Fevralın 14-də Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanasında Litva Respublikasının “Müstəqillik günü”nə həsr olunmuş “Kitabxana: nağıl qəhrəmanlarının görüş yeri” adlı tədbir keçirildi.

Tədbiri giriş sözü ilə açan kitabxananın direktoru Şəhla Qəmbərova milli bayram münasibətilə Litvanın ölkəmizdəki müvəqqəti işlər vəkili Şarüne Kubiliüteni və onun simasında bütün Litva xalqını təbrik etdi. Uşaq Kitabxanasının fəaliyyəti haqqında qonaqlara ətraflı məlumat verən direktor bildirdi ki, ötən ilin noyabrında Litvaya səfəri zamanı əldə olunan razılığa əsasən, bu ildən başlayaraq iki ölkənin müvafiq qurumlarında uşaq ədəbiyyatı, milli adət-ənənələr, bayramlarla bağlı tədbirlər keçiriləcək.
Sonra söz balacalara verildi. Bakı şəhəri Səbail rayonu 7 saylı orta məktəbin şagirdlərinin iştirakı ilə Litva xalqının adət-ənənələri, milli bayramları, folkloru və nağıllarından ibarət səhnəciklər göstərildi. Azərbaycanın nağıl qəhrəmanları Cırtdan, Göyçək Fatma, Tıq-tıq xanım, Məlikməmməd, Siçan bəy, Təpəgöz və Litva xalqının nağıl qəhrəmanları olan Kastitis, Yurate, Eqlenin görüşünü əks etdirən bədii kompozisiya göstərildi. Uşaqların çıxışları maraqla qarşılandı.
Şarüne Kubiliüte tədbirin yüksək səviyyədə təşkil olunduğunu qeyd edərək, bu işdə əməyi olan hər kəsə minnətdarlığını bildirdi: “Düzü, nə deyəcəyimi bilmirəm. Hələ də uşaqların çıxışlarının təsirindəyəm. Hər kəsə təşəkkür edirəm”. Diplomat Azərbaycan və Litva xalqları arasında tarixən mövcud olmuş əlaqələrin bu gün də uğurla davam etdiyini vurğuladı.
Digər çıxış edənlər - uşaq ədəbiyyatı tədqiqatçısı Füzuli Əsgərli, uşaq yazıçılarından Gülzar İbrahimova, Reyhan Yusifqızı belə tədbirlərin keçirilməsinin əhəmiyyətindən danışdılar. Bildirildi ki, bu tipli tədbirlər xalqlar arasında münasibətlərin inkişafına və eyni zamanda uşaqların dünyagörüşünün formalaşmasında da böyük rola malikdir.
Sonda kitabxananın direktoru Şəhla Qəmbərova Şarüne Kubiliüteyə rəhbərlik etdiyi kollektiv adından Xalq rəssamı Arif Hüseynovun “Ağıllı qız” əsərini hədiyyə etdi.
Tədbir çərçivəsində Litvanın adət-ənənələri, mədəniyyəti, folkloru, xalq qəhrəmanlarından bəhs edən uşaq kitablarından ibarət sərgi də təşkil olunmuşdu.

Fariz Hüseynov







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar