Azərbaycan Respublikası Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi martın 20-dən 23-dək I Beynəlxalq Novruz Festivalı keçirəcək.
Şənliklərə Türkiyə, Rusiya, İran, Hindistan, Qazaxıstan, Özbəkistan, Tacikistan və Qırğızıstandan nümayəndələrin qatılacağı gözlənilir. Festival “Nar Mobile”, “Pasha Bank” və “A+A Events” şirkətlərinin tərəfdaşlığı ilə həyata keçiriləcək.
Festival günlərində Qoşa Qala qapısı qarşısında “Meydan bazarı” təşkil olunacaq. Hər bir iştirakçı ölkənin mədəniyyətini əks etdirən videoçarxlar, milli-tətbiqi sənət məhsulları və suvenirlər sərgilənəcək. Hər gün səhər saatlarından pəhləvanlar, kəndirbaz və sehrbazlar öz məharətini göstərəcək, uşaq teatrının artistləri, bədii və tarixi personajlar, Novruzun əsas qəhrəmanları Kosa və Keçəlin iştirakı isə şənliyə qatılan insanların bayram əhval-ruhiyyəsini daha da artıracaq.
Rəngarəng konsert proqramında muğam və klassik musiqi əsərləri, müxtəlif xalqların milli musiqiləri, müasir estrada və caz musiqisi səslənəcək. Bununla yanaşı, Qız qalası meydanında pantomima ustaları, Əliağa Vahid meydanında isə “Muğam üçlüyü” çıxış edəcək.
Bayram tədbirləri çərçivəsində İçərişəhərlə yanaşı, 20-21 mart tarixində “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunda da “Nağıl şəhərciyi” adlı Novruz şənliyi keçiriləcək. Rəngarəng konsert proqramı təşkil olunacaq, uşaqlar poni və uzunqulaqla gəzəcək, nağıl obrazları ilə canlı ünsiyyətdə olacaqlar. “Qala” qoruğunda keçiriləcək Novruz tədbirləri ilə əlaqədar İçərişəhərdən, Qoşa Qala qapıları qarşısından yola düşəcək nəqliyyat vasitələri qonaqlara pulsuz xidmət göstərəcək.
Fariz