Bölgələrdə növbəti görüşü keçirən mədəniyyət və turizm naziri sakinlərin əhəmiyyətli mövzulara diqqət ayırmasını təqdirlə qarşıladı

Ölkə Prezidentinin tapşırığına əsasən, müvafiq olaraq mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri hər ay bölgələrdə vətəndaşların qəbulunu keçirirlər.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin vətəndaşlarla növbəti görüşü martın 28-də Ağsu şəhərindəki Uşaq Gənclər Bədii Yaradıcılıq Mərkəzində gerçəkləşdi. Ağsu, İsmayıllı, Qəbələ, Qobustan, Oğuz, Şamaxı rayonlarından qəbula yazılmış 30-dək sakin müxtəlif məsələlərlə bağlı xahiş və təkliflərini nazirə çatdırdılar.
Müraciətlər əsasən rayonlarda mədəniyyət ocaqlarının fəaliyyəti, tarixi-mədəni irsin qorunması, turizm sahəsinin inkişaf etdirilməsi və sosial məsələlərlə bağlı idi. Orta əsr Ağsu şəhər yerinin qoruq elan edilməsi, Şamaxı rayonunun Kələxana kəndində türbələrin, Oğuz rayonu Kərimli kəndi ərazisində yerləşən kurqanların təmir-bərpası, Qobustan rayonunda xalçaçılıq sexinin açılmasına yardım göstərilməsi və s. məsələlər qaldırıldı. Bölgədəki mədəniyyət müəssisələrində ixtisaslı kadrların çatışmadığı, musiqi məktəblərində yeni şöbələrin açılmasının zərurəti də diqqətə çatdırıldı.
Turizmlə bağlı təşəbbüslər də diqqətdən kənarda qalmadı. Qəbələ şəhərində Turizm İnformasiya Mərkəzinin yaradılması, Şamaxı şəhərində turistlər üçün suvenir dükanının açılması, Oğuz rayonu Xalxal kəndində turizm rekreasiya zonasının təşkili və digər təkliflər müsbət qarşılandı.
Qəbula gəlmiş vətəndaşların bir neçəsi ilə biz də həmsöhbət olduq. Ağsu rayonu Çaparlı kənd sakini Allahverdi Qurbanov konkret təkliflə qəbula gəldiyini dedi: “Bildiyiniz kimi, Ağsu, ümumiyyətlə, bu bölgə tarixi abidələrlə zəngindir. Sağ olsunlar, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən bir çox tarixi abidələr bərpa edilib. Bəziləri də bərpa planına salınıb. Mənim xahişim isə Orta əsr Ağsu şəhəri tarixi abidəsinin qoruq elan edilməsi ilə bağlıdır. Bu ərazidə böyük qazıntı işləri aparılıb, üzəri örtülüb. Çox istərdik ki, tarixi abidəyə qoruq statusu verilsin, tariximiz gələcək nəslə aşınmadan, olduğu kimi çatdırılsın”.
Oğuz rayonundan Təbriz Çələbiyevin də müraciəti tarixi abidələrlə bağlı idi: “Rayonumuzun ərazisində qədim alban tarixinə aid dəyərli abidələr var. Onların bir çoxu nazirliyin xətti ilə təmir və bərpa olunub. Çox istərdik ki, üç alban məbədi və Kərimli kəndi ərazisində yerləşən qədim kurqanlar da restavrasiya siyahısına salınsın”.
Qəbələ rayonu Kola kəndindən Xəqani Abdusalamov isə uşaq incəsənət məktəblərində yeni siniflərin açılması xahişi ilə qəbula gəlmişdi: “Bizim rayonda fəaliyyət göstərən uşaq incəsənət məktəblərində milli musiqimiz yüksək səviyyədə tədris olunur. Ancaq nəfəsli alətlər və skripka ifaçılığı ilə bağlı siniflər yoxdur. İstəyirik məktəblərdə bu alətlər üzrə də siniflər açılsın. Ola bilər ki, burada müəllim çatışmazlığı da var. Ancaq qonşu rayonlardan bu sahəyə müəllim cəlb etmək olar. İnanıram ki, bu məsələ həllini tapacaq”.
Qobustan rayonu Çalov kənd sakini Nəsimi Cəfərovun müraciəti xalçaçılıq sənəti ilə bağlı idi: “Xalçaçılıq bizim qədim el sənətidir və xalqımız bu peşəni daim yaşadıb. Mənim sakini olduğum Çalov kəndində də xalçaçılıq geniş yayılıb. Demək olar ki, hər evdə xalça, kilim toxunur. Bir çox ailələr üçün bu həm də gəlir mənbəyidir. Rayona gələn turistlər xalçaların necə toxunduğunu görmək üçün ayrı-ayrı evlərə baş çəkirlər, bəyəndikləri xalçaları alırlar. Ancaq çox yaxşı olardı ki, rayonda xalça sexi açılsın, həm kənd, həm də rayon sakinləri bura işə cəlb olunsun. Bu həm xalçaçılığın inkişafına töhfə vermiş olar, həm də turistlər üçün baş çəkə biləcəkləri maraqlı məkana çevrilər”.
Qəbələ rayonundan Yunus Siraczadə isə turizmlə bağlı təkliflə gəlmişdi: “Qəbələ ölkəmizin aparıcı turizm bölgələrindən biridir. Azərbaycana səfər edən turistlərin böyük əksəriyyəti bu bölgəyə mütləq baş çəkirlər. Bu baxımdan istərdik ki, digər rayonlarda olduğu kimi, Qəbələdə də Turizm İnformasiya Mərkəzi yaradılsın. Bu həm bölgəyə səfər edən turistlərin sayının artmasına, həm də onların rayonun tarixi, görməli yerləri haqqında daha çox məlumatlanmasına səbəb olar. İnanıram ki, təklifim müsbət qarşılanacaq”.

* * *
Vətəndaşların xahiş və təkliflərini diqqətlə dinləyən nazir Əbülfəs Qarayev onların belə əhəmiyyətli mövzulara diqqət ayırmasını təqdirlə qarşıladı, qaldırılan bütün təşəbbüslərin nəzərdən keçiriləcəyini, müvafiq tədbirlər görüləcəyini bildirdi. Nazir mətbuata açıqlamasında qeyd etdi ki, tarixi abidələrin təmir-bərpası nazirliyin də hər zaman diqqətindədir və bu istiqamətdə ardıcıl işlər görülür: “Azərbaycanın bu bölgəsi tarixi abidələrlə zəngindir. Qaldırılan təşəbbüslərin bir çoxunun da bu mövzuda olması təsadüfi sayılmamalıdır. Bölgədə yerləşən tarixi abidələrin bir qismi təmir-bərpa olunub, ancaq restavrasiyaya ehtiyacı olanlar da var. Bu istiqamətdə müvafiq dövlət proqramı hazırlanıb, ona uyğun da işlər davam etdiriləcək”.
Əbülfəs Qarayev ikinci prioritet məsələnin regionda turizm infrastrukturunun genişləndirilməsi ilə bağlı olduğunu vurğuladı: "Bildiyiniz kimi, bu bölgə ölkənin mühüm turizm marşrutu üzərində yerləşir. Bu baxımdan turizmin inkişafı ilə bağlı səsləndirilən təkliflər aktualdır. Turizm informasiya mərkəzlərinin yaradılması, daha çox turist cəlb edən tarixi abidələrin bərpası diqqətimizdədir".
Nazir ayrı-ayrı vətəndaşların sosial məsələlər, işlə bağlı müraciətlərinin də nəzərdən keçiriləcəyini və mümkün olduğu qədər onların həllinə köməklik göstəriləcəyini bildirdi.

* * *
Qəbuldan sonra Ağsu Uşaq Gənclər Bədii Yaradıcılıq Mərkəzinin konfrans zalında mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin sədrliyi ilə nazirliyin zona müşavirəsi keçirildi.
Nazirliyin Aparat rəhbəri Firudin Qurbanov, şöbə müdirləri və məsul əməkdaşları, Ağsu, İsmayıllı, Qəbələ, Qobustan, Oğuz, Şamaxı rayonlarının mədəniyyət və turizm müəssisələri rəhbərlərinin iştirak etdikləri müşavirədə bir sıra aktual məsələlər diqqətə alındı. Ağsu və ətraf rayonlarda yerləşən tarixi-mədəni abidələrin qorunması və bərpası məsələlərinə toxunan Əbülfəs Qarayev qeyd etdi ki, qəbul olunmuş proqram çərçivəsində bu istiqamətdə ardıcıl iş aparılır.
Nazir bölgənin turizm infrastrukturunun təkmilləşdirilməsi məsələlərindən də söz açdı.
Yerlərdə turizmlə bağlı təkliflərin, təşəbbüslərin az olduğunu deyən Əbülfəs Qarayev bildirdi ki, xüsusilə kitabxanalar bu yöndə daha çox fəaliyyət göstərməlidirlər. Kitabxanalar turizmlə bağlı informasiya mərkəzləri kimi xidmət sektorunda çalışan insanların da maarifləndirilməsi istiqamətində iş aparmalıdırlar. Mədəniyyət və turizm müəssisələrində bəzi pullu xidmətlərin yaradılmasının, bu istiqamətdə təşəbbüslərin irəli sürülməsinin vacibliyi vurğulandı. Qeyd edildi ki, bu həm rayon şöbələrinin əlavə gəlir götürməsinə, həm də göstərilən xidmətlərin keyfiyyətinə müsbət təsir etmiş olar. İsmayıllı rayonunda Mədəniyyət mərkəzinin yaradılması ilə bağlı həyata keçirilən pilot layihəyə toxunan nazir bu təcrübənin öyrənilməsini və digər bölgələrdə tətbiq olunmasını tapşırdı.
Daha sonra müşavirə iştirakçılarının təklif və çıxışları dinlənildi, fikir mübadiləsi aparıldı.

Sadiq Musa







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar