Dövlət Proqramı çərçivəsində həyata keçiriləcək layihələrin təqdimatına həsr edilmiş konfrans

Martın 11-də Prezidentin İşlər İdarəsinin “Rəsmi Qəbullar Sarayı”nda (keçmiş “Səadət sarayı”) “Daşınmaz tarix və mədəniyyət abidələrinin bərpası, qorunması, tarix və mədəniyyət qoruqlarının fəaliyyətinin təkmilləşdirilməsi və inkişafına dair 2014-2020-ci illər üzrə Dövlət Proqramı” çərçivəsində gerçəkləşəcək tədbirlərin müzakirəsi və əlaqələndirilməsi ilə bağlı konfrans keçirildi. “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasını həyata keçirmək məqsədilə hazırlanan Dövlət Proqramı ölkə Prezidentinin 27 dekabr 2013-cü il tarixli sərəncamı ilə təsdiq edilib.

Mədəniyyət və Turizm Nazirliyi rəhbərliyinin, dövlət və hökumət nümayəndələrinin, Milli Məclisin deputatlarının, elm və ictimaiyyət xadimlərinin iştirak etdiyi tədbirdə əvvəlcə mədəni irsin qorunması və təbliği sahəsində ötən illərdə görülmüş işlərə və Dövlət Proqramına dair sənədli film nümayiş etdirildi.
Konfransda çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirdi ki, Dövlət Proqramı növbəti yeddi ildə mədəni irs abidələrinin qorunmasında və səmərəli idarə olunmasında nazirliyin və digər aidiyyəti dövlət qurumlarının qarşısında mühüm vəzifələr qoyub. «Azərbaycan 2020: gələcəyə baxış» İnkişaf Konsepsiyasında da öz əksini tapmış bu sənədə daşınmaz tarix-mədəniyyət abidələrinin yeni siyahısının tərtibi, bərpa-konservasiya işlərinə dair normativ sənədlərin beynəlxalq standartlara uyğunlaşdırılması, qoruqların maddi-texniki bazasının gücləndirilməsi, yüksək ixtisaslı kadrların hazırlanması, beynəlxalq təşkilatlarla əməkdaşlığın inkişafı kimi vacib məsələlər daxildir: “Bu istiqamətdə dövlətimizin başçısı İlham Əliyevin, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın həyata keçirdikləri böyük işlər ictimaiyyətə ən gözəl örnəkdir. Son illər beynəlxalq səviyyədə olduqca böyük əlaqələr qurulmaqla, maddi-mədəni irsin qorunması sahəsində görülən işlərlə bağlı məlumatlar dünya ictimaiyyətinə çatdırılır. Xüsusilə vurğulamaq istərdim ki, ayrı-ayrı dövlət qurumları, ali təhsil ocaqları ilə birlikdə bu mövzuya çoxsaylı gəncləri cəlb etməyə nail olduq. Bu gün mədəni irsin qorunması haqqında danışarkən, gənc nəsildə bu irsə hörmət hissi tərbiyə etməliyik. Bu irsin Azərbaycan mədəniyyətinə aid olması fikrini onlara çatdırmalıyıq».
Daşınmaz tarix və mədəniyyət abidələrinin bərpası və qorunmasından geniş söhbət açan nazir İçərişəhərin yenidən qurulmasını, bu məkandan turizm məqsədilə istifadə olunmasını, Qobustan Dövlət Tarixi-Bədii Qoruğu Muzeyinin ötən il Avropanın ən yaxşı muzeyləri sırasında olduğunu xüsusilə diqqətə çatdırdı: «Dövlət başçısının sərəncamı ilə yeni qoruqlar yaradılır. Azərbaycanda faiz nisbətində qoruqlara verilən torpaqlar digər ölkələrdən çoxdur. Təxminən 17 faiz torpaqlarımız mühafizə olunan zonalara aiddir. Həmçinin son illər qeyri-maddi mədəni irsin qorunması və beynəlxalq səviyyədə təbliğində də böyük işlər həyata keçirilir. Bu gün Azərbaycan muğam sənəti, xalça sənəti, Novruz bayramı, aşıq musiqisi, tar ifaçılıq sənəti, çövkən oyunu bəşər mədəniyyətinin inciləri sırasındadır.
Lakin qoruqların, tarix-mədəniyyət abidələrinin ətrafında mühafizə zolaqlarının müəyyənləşdirilməsi kimi məsələlər, sözsüz ki, Dövlət Proqramı qəbul edilmədən həll oluna bilməzdi. Bu günə qədər 100-dən artıq tarixi abidənin mühafizə zonalarını, tarixi pasportlarını təsdiq etdik. Hazırda Azərbaycan ərazisində 6308 tarix və mədəniyyət abidəsi dövlətin mühafizəsindədir, 27 dövlət tarix mədəniyyət, memarlıq, bədii və etnoqrafiya qoruğu fəaliyyət göstərir. Ölkə ərazisindəki tarixi abidələrin hamısı pasportla təmin olunmalıdır. Ancaq bu, yalnız bir nazirliyin işi deyil. 8000-dən çox abidənin pasportlaşdırılması kifayət qədər güc tələb edən işdir. Ona görə də bütün dövlət qurumları bu işə cəlb olunmalıdır. Eyni zamanda ictimaiyyət də bu işdə fəal iştirak etməlidir».
Konfransda Dövlət Proqramının icrası çərçivəsində nəzərdə tutulan işlərə dair üç təqdimat edildi. «Mədəni irsin sənədləşdirilməsi: daşınmaz tarix və mədəniyyət abidələrinin pasportlarının hazırlanması üzrə mövcud vəziyyət və qarşıda duran vəzifələr» haqqında «Azərbərpa» Elmi-Tədqiqat Layihə İnstitutunun baş memarı Leyla Hüseynova, «Müasir informasiya texnologiyaları şəraitində mədəni irsin təbliği: «Qobustan» - android platforması üzərində oyun» haqqında «Abşeron» şirkətinin nümayəndəsi Emin Quliyev təqdimat etdi. «Mədəni irs portalı: müasir texnologiyalar - yeni imkanlar» mövzusunda isə videoçarx nümayiş etdirildi. Təqdimatlar tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılandı.
Konfransda həmçinin Dövlət Proqramının icrasının təmin edilməsi məqsədilə tədbirlər planının layihəsinə dair məsul qurumların nümayəndələri çıxış etdilər. AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, Milli Məclisin deputatı, akademik İsa Həbibbəyli, «İçərişəhər» Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi Samir Nuriyev, iqtisadiyyat və sənaye nazirinin müavini Sevinc Həsənova, təhsil nazirinin müavini Ceyhun Bayramov, Azərbaycan Memarlar İttifaqı idarə heyətinin sədri Elbay Qasımzadə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin şöbə müdiri İsmayıl Sadıqov Dövlət Proqramının əhəmiyyəti, daşınmaz tarix və mədəniyyət abidələrinin bərpası və qorunması sahəsində görülən işlər barədə danışdılar. Çıxışlarda Dövlət Proqramı çərçivəsində yerinə yetiriləcək işlərin aktuallığı və müvafiq sahələrdə əməkdaşlığın zəruriliyi xüsusi vurğulandı.
Konfransın sonunda «Daşınmaz tarix və mədəniyyət abidələrinin bərpası, qorunması, tarix və mədəniyyət qoruqlarının fəaliyyətinin təkmilləşdirilməsi və inkişafına dair 2014-2020-ci illər üzrə Dövlət Proqramı» çərçivəsində görüləcək işlərlə bağlı sənədin icrasına məsul dövlət qurumlarının nümayəndələrindən ibarət İşçi Qrupu yaradıldı. İşçi Qrupuna mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyevin rəhbərlik etməsi ilə bağlı qərar qəbul edildi.

Fəxriyyə Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar