Xalq şairinin ev-muzeyinin əsaslı təmirdən sonra açılışı keçirildi

Martın 5-də Xalq şairi Səməd Vurğunun ev-muzeyinin əsaslı təmirindən sonra yeni ekspozisiyasının açılış mərasimi keçirildi. Tədbirdə dövlət rəsmiləri, Milli Məclisin deputatları, ədəbiyyat, elm və mədəniyyət xadimləri, ictimaiyyət nümayəndələri iştirak edirdi.

Muzeyin direktoru Aygün Vəkilova qonaqları salamlayaraq bildirdi ki, bu ev həmişə şeir, sənət adamlarının toplandığı məkan olub. Səməd Vurğunun ev-muzeyi 1975-ci ilin oktyabr ayında ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə açılan ilk memorial muzeydir. Muzeydə son dəfə 1997-ci ildə təmir işləri aparılmışdı. Prezident İlham Əliyevin 2011-ci il 13 dekabr tarixli sərəncamına əsasən, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən muzeydə təmir-bərpa və bədii tərtibat işləri həyata keçirilib. Aygün Vəkilova göstərilən diqqət və qayğıya görə muzeyin kollektivi adından ölkə rəhbərliyinə, Mədəniyyət və Turizm Nazirliyinə dərin təşəkkürünü bildirdi.
Tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev böyük şairin ev-muzeyinin yenidən öz qapılarını ziyarətçilərin üzünə açmasını mədəni həyatımızda əlamətdar hadisə kimi qiymətləndirdi: “Bu muzeydə qorunan ab-hava şairin həyatını, yaradıcılığını əks etdirir. Çox sevinirəm ki, bu gün dövlətimiz tərəfindən Azərbaycan ədəbiyyatına, böyük şairlərimizin xatirəsinə belə diqqət göstərilir, onların irsi qorunur və təbliğ olunur”.
Nazir bildirdi ki, ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə açılmış bu muzeylə ölkəmizdə böyük şəxsiyyətlərin ev-muzeylərinin yaradılmasının əsası qoyuldu və muzey işinin təkmilləşdirilməsinə, inkişafına başlanıldı: “Biz Səməd Vurğun haqqında danışarkən yaxşı dərk etməliyik ki, o hansı dövrdə yaşayıb-yaradıb. Onun yaradıcılığı hansı çətin mühitdə yaranırdı. Şair mürəkkəb bir dövrdə yaşamasına baxmayaraq, onun yaradıcılığının əsasında Vətənə, torpağa sevgi, xalqına məhəbbət, dövlətə xidmət və layiqli vətəndaş mövqeyi dururdu. Onun hər bir əsəri xalqına, onun gələcəyinə həsr olunub. Böyük şairin əsərlərini oxuyanda bunun bir daha şahidi oluruq. Səməd Vurğun həm də böyük dramaturq idi. Əsərləri geniş tamaşaçı marağına səbəb olurdu. Bu gün də həmin dram əsərləri aktuallığını qoruyub-saxlayır”.
Qeyd olundu ki, dövrünün ən böyük ziyalılarından olan Səməd Vurğun yaşadığı mühitin görkəmli simaları ilə şəxsi münasibəti sayəsində Azərbaycan ədəbiyyatını keçmiş SSRİ məkanında yorulmadan təbliğ edib: “Onun şəxsi münasibətləri, yaratdığı əlaqələr nəticəsində keçmiş Sovet İttifaqında ədəbiyyatımız sevilir və rəğbətlə qarşılanırdı. Biz muzeyin ekspozisiyasındakı fotolardan da görürük ki, o dövrün ən tanınmış ədəbiyyat xadimləri arasında Azərbaycan ədəbiyyatının da nümayəndələri var. Səməd Vurğunun yaradıcılığı bu gün də müasir Azərbaycan ədəbiyyatşünaslığında xüsusi yer tutmalı, tədqiqatlar davam etdirilərək bu zəngin irs gələcək nəslə çatdırılmalıdır”.
Əsaslı təmirdən sonra ev-muzeyin şairin yaşayıb-yaratdığı dövrün ruhunu dolğun əks etdirən, eyni zamanda müasir texnologiya ilə təchiz olunmuş məkana çevrildiyini vurğulayan nazir kollektivə uğurlar arzuladı.
Akademik Teymur Bünyadov xalqımızın böyük şairə sonsuz məhəbbət bəslədiyini, şeirlərinin dillərdə əzbər olduğunu dedi. Ulu öndər Heydər Əliyevin Xalq şairinin poeziyasını yüksək qiymətləndirdiyini vurğuladı.
Mərasim iştirakçıları Səməd Vurğunun öz səsində şeirindən bir parçanı dinlədilər. İ.Əbilov adına Mədəniyyət mərkəzinin üzvü Türkan Məmmədli şairin “Ana” şeirini oxudu, Prezident təqaüdçüsü Vurğun Vəkilov isə dahi bəstəkar Qara Qarayevin “Eskiz” əsərini ifa etdi.
Sonra tədbir iştirakçıları ev-muzeyi ilə tanış oldular. Məlumat verildi ki, muzey 6 otaqdan ibarətdir. Şairin iş otağı, qonaq və yataq otaqları eynilə qorunub saxlanılır. Ekspozisiyanın bir otağında şairin ailə üzvlərinin şəxsi əşyaları və fotoşəkilləri nümayiş olunur. Digər otaqlarda qurulmuş ekspozisiya isə Səməd Vurğunun həyatını, yaradıcılığını və ictimai fəaliyyətini əks etdirir.

Lalə Azəri







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar