Mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva Cenevrəyə səfər edib
İsveçrənin Cenevrə şəhərində Birləşmiş Millətlər Təşkilatı Əlillərin hüquqları üzrə Komitəsinin 11-ci sessiyasında "Əlillərin hüquqları haqqında" beynəlxalq konvensiya üzrə ölkələrin milli məruzələri təqdim olunur.
Mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva konvensiya üzrə Azərbaycan Respublikasının ilk məruzəsinə baxılması ilə əlaqədar ölkəmizin nümayəndə heyətinin tərkibində Cenevrə şəhərinə səfər edib.
Sessiyadan öncə, martın 31-də Azərbaycanın Cenevrədəki BMT bölməsi və digər beynəlxalq təşkilatlar yanında nümayəndəliyində hazırlıq iclası olub və UNİCEF-in Mərkəzi və Şərqi Avropa və Müstəqil Dövlətlər Birliyi üzrə regional direktoru Mari-Pyer Puarye ilə görüş keçirilib.
Aprelin 1-də nümayəndə heyəti BMT-nin Əlillərin hüquqları üzrə Komitəsinin sədri Maria Soledad Sisternas Reyes ilə görüşüb. Həmin gün "Əlillərin hüquqları haqqında" BMT-nin konvensiyasına dair Azərbaycan hökumətinin ilk hesabatı dinlənilib.