Mədəniyyət və turizm nazirinin əhali ilə növbəti görüşü Xaçmaz şəhərində gerçəkləşdi

Fevralın 21-də mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Xaçmaz şəhərindəki Tarix-Diyarşünaslıq Muzeyində Xaçmaz, Quba, Qusar, Şabran, Siyəzən rayonlarından olan vətəndaşları qəbul etdi.

Nazirliyin mct@mct.gov.az elektron poçt ünvanı, e-services. mct.gov.az elektron xidmətlər saytı, telefon məlumat sistemi (qaynar xətt: 147) və müvafiq rayon mədəniyyət və turizm şöbələrinə müraciət etməklə qəbula yazılmış 30-a yaxın vətəndaş nazirlə görüşdə müxtəlif məsələlərlə bağlı xahiş və təkliflərini bildirdilər.
Müraciətlərin bir qismi mədəniyyət müəssisələrinin maddi-texniki bazasının yaxşılaşdırılması, tarixi abidələrin, məscidlərin bərpası, səyyar kitabxanaların yaradılması, yerlərdəki uşaq və incəsənət məktəblərində yeni ixtisasların açılması, ustad dərslərinin təşkili, məktəblərin dərs vəsaitləri ilə təminatı və s. məsələlərlə bağlı idi. Vətəndaşlar regionda turizmin inkişafına dair təşəbbüslərini, Azərbaycan Turizm İnstitutunun Xaçmazda filialının açılması barədə xahişlərini də nazirə çatdırdılar. Həmçinin işlə təminat, mədəniyyət ocaqlarında ixtisar olunmuş ştatların bərpası və digər sosial məsələlərlə bağlı xahişlər də səsləndirildi.
Vətəndaşların mədəniyyət və turizm sahəsində mövcud problemlərə, aktual məsələlərə diqqət yetirməsini təqdir edən Əbülfəs Qarayev bütün müraciətlərin nəzərdən keçiriləcəyini və müvafiq tədbirlər görüləcəyini bildirdi.

* * *
Qəbula yazılmış vətəndaşların bir neçəsi ilə həmsöhbət olduq. Xaçmazdan İradə Əsədova şəhərdə yaradılan “Şəxsiyyətlər muzeyi”nə status verilməsi xahişi ilə qəbula gəldiyini dedi: “Xaçmaz şəhərinin ən görkəmli guşəsində yerləşən “Şəxsiyyətlər muzeyi” xeyli müddətdir ki, park-muzey kimi fəaliyyət göstərir. Burada görkəmli ziyalılarımızın büstləri ucaldılıb. Sakinlər ilin müxtəlif vaxtlarında burada mənalı istirahət edirlər, millətimizin dəyərli övladları haqqında məlumat alırlar. Bu, ən çox da gənc nəslin tərbiyəsinə, vətənpərvərlik hisslərinin aşılanmasına müsbət təsir göstərir. Şəhərimizə gələn qonaqlar da bu məkana böyük maraq göstərirlər. Bu baxımdan Xaçmaz sakini olaraq buraya muzey statusunun verilməsini istərdim”.
Xaçmaz sakini Qüdrətulla Ağakişiyev rayon ərazisində Azərbaycan Turizm İnstitutunun filialının və ya turizm kollecinin açılması ilə bağlı nazirlə görüşmək istədiyini bildirdi: “Hamımız yaxşı bilirik ki, Xaçmaz rayonu ölkəmizin aparıcı turizm bölgəsidir, bu sahə yerli əhalinin əsas gəlir mənbəyi, Xaçmazda və ətraf bölgələrdə yaşayan gənclər üçün isə iş yeridir. Ancaq təəssüf ki, bizim bölgədə turizm təhsili verən təhsil ocağı yoxdur. Gənclərin Bakıya təhsil dalınca getməsi isə aztəminatlı ailələr üçün müəyyən problemlər yaradır. Çox istərdik ki, rayon ərazisində turizm təhsili verən kollec və ya Turizm İnstitutunun filialı açılsın. Ümidvaram ki, təklifim müsbət qarşılanacaq”.
Xaçmaz rayonundan Brilyant Səfərova isə səyyar kitabxanaların təşkilinə kömək göstərilməsini istəyir: “Məlum olduğu kimi, bölgələrdə kitabxanaların vəziyyəti o qədər də ürəkaçan deyil. Gənclər də oxumağa az meyl göstərirlər. Ancaq hesab edirəm ki, turizm istirahət mərkəzlərində səyyar kitabxanalar yaradılarsa və burada turizmlə bağlı kitablar oxuculara təklif olunarsa, bu, maraq yarada bilər. Əsas məşğulluq sahəsi turizm olan bölgənin gəncləri bu kitablardan bəhrələnərlər. İnanıram ki, təklifimə müsbət yanaşılacaq”.
Qubadan gəlmiş İbrahim Məlikov rayon Mədəniyyət evində ixtisar olunmuş ştatların bərpasını xahiş edəcəyini dedi: “Rayon Mədəniyyət evinin xormeysteriyəm, işimizi normal təşkil etmişik. Bizi narahat edən məqam son zamanlar bəzi ştatların ixtisar edilməsidir. Qəbula yazılmağımın əsas səbəbi də bununla bağlıdır. İstərdik ki, bu istiqamətdə bizə köməklik göstərilsin”.
Qəbulda iki gəncin də iştirakı gözümüzdən yayınmadı. Onlar bizimlə söhbətlərində turizm sahəsində işə düzəlmək istədiklərini və bu məqsədlə qəbula yazıldıqlarını dedilər. Çalışmaq istədikləri məkan isə “Şahdağ” qış-yay turizm kompleksidir. Onlardan biri - Qusar şəhər sakini Elxan Şirinov Ukraynada turizm sahəsində təhsil aldığını və öz bölgəsində çalışmaq istədiyini bildirdi: “İxtisasım hotel və restoran idarəçiliyidir. Burada, öz bölgəmizdə turizm sahəsində çalışmaq istəyirəm. “Şahdağ” qış-yay turizm kompleksində iş mənə çox maraqlı gəlir və hesab edirəm ki, burada həm daha faydalı ola bilərəm, həm də təcrübə qazanaram”.
Qəbuldan sonra jurnalistlərə müsahibə verən nazir Əbülfəs Qarayev qeyd etdi ki, vətəndaşların müxtəlif məsələlərlə bağlı təşəbbüskarlıq göstərməsi müsbət haldır: “Musiqi məktəblərində maddi-texniki bazanın təkmilləşdirilməsi, turizmin inkişafı ilə bağlı qaldırılan məsələlər bizi də narahat edir. Xüsusilə qeyd etmək istəyirəm ki, Xaçmaz bölgəsi, Nabran turizm infrastrukturunun yüksək səviyyədə qurulduğu bölgəmizdir. Bununla belə, regionda turizm xidmətlərinin keyfiyyətinin artırılması, dağların, meşələrin, dəniz kənarının ekoloji vəziyyətinin qorunması olduqca vacibdir. Bildiyiniz kimi, 2013-cü ildə Xaçmaz Azərbaycanın “Əfsanələr paytaxtı” seçilmişdi və proqram çərçivəsində rayonda bir sıra mədəni-kütləvi tədbirlər təşkil olundu. Hesab edirəm ki, bu gün qaldırılan məsələlər də aktualdır və onların həlli istiqamətində işlər görüləcək”.

Sadiq Musa







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar