Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə gerçəkləşən bayram mərasiminə çoxlu sayda əcnəbi qonaq da qatılmışdı

Zəngin folklorumuzu, mədəni irsimizi, milli-mənəvi dəyərlərimizi, adət-ənənələrimizi əsrlər boyu yaşadaraq günümüzə gətirən Novruz bayramı bu il də ölkəmizin bölgələrində, eləcə də Bakıda təntənə ilə qeyd olundu. Ənənəvi olaraq bu il də Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə paytaxtda böyük bayram mərasimi keçirildi. Martın 19-da “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisindən başlayan tədbirlər Dənizkənarı Milli Parkda təmtəraqla davam etdi. Hər il olduğu kimi, bu il də Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva mərasimdə iştirak edirdi.

Dövlət başçısı və xanımı əvvəlcə Qız qalasının qarşısındakı meydana gəldilər. Milli geyimli uşaqlar onlara bayram xonçası təqdim etdilər. Dədə Qorqud xeyir-dua verərək, Novruzun xalqımıza ruzi-bərəkət gətirməsini arzuladı: “Bahar bayramı xalqımız üçün xeyirli, uğurlu olsun. Evlərinizdən işıq, süfrələrinizdən bərəkət əskik olmasın. Dağlarımız ucalığını, bağlarımız barını itirməsin. Dəryalarımız dolu, çaylarımız axar olsun. Dənizimiz dalğalansın, nəslimiz, soyumuz artsın, çoxalsın. Ocağımızın közü, ana dilimizin sözü əbədi olsun. Tanrı sizləri qorusun, Tanrı millətimizi, dövlətimizi qorusun. Bayramımız mübarək olsun!”
Milli geyimli uşaqların rəqsləri, incəsənət ustalarının ifasında baharın gəlişini, doğma torpağımızı, vətənimizi tərənnüm edən mahnılar mərasimə qatılanlara əsl bayram əhvalı bəxş etdi. Ölkəmizin teatrları, musiqi və rəqs kollektivləri, tanınmış incəsənət ustaları, folklor qrupları, aşıqlar şənliyə qatılmışdılar.
Prezident İlham Əliyev Novruz tonqalını alovlandırdı. Dövlət başçısı mərasimdə çıxış edərək xalqımıza bayram təbriklərini çatdırdı, Novruzun bizim ən sevimli bayramlarımızdan biri, milli dəyərimiz, sərvətimiz olduğunu vurğuladı. Sonra Prezident və xanımı Dənizkənarı Milli Parka gəldilər, burada bayram şənliyinin çal-çağırlı səhnələrini, zorxana güləşçiləri və idmançıların çıxışlarını maraqla izlədilər, qədim el sənətləri və xalça nümunələrinə baxdılar, gənc rəssamların, modelyerlərin əl işlərinə tamaşa etdilər, aşıqları, muğam ifaçılarını dinlədilər.
Biz də Novruz şənliklərini izləməklə yanaşı, bölgələrimizin bayram sovqatları, mədəni irsi, bar-bərəkəti, mətbəxi ilə tanış olduq, bu günləri ölkəmizdə keçirən xarici qonaqların təəssüratlarını öyrəndik.

Bir tərəfdə aşıqlar, xanəndələr...

Dənizkənarı Milli Parkın ərazisində qonaqları ilk qarşılayanlar aşıqlar idi. Onlar bir-birindən maraqlı ifaları ilə insanların zövqünü oxşayırdılar. Aşıqlar Birliyinin katibi Musa Nəbioğlu təəssüratlarını bizimlə bölüşür: «Novruz xalqımızın ən sevimli bayramlarından biridir. Bu bayram həm də sazın, sözün bayramıdır. Aşıqlar Birliyi hər il Novruz münasibətilə düzənlənən tədbirlərə qatılır. Bu il 50-dək gənc aşıq bayram şənliklərində iştirak edir. Onların əksəriyyəti Mədəniyyət və İncəsənət Universitetinin aşıq şöbəsinin tələbələridir. Tanınmış aşıqlardan Əli Tapdıqoğlu, Fəzail Miskinli də onlarla birlikdədir. Proqramımız axşam saatlarınadək davam edəcək”.
Parkın digər tərəfində gənc xanəndələr Təyyar Bayramov, İlkin Əhmədov, Vüsalə Musayeva, Arzu Əliyeva və digərləri bir-birindən gözəl xalq mahnıları ifa edirdilər. Onların ətrafında da xeyli insan toplaşmışdı. Muğam ustaları tamaşaçıların alqışlarından daha da ruhlanaraq şaqraq səsləri ilə proqrama xüsusi rəng qatırdılar. Fürsətdən istifadə edib Əməkdar artist Təyyar Bayramovun fikirlərini alırıq: «Novruz müqəddəs bayramdır. Yazın gəlişinin müjdəçisi olan Novruz gələndə əhval-ruhiyyəmiz dəyişir, insanların üzlərində sevinc hissləri görünür. Biz xanəndələr də bundan ruh alırıq. Çünki millətimizin sevinci bizim sevincimizdir. Mən də Azərbaycan xalqını bu bayram münasibətilə ürəkdən təbrik edirəm, xoşbəxt və firavan günlər arzulayıram. İnsanların üzündən sevinc, gülüş əskik olmasın, süfrələri bol, ruzi-bərəkətli olsun».
Bayram tədbirində böyük şövqlə çıxış edən musiqi kollektivlərindən biri də Əhməd Bakıxanov adına xalq çalğı alətləri ansamblı idi. Ansamblın rəhbəri Xalq artisti, tanınmış tar ifaçısı Möhlət Müslümov qeyd etdi ki, hər il Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə bu tədbirlərə qatılırlar: «Mən özümə borc bilirəm ki, xalqımızın ən çox sevdiyi Novruz bayramında onunla birlikdə olum. Mənəvi dəyərlərimizi, adət-ənənələrimizi özündə yaşadan Novruz insanlar arasında birliyin və mehribanlığın möhkəmləndirilməsi, onların bir-birinə mərhəmət və diqqət göstərməsi kimi sağlam bir təməl yaradıb. Bu bayram həm də firavanlıq, ruh yüksəkliyi, torpağa, insana məhəbbət bayramıdır. Bütün azərbaycanlıları bayram münasibətilə təbrik edirəm, onlara hər zaman birlikdə olmağı arzulayıram».

Bölgələrimizin özünəməxsus bayram təqdimatları

Azərbaycanın bölgələri də Novruz sovqatları ilə Milli Parkın ərazisində qurulmuş xüsusi stendlərdə təmsil olunurdu. Şəki, İsmayıllı, Gəncə, Tovuz, Naxçıvan, Quba, Şamaxı, Qəbələ, Ağdam, Xaçmaz, Lənkəran, Cəlilabad, Masallı, Oğuz və başqa rayonlardan gəlmiş nümayəndələr bu bölgələrə xas olan şirniyyat növlərini, mətbəx, mədəni irs, folklor nümunələrini nümayiş etdirirdilər.
Mədəniyyət və Turizm Nazirliyinin “Xalq yaradıcılığı paytaxtları” proqramına əsasən, 2013-cü ildə Azərbaycanın “Folklor paytaxtı” olmuş Zaqatala rayonunun stendində sənətkarlıq nümunələri ilə yanaşı, müxtəlif məhsullar, içkilər, şirniyyatlar yer almışdı. Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Zümrüd Ağakişiyeva bildirdi ki, Zaqatala hər il Bakıda təşkil olunan bayram şənliklərində təmsil olunur: «Bu, eyni zamanda rayonumuzun təbliğinə xidmət edir. Bayram günlərində Bakıya müxtəlif xarici ölkələrdən qonaqlar təşrif buyurur. Onlar bizim stendimizə yaxınlaşıb mətbəximizə, mədəniyyətimizə aid çoxlu suallar verirlər. Bəzən burada bizimlə danışıb sonrakı səfərlərində Zaqatalaya qonaq gələnlər də olur. Bu baxımdan mən bu tədbirlərin təşkil edilməsini çox yüksək dəyərləndirirəm».
Sərgidə diqqəti cəlb edən stendlərdən biri də Abşeron rayonuna aid idi. Qeyd edək ki, Abşeron bu il ölkəmizin “Sənətkarlıq paytaxtı”dır. Geniş stenddə rayonda istehsal olunan məhsullar nümayiş olunurdu. Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri İlham Manafov Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik etdi və belə tədbirlərin xüsusilə regionların mədəniyyətinin, turizm imkanlarının təbliğində böyük rolu olduğunu qeyd etdi: «Artıq 4 saatdan çoxdur burdayıq, təsəvvür edə bilməzsiniz nə qədər yerli vətəndaşımız və xarici qonaqlar stendimizə yaxınlaşıblar. Eləcə də müxtəlif ölkələrdən gələn qonaqlar ayrı-ayrı məhsulların istehsal prosesi ilə yaxından maraqlanır, suallar verirlər, biz də məmnuniyyətlə onlara ətraflı məlumat veririk. Düşünürəm ki, belə tədbirlərdə iştirak etmək çox vacibdir”.

“Adam toyda yorular?”

Milli Parkın ərazisində daha çox tamaşaçı kütləsi toplayan guşələrdən biri də Astara rayonunu təmsil edirdi. Ərbiyə Şabanovanın rəhbərliyi ilə rayonun Kakalos kənd mədəniyyət evinin nəzdində fəaliyyət göstərən “Əvəsor” folklor və xalq kollektivinin üzvləri maraqlı rəqslər və ifalar təqdim edirdilər. O bizimlə söhbətində bildirdi ki, 1964-cü ildə 3 qızla yaratdığı kollektivin indi 50-yə yaxın üzvü var: «Burda xalqımızın milli rəqslərini, folklorunu təbliğ edirik. Müxtəlif musiqi nömrələri ilə çıxış edirik. Astara rayonunda da belə tədbirlər olur, orda da iştirak edirik. İnsanların marağı bizi daha da həvəsləndirir. Bütün xalqımızı bayram münasibətilə təbrik edirəm».
Lənkəran rayonunun Separadi kəndindən gəlmiş «Nənələr» ansamblının çıxışı da maraqlı idi. Parka gələn insanlar bu məşhur kollektivlə şəkil çəkdirmək üçün növbəyə durmuşdular. Ansamblın üzvlərindən Gülbəsər Kərimova bildirdi ki, «Nənələr» 6 nəfərdən ibarətdir. 1982-ci ildən yaradılan kollektivin ilk üzvlərindən olmuş 3 nəfər indi də ansambldadır. Xanımbibi Əzimova, Xanımbacı Quliyeva və Qızbəs Əhədova qrupun ən yaşlı üzvləridir. Onlara ünvanladığımız «Yorulmursunuz» sualına maraqlı cavab alırıq: «Adam toyda, şənlikdə yorular?»
Xaçmaz rayonunun stendi digərlərindən bir qədər fərqli idi. Burada isti-isti göy qutabı, lavaş bişirib istəyənlərə verirdilər. Rayon sakini Yaqut Mənsimova bildirdi ki, hər il bu tədbirlərdə iştirak edirlər. O, Azərbaycanın daha da çiçəklənməsi naminə hər bir ölkə vətəndaşına birlik arzuladığını söylədi.
Azərbaycan Milli Kulinariya Mərkəzi də böyük bir stendlə təmsil olunmuşdu. Burada müxtəlif rayonların mətbəx nümunələri vardı. Mərkəzin direktoru Tahir Əmiraslanov budəfəki Novruz şənliyinə bir çox yeniliklərlə qatıldıqlarını dedi. Onun sözlərinə görə, mərasimdə 12 rayonun mətbəxi təqdim olunur: «Əsasən Novruz bayramına aid şirniyyatlar üstünlük təşkil edir. Çünki bu, Azərbaycan xalqının bütün milli xüsusiyyətlərini özündə cəmləşdirən bayramdır. Novruzun özünəməxsus süfrəsi var. Biz də çalışmışıq ki, stendimiz məhz bu baxımdan rəngarəng olsun».

Kitablar və rəsm əsərləri diqqət mərkəzində idi

Bayram tədbirində mədəniyyət ocaqları da öz stendləri ilə təmsil olunmuşdular. Azərbaycan Dövlət Rəsm Qalereyasının stendində 24 rəsm əsəri sərgilənirdi. Azərbaycan Milli Kitabxanasının stendinin qarşısı da qələbəlik idi. Burada 2 minə yaxın kitab yer almışdı. Sevindirici hal idi ki, kitablarla maraqlananların içərisində gənclər daha çox idi. Onlardan bir neçəsinin fikirlərini öyrəndik. Elmin Qədirov deyir ki, internet və digər informasiya imkanları nə qədər geniş olsa da, bu sahədə kitabın əvəzi yoxdur: «Bakı Dövlət Universitetinin coğrafiya fakültəsini bitirmişəm. Amma çalışdığım sahə informatika ilə bağlıdır. Hər zaman yenilik axtarışındayam. Bu baxımdan da kitablara daha çox üstünlük verirəm».
Nərmin Abbasova isə Bakı Slavyan Universitetində sonuncu kursda oxuyur. Dediyinə görə, evlərində böyük bir kitabxanası var: «Kitab almaqdan yorulmuram. Bəzən olur ki, cibimdəki sonuncu pullarımı da xoşum gələn kitaba verirəm. Kitab insanın dünyagörüşünü, məlumatını, söz ehtiyatını artırır».

Xarici turistlərin Novruz təəssüratları

Bayram tədbirlərini yerli vətəndaşlarımızla yanaşı, çoxsaylı xarici turistlər də yaxından izləyirdilər. Onlardan bir neçəsi ilə həmsöhbət olduq.
Özbəkistandan gəlmiş Sürəyya Aspolatova bildirdi ki, Novruz bayramı Özbəkistanda da təmtəraqlı qeyd olunur: «Bu bayramın Azərbaycanda daha fərqli və gözəl qeyd olunması haqqında çox eşitmişdim. Düzünü deyim ki, xeyli vaxt idi bunu öz gözlərimlə görmək üçün Bakıya gəlməyi planlaşdırırdım. Amma imkan olmurdu. Nəhayət, bu il belə bir fürsət əlimə düşdü. Siz bu bayramı çox möhtəşəm qeyd edirsiniz. İnanın, mən Novruz bayramında çox ölkələrdə olmuşam. Amma heç bir yerdə belə təntənə görməmişəm. Bizdə də səməni cücərdilir, bayram münasibətilə yarmarkalar təşkil edilir. Şəkərbura və paxlava isə ancaq sizə məxsusdur. Bu şirniyyatları çox dadlı bişirirsiniz. Mətbəxiniz zəngindir, xalqınız da çox qonaqpərvər, mehribandır. Bakı mənim çox xoşuma gəldi. İnşallah, buraya bir də gələcəyəm”.
Polşalı Saşa Skilitek və Qeoqr Ptaşek ilk dəfədir ölkəmizə gəliblər. Bakını çox sevdiklərini deyən müsahiblərimiz bildirdilər ki, burada gördüklərindən heyrətə gəliblər: «Bakıda necə nəhəng tikililər var. Çox maraqlı şəhərdir. Artıq üç gündür burdayıq, hələ beş gün də qalacağıq. İçərişəhəri hər gün gəzirik. Qaldığımız hoteldə bizə bildirdilər ki, buraya tək gəlmək olmaz, aza bilərik. Dünən bu kiçik şəhərin demək olar ki, bütün küçələrindən keçdik, çünki həqiqətən azmışdıq (gülürlər). Sizin bir həmyerliniz Varşava Universitetində oxuyur. O bizim yaxın dostumuzdur. Buraya gəlməyimizi də o təşkil edib. Novruz bayramı haqqında eşitmişdik, dostumuz danışmışdı. Amma indi gözlərimizlə gördükdən sonra onu çox sevdik. Əsl bahar bayramıdır. Burada hər şey yazın gəlişindən xəbər verir”.
Abdollah Məlikzadə isə İran İslam Respublikasından gəlib. Ailəsi ilə birlikdə artıq 4 ildir hər il Novruzda Bakıya gəldiyini deyən həmsöhbətim buradakı tədbirlərin daha maraqlı olduğunu söylədi: «Hər il Bakının daha da gözəlləşdiyinin şahidi oluruq. Bu bizi çox sevindirir. Axı bura da vətəndir. Novruz şənliyi isə sizdə çox maraqlı keçir. Ona görə də uşaqların istəyini nəzərə alıb hər il buraya gəlirəm. Bütün azərbaycanlıların bayramını təbrik edirəm».
“Mən azərbaycanlıların mehribanlığına və qonaqpərvərliyinə heyran qaldım”.
Bu isə albaniyalı Nertiol Xhanarinin Bakıdakı Novruz şənlikləri ilə bağlı ürək sözləridir. Ölkəmizdə ilk dəfə səfərdə olduğunu vurğulayan qonaq Azərbaycan musiqisinin, mədəniyyətinin, Bakının gözəlliyinin onun qəlbində xoş təəssürat yaratdığını dedi.
İtaliyalı Roberto Feraro da ilk dəfədir Azərbaycana gəlir: “Ölkəniz haqqında müəyyən məlumatım olsa da, istəyirdim gəlib hər şeyi gözlərimlə görüm. Şükürlər olsun ki, bu mənə qismət oldu. Novruz şənliklərini çox bəyəndim. Burada xalqınızın keçmişini, həyata, dünyaya baxışını görüb, dərk edirsən. Bakıda böyük inkişafın şahidi oldum. Gələcəkdə yenə Azərbaycana gəlmək istərdim”.

* * *
Novruz həqiqətən də xalqımızın qədim dünyagörüşünü, tarixi yaddaşından süzülüb gələn ənənələrini yaşadan, keçmişimizi və gələcəyimizi bir-biri ilə bağlayan bayramdır. Elə bu səbəbdəndir ki, sovet hakimiyyəti illərində həyata keçirilən siyasət, digər milli-mənəvi dəyərlərimiz kimi, Novruzu da Azərbaycan xalqının şüurundan silə bilməyib. Xalqımız Novruzu, həmişə olduğu kimi, bu il də böyük sevinclə qarşıladı. Xalqımız yaşadıqca Novruz adət-ənənələri, onun yaratdığı mədəni sərvətlər də bizimlə olacaq. Çünki Novruz bayramı dərin milli köklərə, zəngin adət-ənənələrə malik olmaqla yanaşı, xalqımızın ictimai və mənəvi həyatında əhəmiyyətli hadisədir. Novruz həm də xalqımızın milli həmrəyliyinin rəmzidir.
2010-cu ildə BMT-nin qərarı ilə Novruz beynəlxalq bayram elan olunub. Bu, böyük bir coğrafi məkanda yaşayan 200 milyondan çox insanın milli-mənəvi yaddaşına dünyanın ən mötəbər qurumu səviyyəsində verilən dəyərin təzahürüdür. Qədim tarixə malik Novruz həm də əcdadlarımızın bizə töhfəsi, onlardan qalan mirasdır. Tarixən milli düşüncə tərzinin və məfkurəsinin formalaşmasında, insanların yüksək əxlaqi dəyər və normalar çərçivəsində yaşamasında böyük rol oynayan Novruz özündə paklığı, mühüm insani dəyərləri tərənnüm edir, varlığın yenidən canlanmasını müjdələyir, sabaha, gələcəyə ümidlərimizdən xəbər verir. Biz də bir daha xalqımızın Bahar bayramını təbrik edir, ruzili, bərəkətli, sevincli, günəşli günlər arzulayırıq.

Fəxriyyə Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar