Mədəniyyət və Turizm Nazirliyinin “2010-2014-cü illər üçün Xalq Yaradıcılığı Paytaxtları” proqramı çərçivəsində bu il “paytaxt” elan edilmiş bölgələrə son media turu dekabrın 23-də Xaçmaz şəhərində gerçəkləşdi. Nazirliyin Mədəniyyət siyasəti şöbəsinin müdiri Fikrət Babayev, şöbənin aparıcı məsləhətçisi Rəşad Əliyev, nazirliyin mətbuat katibi Zöhrə Əliyeva, KİV nümayəndələrinin iştirak etdiyi turun məqsədi “Əfsanələr paytaxtı”nda il ərzində görülən işlərlə tanış olmaq, layihənin bölgələrin mədəni həyatında rolu barədə məlumat almaq idi.

Rayon rəhbərliyi tərəfindən qarşılandıqdan sonra əvvəlcə Xaçmaz şəhərinin gözəl guşələrindən birində yerləşən, yeni inşa olunan Diyarşünaslıq Muzeyinin yaxınlığında açıq havada yaradılmış Şəxsiyyətlər Muzeyinə baş çəkdik. Tariximizin, mədəniyyətimizin görkəmli simalarının büstlərinin ucaldıldığı park-muzey buraya gələnlərdə zəngin təəssürat yaradır, keçmişimizlə, xalqımızın dəyərli övladları ilə fəxarət hissi keçirməyə sövq edir.
Burada vətənpərvərlik ruhlu mahnılardan, balaca rəqqasların ifasında şux rəqslərdən ibarət konsert proqramının təqdim olunması hər kəsdə xoş əhval yaratdı.

Sərgiyə baxış

Konsert proqramından sonra nəfis tərtibatı ilə seçilən Diyarşünaslıq Muzeyində yerli rəssamların əl işlərindən ibarət sərgiyə baxış keçirildi. Sərgi Xaçmazın yalnız mühüm turizm məkanı deyil, eyni zamanda zəngin xalq yaradıcılığı, sənət ənənəsi olan bölgə olduğunu nümayiş etdirirdi. Rəsm əsərlərinin, əl işlərinin sərgiləndiyi ekspozisiyada hər bir nümunə göz oxşayırdı, diqqəti onu yaradan insanın daxili aləminə yönəldirdi.
Daş üzərində oyma üsulu ilə çəkilmiş rəsmlərin müəllifi ilə ayaqüstü söhbətləşdik. Ədalət Elman bu sənət növü ilə uzun illərdir məşğul olduğunu dedi: “Əsasən daşlardan heykəl və barelyeflər hazırlayıram, onların üzərinə oyma üsulu ilə portretlər, təbiət mənzərələri həkk edirəm. Bir çox respublika səviyyəli sərgilərin iştirakçısı olmuşam. Üç fərdi sərgim təşkil edilib, onlardan biri Moldovada, digəri Bakıda, sonuncusu isə burada - Xaçmaz rayonunda baş tutub. Bir çox fəxri fərman və diplomlarla təltif olunmuşam”.
Heyrətamiz rəsm və portretlərlə soyuq daşlara sanki istilik bəxş edən müsahibim sənətinə göstərilən diqqətdən də razılıq etdi, ancaq bir çox əsərlərini satmağa əli gəlmədiyini dedi: “Bilirsiniz ki, çay daşları digər daşlardan fərqli olaraq qəlpə verdiyi üçün onun üzərində işləmək olduqca çətindir. Ancaq bütün bu çətinlikləri aşdıqdan sonra yaratdığınız əsər sizə əziz olur, bir parçanıza çevrilir. Yəqin ki, bu səbəbdən bəzən yaxşı pul verildikdə belə satmağa çətinlik çəkirik”.
Kətan iplərdən gözəl rəsmlər toxuyan xanım sənətkarın əl işlərinə də məxsusi maraq vardı. Ondan da bəzi sənət nümunələrini almaq istəyənlər olsa da, o, günlərin zəhməti ilə başa gələn əl işlərini satmaq istəmədiyini dedi.

“Xalq yaradıcılığı paytaxtları” bölgələrin mədəni inkişafına təkan verir

Sonra Diyarşünaslıq Muzeyində mətbuat konfransı keçirildi. Konfransı Xaçmaz Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Nazim Ağayev açaraq “Əfsanələr paytaxtı” çərçivəsində görülən işlərdən, bölgənin tarixi-mədəni abidələri, turizmin inkişafı istiqamətində həyata keçirilən tədbirlər, görülən işlər haqqında məlumat verdi. Qeyd olundu ki, rayon ərazisində 60-dan çox tarix və mədəniyyət abidəsi var. Sərkərtəpə, Molaburhan, Hülövlü, Qaracik, Həsənqala abidələri tunc dövrünə, Canaxır, Bostançı yaşayış məskənləri isə orta əsrə aiddir. Bu abidələr Xaçmaz rayonunun Azərbaycanın qədim yaşayış məskənlərindən olduğunu göstərir.
Rayonun iqtisadi, sosial həyatına da toxunan şöbə müdiri, turizmin yerli əhalinin gəlirlərinə müsbət təsir etdiyini vurğuladı. Qeyd etdi ki, bütün bunlar Prezident İlham Əliyevin regionların inkişafına göstərdiyi diqqətin, həyata keçirilən məqsədyönlü siyasətin nəticəsidir. “Bu gün bütün bölgələrimiz kimi, Xaçmaz rayonu da öz inkişaf dövrünü yaşayır. Rayonda kənd turizmi xüsusilə inkişaf edir, insanlar istehsal etdikləri kənd təsərrüfatı məhsullarını daha rahat satışa çıxarırlar, turizm obyektləri onların məhsullarından, təklif etdikləri xidmətlərdən yararlanırlar”.
“Əfsanələr paytaxtı” ilində görülən işlərə toxunan Nazim Ağayev Rusiya Federasiyası Dağıstan Respublikasının məşhur "Ləzginka" rəqs qrupunun yerli rəqqaslarla birgə konsertinin təşkil olunduğunu, Azərbaycanda Belarus mədəniyyəti günləri çərçivəsində bu ölkənin incəsənət ustalarının rayonda çıxış etdiyini diqqətə çatdırdı, xalq tətbiqi sənəti ilə bağlı sərgilərin təşkil olunduğunu bildirdi.
Tədbirdə çıxış edən Mədəniyyət və Turizm Nazirliyi Mədəniyyət siyasəti şöbəsinin müdiri Fikrət Babayev “Xalq Yaradıcılığı Paytaxtları” layihəsinin əhəmiyyətindən, bu istiqamətdə görülən işlərdən söz açdı. “2010-cu ildə biz bu layihəyə start verərkən rayon rəhbərlikləri layihəyə o qədər də isti münasibət bəsləmirdilər. Ancaq çox sevindiricidir ki, bir ildən sonra artıq rayonlar arasında paytaxt seçilmək uğrunda rəqabətin şahidi olduq, yanaşma meyarları dəyişdi, daha da sanballı oldu. Paytaxt seçilmək üçün müvafiq infrastrukturun olması, keçiriləcək tədbirlərin siyahısı qabaqcadan təqdim edilir. Bu bir daha layihənin uğurunu və əhəmiyyətini göstərir. 2014-cü ildə bu layihəyə yekun vurulacaq. Ancaq buna baxmayaraq, bölgələrdən yeni layihələrlə bağlı təkliflər alırıq ki, bu da olduqca sevindiricidir. Nazirlik artıq bu təklifləri nəzərdən keçirir”.
Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının humanitar məsələlər üzrə müavini Mehman Yetkin çıxışında diqqəti rayonda görülən işlərə yönəltdi, Xaçmazın “Əfsanələr paytaxtı” seçilməsini təqdirəlayiq hal kimi qiymətləndirdi. Qeyd etdi ki, gələcəkdə də rayonun paytaxt şəhərlər siyahısında olmasına çalışacaqlar.
Sonra jurnalistlərin sualları cavablandırıldı. Maraqlı fikir mübadiləsi şəraitində keçən mətbuat konfransından sonra yeni istifadəyə verilmiş Xalça Muzeyinə baş çəkdik. Nadir kilim, xalça və məfrəşlərin nümayiş olunduğu ekspozisiya ilə tanış olduq. Muzey bələdçisi sərgilənən xalçalar, onların mənşəyi, tarixi haqqında mətbuat nümayəndələrinə məlumat verdi. Bildirdi ki, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə ərsəyə gətirilən bu muzeyin ekspozisiyası daim zənginləşdirilir.
“Əfsanələr paytaxtı”nın mədəni irsi ilə tanışlıqdan aldığımız zəngin təəssüratla paytaxta yola düşdük. Yeni ildə “Xalq yaradıcılığı paytaxtları”na növbəti səfərlərədək.

Sadiq Musa







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar