İngilis, rus və alman dillərində fəaliyyət göstərəcək saytda Qarabağ həqiqətlərindən bəhs edən ayrıca bölmə olacaq

Fevralın 25-də Milli İncəsənət Muzeyində ölkəmizdə səfərdə olan Çexiya Respublikasının Ostrova şəhər Tarix və İncəsənət Muzeyinin direktoru və Çexiyada fəaliyyət göstərən Azərbaycan və Xəzər Mədəniyyət Forumunun direktoru, sənətşünas, arxeoloq, professor Devid Mayer ilə görüş keçirildi.

Görüşdən əvvəl iştirakçılar Milli İncəsənət Muzeyində Xocalı faciəsinin 22-ci ildönümünə həsr edilmiş Azərbaycan rəssamlarının əsərlərindən ibarət sərgi ilə tanış oldular. Sonra tədbir iştirakçıları Xocalı faciəsi qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.
Mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva tariximizin ən faciəli səhifələrindən olan Xocalı soyqırımı haqqında danışdı, bu faciənin ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra “soyqırımı” kimi qiymətləndirildiyini diqqətə çatdırdı. Qeyd olundu ki, bu gün Xocalı soyqırımının dünyada tanıdılması üçün ardıcıl addımlar atılır, xarici ölkələrdə bu mövzuda konfranslar, müxtəlif səpkili tədbirlər keçirilir. Xocalı hadisələrini ilk dəfə soyqırımı kimi qəbul edən ölkələrdən birinin məhz Çexiya olduğu vurğulandı. Daha sonra nazir müavini tədbirə toplaşanlara çexiyalı alim haqqında məlumat verdi. Bildirdi ki, Devid Mayer fevralın 25-də mədəniyyət və turizm naziri Əbülfəs Qarayevlə görüşüb və ölkəmizlə bağlı yeni layihə barədə naziri məlumatlandırıb. Əbülfəs Qarayev layihə ilə tanış olduqdan sonra onun təkmilləşdirilməsi ilə bağlı tövsiyələr verib.
Devid Mayer öz növbəsində Azərbaycan mədəniyyəti ilə uzun müddət maraqlandığını və bu sahədə bir sıra layihələri gerçəkləşdirdiyini dedi. Qonaq üç il əvvəl Ostrova şəhərində nümayiş olunan Azərbaycana həsr edilmiş sərgi barədə danışdı, sonra yeni layihə haqqında məlumat verdi.
Bildirdi ki, yeni layihə Azərbaycan mədəniyyəti və tarixini təbliğ edən saytın yaradılmasını nəzərdə tutur. Devid Mayer bu sahədə Azərbaycanın muzeyləri ilə sıx əməkdaşlığa ehtiyac duyduğunu xüsusi vurğuladı. Sənətşünas alim bildirdi ki, sayt Avropada, eləcə də dünyada Azərbaycan incəsənətinin, şəxsiyyətlərinin və tarixinin təbliğinə, ölkəmiz haqqında bütün faktların doğru-düzgün işıqlandırılmasına xidmət edəcək. O, saytın ərsəyə gəlməsində Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi, Milli Azərbaycan Tarixi Muzeyi, ümumiyyətlə, bütün Azərbaycan muzeyləri və alimləri ilə əməkdaşlığın vacibliyini qeyd etdi. Devid Mayer layihənin əhəmiyyətini bir daha diqqətə çatdıraraq saytda Qarabağ həqiqətlərindən bəhs edən ayrıca bölmənin də yer alacağını söylədi. Sayt ingilis, rus və alman dillərində fəaliyyət göstərəcək.
Azərbaycan və Çexiya arasında mədəni əlaqələri möhkəmləndirmək üçün bütün muzey və elm adamlarını birgə əməkdaşlığa dəvət edən qonaq bu ilin sonunda Çexiyada keçiriləcək və Azərbaycana həsr edilən sərgi haqqında da məlumat verdi.
Sonda alim öz koordinatlarını bütün tədbir iştirakçılarına təqdim edərək hər kəsi əməkdaşlığa dəvət etdi.
Görüşdə Mədəniyyət və Turizm Nazirliyinin Muzey işi sektorunun müdiri Azadə Hüseynova, respublikamızda fəaliyyət göstərən muzeylərin direktorları və əməkdaşları iştirak edirdilər.

Lalə Azəri







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar