Aydın Məmmədovun 70 illiyinə həsr olunan xatirə tədbiri

Yanvarın 16-da Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda tanınmış türkoloq alim, ədəbiyyatşünas, ictimai xadim Aydın Məmmədovun 70 illiyinə həsr olunmuş xatirə tədbiri keçirildi.

Tədbiri giriş sözü ilə Yazıçılar Birliyinin katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid açaraq Aydın Məmmədov haqqında xatirələrini danışdı, onun ictimai xadim və alim kimi cəmiyyətdə böyük nüfuz qazandığını bildirdi: “Aydın Məmmədov qeyri-adi iti zəkaya malik, öz işində hər zaman birincilər sırasında olan insanlardan idi. Onun işıqlı siması bizim qəlbimizdə həmişə yaşayacaq”.
AYB-nin sədri, Xalq yazıçısı Anar çıxış edərək Aydın Məmmədovun həyatdan vaxtsız getməsinin Azərbaycan ictimai həyatı və elmi üçün böyük itki olduğunu dedi: “Mən Aydının ölümünü Türkiyədə eşitdim. Bakıya gələndən sonra Emin Sabitoğlu ilə onun məzarını ziyarət etdik. Aydın mənim həyatımda rast gəldiyim ən istedadlı və ağıllı adamlardan biri olmaqla yanaşı, ədəbi tənqidin ən parlaq nümayəndələrindən biri idi”.
Aydın Məmmədovun Yazıçılar Birliyinin dəstəyi ilə yaradılan Tərcümə Mərkəzinin rəhbəri kimi fəaliyyətindən, Azərbaycan elmi üçün gördüyü işlərdən söz açıldı.
Anım tədbirində çıxış edən millət vəkili Aqil Abbas, Yazıçılar Birliyinin katibi Arif Əmrahoğlu, şairlər Çingiz Əlioğlu, Ramiz Rövşən, Həmid Cəfərov və başqaları Aydın Məmmədovla bağlı xatirələrini bölüşdülər. Bildirildi ki, türkoloq alim insanları qiymətləndirməyi, öz elmi və istedadı ilə hər zaman millətinin müdafiəsində durmağı bacaran insan idi. Aydın Məmmədov deyilən sözdən daha çox deyilməyən sözü tutan, özünə qalib gəlməyi bacaran vətəndaş idi. Onun hər sözü, hər fikri özü özlüyündə böyük bir məqalə idi. Qeyri-adi natiqlik bacarığı və təsirli nitqi onun bədii istedadından xəbər verirdi. Buna görə də o, cəmiyyət üçün çox dəyərli bir vətəndaş idi.
Çıxış edənlər qeyd etdilər ki, ədəbi tənqid yaradıcılığında müəllifin dəqiq portretini yarada bilən ədəbiyyatşünas alimin 25-30 il bundan əvvəlki fikir və mülahizələri bu gün də aktual olaraq qalır. Onun hətta ən çətin məqamlarda belə asanlıqla çıxış yolu tapdığı, hər zaman nikbin insan olduğu vurğulandı.
Mərasimdə mərhum alimin övladları, nəvələri iştirak edirdi. Tədbirin sonunda Aydın Məmmədovun oğlu Araz Məmmədov təşkilatçılara ailə üzvləri adından təşəkkürünü bildirdi.
Aydın Mirsaleh oğlu Məmmədov 1944-cü il yanvarın 16-da Şəki rayonunun Kiş kəndində doğulub. "Sovetskaya turkoloqiya" jurnalının redaktor müavini, Bakıda Tərcümə Mərkəzinin yaradıcısı olub. 1990-cı ildə Azərbaycan Ali Sovetinin deputatı seçilib. 1991-ci ilin aprelində Qax rayonu ərazisində avtomobil qəzasında həlak olub.

Lalə Azəri







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar