Londonda "Bakı prosesi"nin 5 illik yubiley mərasimi və III Dünya Mədəniyyətlərarası Dialoq Forumunun beynəlxalq işçi qrupunun iclası keçirilib.
Tədbirdə UNESCO-nun, BMT-nin Sivilizasiyalar Alyansının, Avropa Şurasının, Avropa Şurasının Şimal-Cənub Mərkəzinin, İSESCO-nun, BMT-nin Dünya Turizm Təşkilatının, Ərəb Liqası və Böyük Britaniyanın Koventri Universitetinin Sülh, Etimad və Sosial Münasibətlər Mərkəzinin təmsilçiləri, Böyük Britaniya parlamentinin üzvləri iştirak ediblər.
Azərbaycanın Böyük Britaniyadakı səfiri Fəxrəddin Qurbanov bildirib ki, son illərdə dünya xalqları arasında dialoqun təşviqi və inkişafında Azərbaycan mühüm rol oynamaqdadır. Bu, ilk növbədə, ölkəmizin geosiyasi əhəmiyyəti ilə bağlı olan məsələdir. Şimal ilə Cənubun, Şərqlə Qərbin kəsişmə nöqtəsində yerləşən Azərbaycan həm Avropa Şurasının, həm də İSESCO-nun üzvüdür. Azərbaycan müxtəlif etnosların və millətlərin, fərqli dinlərə sitayiş edən insanların tarixən dostluq şəraitində yaşadığı tolerant bir ölkədir. Bu səbəbdən müxtəlif mədəniyyətlərin və qitələrin qovuşuğunda yerləşən Azərbaycanın həm geosiyasi vəziyyəti, həm də mədəni zənginliyi "Bakı prosesi" çərçivəsində mədəniyyətlərarası dialoq təşəbbüslərini Avropa və ona qonşu regionların hüdudları çərçivəsindən çıxarıb daha qlobal səviyyəyə yüksəltməyə imkan verir.
Tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev “Bakı prosesi”nin mahiyyəti və tarixi haqqında ətraflı məlumat verib. Nazir bildirib ki, “Bakı prosesi” 2008-ci ilin dekabrında paytaxtımızda keçirilən Avropa və ona qonşu regionların mədəniyyət nazirlərinin konfransında irəli sürülüb. Bu konfransda ilk dəfə olaraq 10 İslam ölkəsinin də iştirak etməsi ilə yeni bir formatın əsası qoyulub. 48 ölkənin, 8 beynəlxalq təşkilatın və bir sıra beynəlxalq qeyri-hökumət təşkilatlarının nümayəndələrinin iştirak etdikləri konfransda Azərbaycanın təşəbbüsü ilə “Mədəniyyətlərarası dialoqun təşviqinə dair Bakı Bəyannaməsi” qəbul edilib. Konfransda Azərbaycan Prezidenti İlham Əliyevin dərin məzmunlu nitqi, irəli sürdüyü təkliflər və verdiyi tövsiyələr “Bakı prosesi”nin qlobal bir təşəbbüsə çevrilməsinə səbəb olub.
“Bakı prosesi”nin davamlılığını təmin etmək məqsədilə 2009-cu ildə Bakıda keçirilmiş İslam ölkələrinin mədəniyyət nazirlərinin VI konfransına Azərbaycanın təşəbbüsü ilə İslam ölkələri ilə yanaşı, 10-dan çox Avropa dövlətinin təmsilçisi də dəvət olunub. 2010-cu ildə isə bu regional təşəbbüs qlobal hərəkata çevrilməyə başlayıb və BMT Baş Məclisinin 65-ci sessiyasında Prezident İlham Əliyev tərəfindən Bakıda Dünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsi təşəbbüsü elan edilib.
Azərbaycan Prezidentinin himayəsi ilə 2011 və 2013-cü illərdə Bakıda keçirilmiş forumlar haqqında məlumat verən nazir deyib ki, bu möhtəşəm tədbirlər UNESCO-nun, BMT-nin Sivilizasiyalar Alyansının, Avropa Şurasının, Avropa Şurasının Şimal-Cənub Mərkəzinin, İSESCO-nun, BMT-nin Dünya Turizm Təşkilatının birgə tərəfdaşlığı ilə reallaşıb: “Gələcəkdə beynəlxalq elmi ictimaiyyəti, universitet və beyin mərkəzlərini bu prosesə fəal cəlb etmək niyyətindəyik. 2015-ci ildə keçiriləcək III Foruma ciddi layihə və proqramlarla hazırlaşırıq”.
Daha sonra BMT-nin Sivilizasiyalar Alyansının strateji məsələlər üzrə müşaviri Jan Kristof Bas, UNESCO-nun sülh və qeyri-zorakılıq mədəniyyəti üzrə sektorlararası platformasının rəhbəri Katerina Stenou, Dünya Turizm Təşkilatının Orta Şərq üzrə regional direktoru Əmir Abdel-Qaffar və başqalarının iştirakı ilə mövzuya dair müzakirələr aparılıb.
Tədbirdə ölkəmiz haqqında film nümayiş etdirilib, 2011 və 2013-cü illərdə Bakıda keçirilmiş forumlar və növbəti III Dünya Forumunun prioritetləri təqdim edilib.