Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Abşeron rayon Mədəniyyət mərkəzinin "Abşeron" aşıqlar qrupu, “Abşeron” uşaq rəqs qrupu, Xırdalan şəhər uşaq musiqi məktəbinin xalq çalğı alətləri ansamblı Türkiyədə Novruz bayramı münasibətilə konsert proqramları ilə çıxış ediblər.
Səfər bir anlamda həm də bu il “Azərbaycanın sənətkarlıq paytaxtı” olan Abşeron rayonunun qardaş ölkədə təqdimatı olub. Rayon təmsilçiləri İstanbul, İzmir, Bursa və Manisa şəhərlərində tədbirlərə qatılıb.
Qeyd edək ki, 2008-ci ildə Abşeron rayonu ilə Bursa vilayətinin Yıldırım bələdiyyəsi arasında imzalanan qardaşlıq protokolu mədəniyyət və incəsənət əlaqələrinə də zəmin yaradıb. Konsertdən öncə Yıldırım bələdiyyə başqanı Keskin Özən və Abşeron Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri İlham Manafov çıxış edərək qardaşlıq əlaqələrindən söhbət açıb, belə tədbirlərin xalqlarımızın mədəniyyətlərinin qarşılıqlı təbliğində rolunu vurğulayıblar.
İlham Manafov keçirilən görüşdə Abşeron rayonunun bu il “Azərbaycanın sənətkarlıq paytaxtı” elan edildiyini diqqətə çatdırıb. Qeyd edib ki, “Sənətkarlıq paytaxtı” ili çərçivəsində ilk tədbirlərdən birinin qardaş Türkiyədə keçirilməsi təsadüfi deyil. Vurğulayıb ki, bu əməkdaşlıq davam edəcək və aprel ayında Bursanın Yıldırım bələdiyyəsinin aşıqlar qrupu Abşeron rayonunda çıxış edəcəklər. Tərəflər bir-birinə xatirə hədiyyələri təqdim ediblər.
Tədbirin bədii hissəsində Abşeron xalçaçılarının, sənətkarlarının əl işlərindən ibarət sərgi nümayiş etdirilib. Sonra konsert proqramı təqdim olunub. Abşeron rayon Mədəniyyət mərkəzinin bədii-özfəaliyyət kollektivlərinin, Xırdalan şəhər uşaq musiqi məktəbinin şagirdlərinin ifaları maraqla qarşılanıb.
Musiqi məktəbinin direktoru İkram Manafov da səfər təəssüratını bizimlə bölüşdü. Onun sözlərinə görə, “İstanbul Türkiyə-Azərbaycan” dərnəyinin təşkilatçılığı ilə İstanbul şəhərində, İzmirdəki “Azərbaycan Mədəniyyət Mərkəzi” dərnəyinin təşkilatçılığı ilə İzmir Universitetində keçirilmiş tədbirlərdə məktəbin müəllim və şagirdlərindən ibarət xalq çalğı alətləri ansamblı Azərbaycan bəstəkarlarının əsərlərini və xalq mahnılarını təqdim edib. Ansamblın, həmçinin məktəb şagirdlərinin rəqs qrupunun çıxışları böyük maraqla qarşılanıb.
Direktor bildirdi ki, Türkiyənin ölkəmizdəki səfirliyinin müraciətini və Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin razılığını nəzərə alaraq 2012-ci ildən Türkiyənin Manisa gözəl sənətlər və idman liseyi ilə Xırdalan şəhər uşaq musiqi məktəbi arasında əlaqələr qurulub. “Qardaş məktəb” layihəsi çərçivəsində ötən ilin mayında məktəb nazirliyin maliyyə dəstəyi ilə Manisada səfərdə olub və liseyin tədris ili yekun konsertində çıxış edib. Bu əlaqələrin davamı olaraq martın 21-də Manisada Novruz tədbirlərində və ənənəvi “Mesir məcunu” festivalında tədris kollektivləri birgə konsert proqramı təqdim ediblər.
“Qardaş şəhərlər” layihəsi çərçivəsində Bursada keçirilən tədbirlərdə də Xırdalan şəhər uşaq musiqi məktəbinin kollektivinin çıxışı yaddaqalan olub.
Səfər zamanı nümayəndə heyəti Bursa şəhərində ulu öndər Heydər Əliyevin adını daşıyan parka baş çəkib, parkda ağaclar əkib.
Lalə Azəri