Londonda Britaniya Kino və Televiziya Sənəti Akademiyasında (BAFTA) Azərbaycan ilə Türkiyə kinematoqrafçılarının birgə çəkdiyi “Qafqaz” bədii filminin premyerası olub.
Xəzər Strateji İnstitutu (HASEN), Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycanın Gənclər və İdman Nazirliyi filmə sponsorluq ediblər. Nümayişdən əvvəl HASEN-in baş katibi Haldun Yavaş filmin istehsalçılarına və ərsəyə gətirilməsində dəstəyi olanlara minnətdarlığını ifadə edib.
Türkiyənin Böyük Britaniyadakı səfiri Əhməd Ünal Çeviköz filmin Azərbaycan və Türkiyə qardaşlığının bir nümunəsi olduğunu deyib, iki ölkə kinematoqrafçılarının gələcəkdə də uğurlu layihələrdə iştirak edəcəklərindən əminliyini bildirib.
Azərbaycanın Böyük Britaniyadakı səfiri Fəxrəddin Qurbanov iştirakçıları qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik edib. Layihəni yüksək qiymətləndirən diplomat filmdə ölkəmizin əsas problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunulmasının əhəmiyyətini diqqətə çatdırıb. Türkiyənin bu məsələdə Azərbaycanı hər zaman dəstəklədiyini xüsusi qeyd edib.
Milli Məclisin deputatı Ceyhun Osmanlı layihə və filmin çəkilişi haqqında məlumat verib. Qeyd olunub ki, ulu öndərlər Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir”, Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamları filmin çəkilişində əsas leytmotiv olub.
Filmin rejissoru və baş rolun ifaçısı, “Ayna” qrupunun solisti Ərhan Güləryüz və türkiyəli aktrisa, “Miss Türkiyə-2001”in qalibi Tuğçe Kazaz hər iki ölkə üçün böyük əhəmiyyət kəsb edən ekran əsərində çalışmaqdan məmnunluqlarını ifadə ediblər. Çıxışlardan sonra sənətçilərə Qarabağ xalçaları hədiyə edilib.
“Qafqaz” gerçək hekayəyə əsaslanan, 1992-ci illərin hadisələrini canlandıran romantik sevgi filmidir. Ekran əsərində türkiyəli sənətçilərlə yanaşı, Azərbaycanın Xalq artisti Nurəddin Mehdixanlı da rol alıb. Film böyük maraqla qarşılanıb.