teatrının binasının əsaslı bərpa və yenidənqurma işlərindən sonra açılışı oldu.
Aprelin 23-də Polşanın qədim paytaxtı Qniezno şəhərində Azərbaycan-Polşa diplomatik əlaqələrinin qurulmasının 540, bərpasının 20 illiyi ilə əlaqədar “Dostluq” abidəsinin açılışı və Azərbaycan incəsənət ustalarının iştirakı ilə muğam konserti keçirildi.
Aprelin 30-da ümummilli liderin 90 illiyi münasibətilə “Heydər Əliyev və muzeylərimiz” mövzusunda konfrans keçirildi.
 * * *
Mayın 2-də nazirliyin təşkilatçılığı ilə respublikanın incəsənət və musiqi məktəbləri şagirdləri arasında ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr edilmiş "Azərbaycan mədəniyyəti" mövzusunda bilik müsabiqəsinin yekun turu oldu.
Mayın 7-də Mədəniyyət və Turizm Nazirliyinin “Qızıl kəlmə” ədəbi mükafatının 2013-cü il üzrə qaliblərə təqdim olunması mərasimi keçirildi.
Mayın 10-da Muzey Mərkəzində ulu öndər Heydər Əliyevin 90 illiyinə həsr olunmuş “Bakı dünən, bu gün, sabah” respublika müsabiqəsinin yekun sərgisi açıldı.
18 may - Beynəlxalq Muzeylər Günündə yazıçı-dramaturq, dövlət xadimi Nəriman Nərimanovun Bakıdakı xatirə muzeyində əsaslı təmir və tərtibat işlərindən sonra yeni ekspozisiyanın açılışı oldu.
May ayında Qobustan Milli Tarix-Bədii Qoruğu 2013-cü il üzrə “Avropada İlin Muzeyi” müsabiqəsində xüsusi mükafata layiq görüldü.
29 may-1 iyun tarixlərində Bakıda II Dünya Mədəniyyətlərarası Dialoq Forumu keçirildi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi ilə "Çoxmədəniyyətli dünyada sülh şəraitində birgə yaşama" şüarı altında gerçəkləşən forumda 100-dək ölkənin nümayəndələri iştirak etdi.
 * * *
İyunun 12-dən 16-dək Masallı rayonunda ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş II Beynəlxalq Folklor Festivalı keçirildi.
İyunun 14-də Muzey Mərkəzində Azərbaycan tarixi mövzusunda “Əsrlər-nəsillər” adlı respublika rəsm müsabiqəsinin yekun sərgisi açıldı.
İyunun 25-də Heydər Əliyev Sarayında Azərbaycan peşəkar milli teatrının yaranmasının 140 illiyinə həsr olunmuş təntənəli mərasim keçirildi.
Həmin gün dövlət başçısı teatr xadimlərinə fəxri adların verilməsi haqqında sərəncam imzaladı.
İyunun 25-də Nizami Kino Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin “Zirvə” mükafatının 2013-cü il üzrə qaliblərə təqdim olunması mərasimi keçirildi.
İyunun 28-dən iyulun 4-dək Şəkidə Mədəniyyət və Turizm Nazirliyi, Bəstəkarlar İttifaqı və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə IV “İpək yolu” Beynəlxalq Musiqi Festivalı keçirildi.
* * *
İyulun 2-3-də Bakıda Mədəniyyət və Turizm Nazirliyi və AMEA-nın Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun təşkilatçılığı ilə azərbaycanlı sufi mütəfəkkir Seyid Yəhya Bakuvinin (Şirvani) vəfatının 550 illiyinə həsr olunmuş beynəlxalq elmi konfrans keçirildi
İyulun 18-də Azərbaycanın UNESCO-ya üzvlüyünün 20 illiyi münasibətilə Parisdə keçirilən mərasimdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev və təşkilatın baş direktoru İrina Bokova Azərbaycan hökuməti ilə UNESCO arasında əməkdaşlıq üzrə çərçivə sazişi imzaladılar.
İyulun 24-dən avqustun 5-dək Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən V Qəbələ Beynəlxalq Musiqi Festivalında 10-dan çox ölkədən məşhur ifaçı və kollektivlər iştirak etdi.
* * *
2 avqust - Milli Kino Günündə “Azərbaycanfilm”in istehsalı olan “Dərvişin qeydləri” (rejissor Eldar Quliyev) bədii filminin təqdimatı oldu.
24-29 avqust tarixində Afrikanın Zambiya və Zimbabve respublikalarının birgə təşkilatçılığı ilə Birləşmiş Millətlər Dünya Turizm Təşkilatının (UNWTO) Baş Assambleyasının 20-ci sessiyasında Azərbaycan qurumun İcraiyyə Şurasına üzv seçildi.
* * *
2-11 sentyabr tarixində TÜRKSOY-un 20 illik yubileyi ilə əlaqədar Bakıda türkdilli ölkələrin fotoqraflarının görüşü keçirildi.
Sentyabrın 17-də UNESCO-nun Parisdəki mənzil-qərargahında dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasının 100 illiyi qeyd edildi.
18-28 sentyabr tarixində Heydər Əliyev Fondunun və Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə V Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı gerçəkləşdi.
23-25 sentyabr tarixində ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr edilmiş III Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında 100-dən çox yerli və 20-dək xarici ölkə nəşriyyat, poliqrafiya müəssisəsi iştirak etdi. Bakıda Avropa Milli Kitabxanaları Konfransı (CENL) və Avrasiya Kitabxanalar Assambleyası Əməkdaşlıq Təşkilatının iclasları keçirildi.
Sentyabrın 25-də Azərbaycan Milli Kitabxanasının 90 illik yubileyi qeyd edildi.
Sentyabrın 26-da Nizami Kino Mərkəzində Azərbaycan və Türkiyənin birgə istehsalı olan “Mahmud və Məryəm" filminin təqdimatı oldu.
27 sentyabr - Dünya Turizm Günü ənənəvi olaraq ölkəmizdə də qeyd edildi.
Sentyabrın 30-da Nizami Kino Mərkəzində “Azərbaycanfilm” kinostudiyasının 90 illik yubileyi təntənəli şəkildə qeyd olundu.
* * *
Oktyabrın 1-2-də Ankarada TÜRKSOY-un 20 illik yubileyinə həsr olunmuş tədbirlərdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti iştirak etdi.
23 oktyabr - 2 noyabr tarixlərində Bakı növbəti beynəlxalq musiqi tədbirinə - caz festivalına ev sahibliyi etdi.
Oktyabrın 25-də Milli İncəsənət Muzeyinin yeni korpusunda “Azərbaycan incəsənəti minilliklər boyu” adlı sərgi açıldı.
* * *
31 oktyabr - 5 noyabr tarixlərində ümummilli lideri Heydər Əliyevin 90 illiyinə həsr olunmuş I Bakı Beynəlxalq Memarlıq Müsabiqəsində 29 ölkə təmsil olundu.
Noyabrın 5-dən 10-dək Mədəniyyət və Turizm Nazirliyi, “Kukla” art qalereyası və Muzey Mərkəzinin təşkilatçılığı ilə keçirilən “Fusion doll” II Bakı Beynəlxalq Kukla Biennalesinə 13 ölkə müəlliflərinin əl işləri nümayiş etdirildi.
Noyabrın 9-dan 16-dək Mədəniyyət və Turizm Nazirliyi və Beynəlxalq Kukla Teatrları Assosiasiyasının (UNİMA) birgə təşkilatçılığı ilə Bakıda “Cırtdan” II Beynəlxalq Kukla Teatrları Festivalı gerçəkləşdi.
20-24 noyabr tarixində keçirilən I Bakı Beynəlxalq Turizm Filmləri Festivalında 31 ölkədən 78 film iştirak etdi.
* * *
Dekabrın 2-dən 8-dək Bakıda UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin 8-ci sessiyası keçirildi. Sessiyada 116 ölkədən nümayəndələr iştirak edirdi. Dekabrın 3-də çövkən - Azərbaycan Respublikasının ənənəvi Qarabağ atüstü oyunu UNESCO-nun “Təcili qorunmaya ehtiyacı olan qeyri-maddi mədəni irs siyahısı”na daxil edildi.
Dekabrın 15-dən 20-dək Şəki rayonunun Daşüz kəndindəki Respublika Atçılıq Turizm Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Prezident kuboku uğrunda VIII çövkən milli oyunu keçirildi.
Dekabrın 21-də Azərbaycan təmsilçisi Fərid Həsənov Əskişəhərdə ilk dəfə təşkil olunan “Türkvizyon” beynəlxalq musiqi müsabiqəsinin qalibi oldu.
* * *
Bu il görkəmli sənətkarlar - SSRİ xalq artistləri Mirzağa Əliyevin 130, Hökümə Qurbanovanın 100, Azərbaycanın xalq artistləri Əliağa Ağayevin və Mirzə Babayevin 100, şair-dramaturq İslam Səfərlinin 90, Xalq şairi Nigar Rəfibəylinin 100, Xalq şairi Məmməd Arazın 80 illiyi, dünya şöhrətli qırğız yazıçısı Çingiz Aytmatovun 85 illiyi qeyd edildi.
2013-cü il mədəniyyətimiz üçün itkilərsiz də ötüşmədi. SSRİ Xalq rəssamı Toğrul Nərimanbəyov, xalq artistləri - görkəmli aktyorlar Nodar Şaşıqoğlu, Siyavuş Aslan, xanəndə Tələt Qasımov, musiqişünas Məcnun Kərim dünyasını dəyişdi.
* * *
2014-cü ildə ölkə həyatının digər sahələri kimi, mədəniyyət və turizm sahəsi də mühüm hadisələr, beynəlxalq tədbirlərlə zəngin olacaq. Biz də yeni ildən xalqımız və dövlətimiz üçün daha böyük nailiyyətlər gözləyirik. Buna hamılıqla, milli həmrəylik içində çalışaraq nail olmalıyıq. Təsadüfi deyil ki, biz hər ili təqvimdə milli həmrəyliyimizi ifadə edən tarixi günlə başa vururuq. Xalqımızı və bütün soydaşlarımızı qarşıdan gələn 2014-cü il və 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə təbrik edirik.

“Mədəniyyət”







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar