Moskvada “Azər-İlmə” şirkətinin satış qalereyası açılıb

Aprelin 16-da Moskvada “Azər-İlmə” şirkətinin “Azərbaycan xalçaları. İlmələrin əfsanəsi” adlı qalereya-butikinin açılışı olub. Bu, Rusiyada Azərbaycan əl xalçalarının satılacağı ilk rəsmi mağazadır. Qalereyada azərbaycanlı xalça ustalarının qədim və müasir işlərinin kolleksiyalarını görmək olar.

Açılış mərasimində çıxış edən ölkəmizin Rusiyadakı səfiri Polad Bülbüloğlu deyib ki, Azərbaycan xalqının mədəniyyət tarixində xalça xüsusi rol oynayır. Milli xalçalarımızın nadir nümunələri dünyanın aparıcı muzeylərində saxlanılır. Keçmiş Sovet İttifaqında ilk xalça muzeyi məhz Bakıda yaradılıb. Səfir Prezident İlham Əliyevin göstərişinə əsasən Bakıda xalça muzeyinin orijinal memarlıq üslubunda yeni binasının tikildiyini diqqətə çatdırıb.
Professor Vidadi Muradovun rəhbərlik etdiyi “Azər-İlmə” şirkətində xüsusi texnologiya əsasında qeyri-adi gözəlliyə malik xalçalar hazırlandığını deyən səfir əmin olduğunu bildirib ki, Moskvada açılan qalereya-butik uğur qazanacaq və Azərbaycan xalçalarını Rusiya paytaxtında layiqincə təqdim edəcək.
Qalereyanın baş direktoru Vitali Yefremov bildirib ki, məqsəd moskvalıları və Rusiya paytaxtının qonaqlarını Azərbaycanda xalçaçılıq sənətinin tarixi və xalçaçılıq mədəniyyəti ilə tanış etmək, “Azər-İlmə” şirkətində istehsal olunan ən yaxşı sertifikatlaşdırılmış nümunələri nümayiş etdirməkdir.
Qalereyada Azərbaycanın əsas xalçaçılıq məktəblərinin tarixi, bu məktəblər üçün səciyyəvi istehsal üsulları və texnologiyaları haqqında geniş ədəbiyyat, o cümlədən “Azərbaycanın xalçaçılıq məktəbləri” silsiləsindən kitablar yer alıb.
“Azər-İlmə” şirkətinin baş direktoru Vidadi Muradov bildirib ki, şirkət Azərbaycan xalçalarını dünyada yaymaqla eyni zamanda xalça sənətimizin inkişafına töhfə verir: “Ölkəmizdə Prezident İlham Əliyevin qayğısı sayəsində xalçaçılığın inkişafının qanunverici bazası yaradılıb. Heydər Əliyev Fondunun prezidenti, birinci xanım Mehriban Əliyevanın dəstəyi ilə Azərbaycan xalça sənəti UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilib”.
“Azər-İlmə” şirkətinin Moskvada açılan satış qalereyasında Azərbaycanın 9 (Bakı, Quba, Şirvan, Qarabağ, İrəvan, Gəncə, Qazax, Naxçıvan və Təbriz) xalçaçılıq məktəbinin nümunələri təqdim olunur.
Qalereyanın açılışında Rusiyanın tanınmış siyasi və ictimai xadimləri iştirak edib. Sverdlovsk vilayətinin qubernatoru Yevgeni Kuyvaşev qeyd edib ki, Azərbaycan xalça sənəti irsini qoruyub saxlamaq, o cümlədən Rusiyada bu işi inkişaf etdirmək lazımdır. Rusiya Federasiya Şurasının üzvü Eduard Rossel vaxtilə Azərbaycanın ümummilli lideri Heydər Əliyevin ona bağışladığı xalçanı ən qiymətli hədiyyə kimi saxladığını deyib. Tanınmış rejissor Yuli Qusman Azərbaycan xalçalarını muğam ilə müqayisə edərək onların hər birinin özünəməxsusluğu olduğunu vurğulayıb, qalereyaya uğurlar arzulayıb.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar