Aprelin 5-dən 10-dək Türkmənistanda “Asiada-2017 mətbəxi” adlı beynəlxalq kulinariya tədbiri keçirilib. 2017-ci ildə Türkmənistanın ev sahibliyi edəcəyi V Asiya Oyunlarına (Asiada) hazırlıq çərçivəsində təşkil olunan tədbirdə ölkəmizi Milli Kulinariya Assosiasiyasının prezidenti Tahir Əmiraslanovun rəhbərliyi ilə nümayəndə heyəti təmsil edib.

Aprelin 16-da “Astporya” hotelində keçirilən mətbuat konfransında Tahir Əmiraslanov səfər barədə məlumat verdi. Bildirildi ki, 23 ölkənin (Azərbaycan, Türkiyə, Qazaxıstan, Almaniya, Gürcüstan, Hindistan, Çin, İtaliya, Özbəkistan, Yaponiya və s.) təmsil olunduğu tədbirdə iştirakçılar öz ölkələrinin milli mətbəxi barədə məlumat veriblər, ustad dərsləri keçiblər.
Tədbirdə çıxış edən Tahir Əmiraslanov Azərbaycanda kulinariya sahəsinə dövlət tərəfindən göstərilən diqqətdən danışıb, parlamentdə kulinariya haqqında ayrıca qanunun hazırlandığını diqqətə çatdırıb. O, Azərbaycanın 1992-ci ildə türk dünyasından Ümumdünya Kulinariya Təşkilatları Birliyinə üzv seçilmiş ilk ölkə olaraq Türkmənistana bu sahədə yardım etməyə hazır olduğunu deyib.
Milli Kulinariya Assosiasiyasının prezidenti çıxışında Ermənistan nümayəndə heyətinin Azərbaycan və ümumtürk mətbəxini özününküləşdirmək təşəbbüsünə kəskin iradını bildirib, konkret faktlar sadalayıb: “Siz bu xörəklərin adlarına və hazırlanma qaydasını XI əsr alimi Mahmud Kaşğarinin “Divani-lüğət-it türk”, Yusif Balasaqunlunun “Kutatqu bilik”, uyğur aşpazının Çingiz xan üçün yazdığı mətbəx kitabında və başqa qədim mənbələrdə tapa bilərsiniz. Erməni müəlliflərin “Türklərin etimoloji lüğəti” və “Türkcənin etimoloji sözlüyü” kitablarında da dolmanın, lavaşın, kababın, təndirin məhz türk mətbəxinə aid olduğu yazılıb”.
Assosiasiya rəhbəri Azərbaycan mətbəxinin qədimliyini əks etdirən videoçarxda 40 min yaşı olan Qobustan ət bölgüsü, 3700 yaşı olan Şəki samovarı, İsmayıllı muzeyindəki 2400 yaşı olan yağ, daşlaşmış şərab, VII-VIII əsrlərə aid Qəbələ damcı aparatı, XVII əsrə aid Ağsu şəkərbura maqqaşı, daşarası, plov çətəni və s. haqqında qonaqlara məlumat verib.
Daha sonra milli mətbəximiz haqqında film göstərilib. Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə “Salnamə” studiyasında çəkilmiş film maraqla qarşılanıb. Filmin diski və “Azərbaycan kulinariyası”, “Azərbaycan mətbəxi”, “Kulinarnaya kleptomaniya”, “Qarabağ mətbəxi” kitabları hədiyyə edilib.
Ustad dərsləri çərçivəsində Azərbaycan təmsilçiləri bir qrup yerli aşpaza şah plov, səbzi plov, fisincan plov, qovurma plov həmçinin dolma, ləvəngi və kababın bir neçə növünün bişirilmə qaydasını öyrədiblər.
Sonra bütün iştirakçıların hazırladığı yeməklərə baxış keçirilib. Mərasimdə Türkmənistan Prezidenti Qurbanqulu Berdimuhammedov da iştirak edib, Azərbaycan nümayəndə heyətini yüksək qonaqpərvərliklə qarşılayaraq, xoş sözlər söyləyib. Tahir Əmiraslanov ingilis dilində çap olunmuş “Azərbaycan kulinariyası” kitabını Türkmənistan rəhbərinə hədiyyə edib.

Fariz Hüseynov







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar