Rəşad Məcidin “Dəlicəsinə” kitabının təqdimatı keçirildi

Aprelin 4-də Mətbuat Şurasında qurumun idarə heyətinin üzvü, Azərbaycan Yazıçılar Birliyinin katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcidin “Dəlicəsinə” kitabının təqdimatı keçirildi.

Tədbiri Mətbuat Şurasının sədri Əflatun Amaşov açaraq Rəşad Məcidin təbiəti üçün xarakterik olan incə duyum tərzinin, dostluğa sədaqətinin onun yaradıcılığının da aparıcı həlqəsini təşkil etdiyini bildirdi: “Rəşad Məcidin yaradıcılığı rəngarəngdir. Elə bu səbəbdən də müəllif jurnalistikaya, publisistikaya və lirikaya eyni dərəcədə yaxın olmağı bacarır. Kitabı nəzərdən keçirəndə bir daha bunun şahidi oluruq. Onu müəllifin yaşantılarının məhsulu da adlandırmaq olar”.
Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin professoru Cahangir Məmmədli çıxışında Rəşad Məcidi publisistikanı bədii ədəbiyyatla birləşdirməyi bacaran yazıçılardan biri kimi dəyərləndirdi. Müəllifin hekayələrinin yaddaqalan olduğunu, oxucular tərəfindən hər zaman gözlənildiyini vurğuladı. “Ədalət” qəzetinin baş redaktoru, yazıçı-publisist İradə Tuncay, “Olaylar” qəzetinin və eyniadlı informasiya agentliyinin rəhbəri Yunus Oğuz, “Kaspi” qəzetinin baş redaktoru Natiq Məmmədli, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə və digər çıxış edənlər kitabın məziyyətlərindən söhbət açdılar. Bildirildi ki, “Yaşadıqlarım”, “Gördüklərim”, “Tanıdıqlarım”, “Dediklərim” bölümlərindən ibarət kitabda yazıçının müxtəlif illərdə qələmə aldığı publisistik yazıları, səfər təəssüratları, portret-məqalələri və son illər müəllifin mətbuat orqanlarına verdiyi müsahibələrdən bir neçəsi yer alıb.
Mərasimdə çıxış edən Rəşad Məcid qeyd etdi ki, ətraf aləmdə baş verən hadisə və proseslər barədə düşünmək, dolğun mühakimə yürütmək, söhbətlərdən, mükalimələrdən həzz almaq üçün vaxt imkanlarının məhdud olduğu müasir zamanda unudulmaz insanların mövcudluğu çox vacibdir. Unudulmayan insanların bir çoxu ilə “Dəlicəsinə” kitabında rastlaşa bilərsiniz. Müəllif kitabın ərsəyə gəlməsində əməyi keçən, tədbirdə iştirak edən hər kəsə minnətdarlığını bildirdi.
“Təhsil” nəşriyyatında işıq üzü görən kitaba professor Cahangir Məmmədli “Dəlicəsinə sevmək” adlı ön söz yazıb. Nəşrin redaktoru Yusif Rzayevdir.

Lalə Azəri







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar