Görkəmli sənətkar, Xalq artisti Firəngiz Şərifova dünyasını dəyişdi

Lap əvvəldən, dünya yaranandan hər kəs ona müxtəlif adlar, təşbehlər, faniliyinə giley-güzarlar düzüb-qoşub. Hər kəs onu özlüyündə bir cür analiz edib. Onu fani sayanlar dahiyanə bir qənaətlə dünyaya, həyata bir səhnə, bu etibarsız dünyaya can-könüldən bağlı insanlara isə aktyorlar deyiblər. Beləcə, dünyaya gəlişimizlə gedişimizdəki sayılı zaman səhnə ömürlüyümüzə çevrilib.

Bu ömrü də hərə bir cür yaşayıb, yaddaqalan və mənalı edib. Aktyorlar, peşəkar səhnənin sakinləri isə ayrı bir anlam qatırlar bu həyata. Bizə doğma və ya ögey, uzaq və yaxın, acı və şirin dolu saysız ömürlərdən pay verirlər, yaşamın özünün bir oyun olduğunu göstərirlər. Ustalıqla, sevgi və ehtiramla oynanılan oyunla.
Fevralın 20-də belə sənətkarlardan biri, Xalq artisti Firəngiz Şərifova ilə vidalaşdıq.
Firəngiz Şərifova 6 fevral 1924-cü ildə Azərbaycan teatr sənətinin korifey sənətkarları Abbasmirzə Şərifzadə və Mərziyə Davudovanın ailəsində dünyaya gəlib. Ailənin dostu, böyük dramaturq Cəfər Cabbarlının təkidi və atası Abbasmirzənin razılığı ilə səhnədə səkkiz yaşında "Oqtay Eloğlu"nda Sevər, "Sevil"də Gündüz rollarında çıxış edib. 1941-ci ildə Üzeyir bəy Hacıbəylinin məsləhəti ilə Azərbaycan Dövlət Konservatoriyasının (indiki Bakı Musiqi Akademiyası) vokal fakültəsinə daxil olub. Ali musiqi təhsilini başa vurandan sonra 1947-ci ildən Dövlət Musiqili Komediya Teatrında fəaliyyət göstərib. Sonra taleyini Gənc Tamaşaçılar Teatrı ilə bağlayır. Bir müddət Akademik Milli Dram Teatrında fəaliyyət göstərib yaddaqalan obrazlar yaratsa da, sonra yenidən Gənc Tamaşaçılar Teatrına qayıdır və 2011-ci ilə, 87 yaşınadək sənət ömrünü bu səhnədə yaşayır.
Onun Gənc Tamaşaçılar Teatrında yaratdığı dramatik, komik, psixoloji səhnə obrazları xüsusi qeyd olunmalıdır. Gülzar ("Tamahkar", Süleyman Sani Axundov), Kraliça ("Qarlar Kraliçası", Hans Xristian Andersen), Zənci qadın Darotti ("Tom dayının koması", Biçer Stou), Aqadaya Tixonovna ("Evlənmə", Nikolay Qoqol), Sərvinaz ("Aqil və Sərvinaz", Əyyub Abbasov), Mətanət ("Çiçəkli dağ", Məmmədhüseyn Təhmasib), Julyar ("İki veronalı", Uilyam Şekspir), Gülbahar ("Anacan", Yusif Əzimzadə), Yasəmən ("Qaraca qız", Abdulla Şaiq), Şərəfnisə ("Müsyö Jordan və dərviş Məstəli şah", Mirzə Fətəli Axundzadə), Zerbinetta ("Skapenin kələkləri", Jan Batist Molyer), Yaqut ("Yaşar", Cəfər Cabbarlı), Həmidə ("Keçən ilin son gecəsi", Anar) və s. rolları aktrisanın zəngin və əlvan yaradıcılığının ayrılmaz hissəsi olub.
Firəngiz Şərifova "Azərbaycanfilm" kinostudiyasında "Qaraca qız" (Yasəmən), "Bir ailəlik bağ evi" (Ana), "Bayquş gələndə" (Nənə), "Qərib cinlər diyarında (Tükəz), "Qətl günü" (Nənə) kinolentlərində maraqlı obrazlar yaradıb.
Ömrünü sənətə həsr edən, illərlə tamaşaçı alqışı eşidən Xalq artisti, “Şöhrət” ordenli Firəngiz Şərifovanı tanıyan və sevənlər fevralın 20-də onunla vidalaşmağa gəlmişdilər. Sənət yoldaşları, aktyor dostları bir-bir fəxri qarovulda dayandılar. Sənətkara layiq sevgi və ehtiramlarını, son vəfa borclarını yerinə yetirdilər.
Azərbaycan Teatr Xadimləri İttifaqında keçirilən mərasimdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev görkəmli aktrisanın Azərbaycan teatr və kino salnaməsində yerindən, bənzərsiz oyun üslubundan, sənətə, böyük səhnəyə hədsiz məhəbbətindən söz açdı: “Firəngiz xanım mənsub olduğu böyük ailənin qüdrətli ənənələrini davam etdirərək səhnəyə, teatra məhəbbətini ifadə edirdi. O, uşaqlıq dövründən teatr aləminə daxil oldu və bu sonsuz dünyadan ömrünün son anınadək ayrılmadı. Onun yaradıcılıq yolu teatr, kino və televiziya tamaşalarından keçməklə milyonların sevgisinə səbəb oldu. Əsas fəaliyyəti Dövlət Gənc Tamaşaçılar Teatrı ilə bağlı idi və bu sənət ocağının formalaşdırılmasında böyük və təkrarsız rolu var. Bu gün onunla vidalaşırıq. Aktrisanın yaratdığı ana, bacı, xanım obrazları həmişə bizimlə yaşayacaq və gənc nəslin formalaşmasına öz dəyərli töhfələrini verəcək”.
Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti Azər Paşa Nemətov aktrisa ilə olan yaradıcılıq münasibətlərindən söz açdı, onun böyük aktrisa, xoşbəxt sənətkar olduğunu, bir-birindən fərqli və yaddaqalan obrazlar qalereyası yaratdığını bildirdi: “Firəngiz xanım sənətə dərin bir məhəbbətlə bağlı idi. Ona görə də o, heç vaxt rolun böyük və ya kiçik olmasını düşünməz, səhnədəki bir anını da yüksək məsuliyyət və sevgi ilə yaşayardı. O həm də gözəl qadın, ana idi. Elə bu həyat obrazına görə də o daim sevgi ilə xatırlanacaq. İllər keçəcək və dəyişən nəsillər onun səhnədən, kinolentlərdən əbədiləşən obrazların eyni sevgi ilə izləyəcək”.
Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının icraçı katibi, Əməkdar incəsənət xadimi Cəmil Quliyev isə Firəngiz xanımın milli kino nümunələri, televiziya tamaşaları və eləcə də dublyajlarla yaddaşlara köçən ecazkar səs və sənətkarlığından bəhs etdi. 60-cı illərin gənc tamaşaçılarının məhz bu teatr səhnəsindən onun ecazkar obrazlarına tamaşa etdiklərini, teatrı, səhnəni onun kimi bənzərsiz sənətkarlar nəslinin sayəsində sevdiklərini bildirdi.
Dövlət Gənc Tamaşaçılar Teatrının direktoru, Əməkdar artist Mübariz Həmidov çıxışında Firəngiz Şərifova sənətkarlığının özəlliklərindən söz açdı, onu böyük bir aktyor nəslinin yetişməsində əməyi olan ustad kimi xarakterizə etdi, aktrisanın tükənməz səhnə, sənət sevgisindən xatirələr danışdı.
Firəngiz Şərifova ilə uzun illər bir səhnəni bölüşmüş Xalq artisti Ağaxan Salmanlı ürək sözlərini bölüşdü: “Onun oyun üslubu, təkrarsız səsi, xəzinə obrazlar qalereyası hər zaman örnək olacaq”.
Sonra səhnəyə böyük sənətkar ailəsinin dördüncü nəslinin nümayəndəsi, Firəngiz Şərifovanın nəvəsi, Azərbaycana “Eurovision” qalibiyyəti gətirən Eldar Qasımov çıxdı, vida mərasiminə gələn hər kəsə ailələri adından minnətdarlığını bildirdi.
Beləcə, bir ömrün, köklü, qollu-budaqlı bir ağacın əbədiyyət yolu başladı. Sənətkara layiq alqış və sevgi səhnədən, “Aktyor evi”nin zalından küçəyə daşdı. Firəngiz Şərifova II Fəxri xiyabanda torpağa tapşırıldı.

Həmidə Nizamiqızı







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar