Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Lerik rayonunda ilk dəfə keçirilən uzunömürlülərin yaradıcılıq festivalı xoş anlarla yadda qaldı

“Hər kəs yüz il yaşamasa, günah onun özündədir”. Təmiz havası, səfalı təbiəti, maraqlı tarixi abidələri və uzunömürlü insanları ilə tanınan Lerik rayonunda bu deyimi təkrar etməyi çox sevirlər. Təsadüfi deyil ki, Lerik uzunömürlülər diyarı kimi təkcə ölkəmizdə deyil, onun sərhədlərindən kənarda da məşhurdur. Ölkəmizin bu füsunkar bölgəsinə ilk səfərim də Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən uzunömürlülərin yaradıcılıq festivalı ilə bağlı oldu.

Sentyabrın 8-də rayondakı «Relax» istirahət mərkəzində gerçəkləşən tədbirə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, nazirin birinci müavini Vaqif Əliyev, Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov, Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşları, Lerik və qonşu rayonların ictimaiyyət nümayəndələri, eləcə də paytaxt Bakıdan media mənsubları və sənət adamları qatılmışdı. Tədbir çərçivəsində cənub bölgəmizin 8 rayonunun mətbəxini əhatə edən plov festivalı da keçirildi.

“Hər kəs yüz il yaşamasa...”

Əvvəlcə onu qeyd edim ki, «Relax» istirahət mərkəzində festivalla bağlı böyük bir sərgi təşkil edilmişdi. Sərgidə Azərbaycan Dövlət Rəsm Qalereyasının, Milli Kitabxananın, Lerikdə fəaliyyət göstərən Uzunömürlülər Muzeyinin stendləri yer almışdı. Milli Kitabxananın “Hər kəs yüz il yaşamasa...” adlı sərgisində kitabxananın fondundan Azərbaycan, türk, rus və ingilis dillərində nəşrlər - Azərbaycanın uzunömürlü sakinləri, onların həyat tərzi, uzunömürlülüyün sirləri, sağlam qidalanma barədə kitablar, qəzet və jurnal materialları nümayiş olunurdu. Cənub bölgəsinin el sənətkarlarının əl işlərindən ibarət stenddə yer alan nümunələr də böyük maraq doğururdu.
Tədbirdə iştirak edən hər kəsin üzündə sevinc və məmnunluq müşahidə olunurdu. Qonaqları Lerikdə fəaliyyət göstərən «Rəfti» uzunömürlülər xalq kollektivi öz maraqlı ifaları ilə qarşılayırdı. Kollektivin 16 üzvü var. Onların ən yaşlısı 87, ən “cavanı” isə 63 yaşındadır.
Kollektivin rəhbəri Urşan Əliyev qəzetimizə açıqlamasında doğma rayonlarında uzunömürlülərə həsr olunmuş belə festivalın təşkilinin onları çox sevindirdiyini dedi: «Hər bir rayonun özünəməxsus xüsusiyyətləri var. Bizim rayon da çox yaşayan insanları ilə tanınır. Tədbirdə iştirak etmək üçün Azərbaycanın bir çox yerlərindən buraya insanlar gəlib, onlar uzunömürlülüyün sirri ilə maraqlanırlar. Yaşlı Lerik sakinləri ilə həmsöhbət olmaq onlar üçün maraqlıdır. Bizə də yaxınlaşıb müxtəlif suallar verirlər. Tədbirin təşkilatçılarına təşəkkür edirəm».
Festival iştirakçıları arasında tanınmış xanəndə, Xalq artisti Canəli Əkbərov da vardı. Sevimli sənətkarımız tədbir haqqında təəssüratlarını bölüşdü. Bildirdi ki, Mədəniyyət və Turizm Nazirliyinin Lerikdə ilk dəfə belə bir festival keçirməsi əlamətdar hadisədir: «Məlumdur ki, Lerik uzunömürlülük diyarıdır. Burada vaxtilə hətta 150 yaşına qədər yaşayan insanlar olub. Azərbaycan dövlətinin uzunömürlü insanlara həsr olunmuş belə tədbir keçirməsini çox yüksək dəyərləndirirəm. Yaşlı insanları yada salmaq, onları diqqət mərkəzinə gətirmək xoş bir işdir. Mən bayaqdan müşahidə edirəm, bu qocaların sifətində nə qədər məmnunluq var, onlar uşaq kimi sevinirlər. Lerikin təbiəti, suyu da səfalıdır. Belə bir torpaqda yüz yaşı başa vurmaq xoşbəxtlikdir. Osman Sarıvəlli demişkən, hər kəs yüz il yaşamasa, günah onun özündədir”.

Festival regionun turizm potensialının tanıdılması üçün bir vəsilədir

«Millennium Turizm Konqres DMC»nin direktoru Ruslan Quliyev də festivalın qonaqları sırasında idi. Tədbiri yüksək dəyərləndirən şirkət rəhbərinin sözlərinə görə, Lerikdə uzunömürlülər festivalının keçirilməsi müasir tariximizdə, ictimai-mədəni həyatımızda yaddaqalan günlərdən biri kimi qalacaq. Belə festivalların təşkil edilməsi bölgənin turizm potensialının tanıdılması və dünyada təbliğ olunması üçün də önəmli bir vəsilədir: «İldən-ilə regionlarda müxtəlif festivalların keçirilməsi müsbət haldır. Bu tədbirlər beynəlxalq statusa malik olsa, Avropadan, MDB ölkələrindən Azərbaycana çoxsaylı turistlərin cəlb edilməsinə səbəb olar. Düşünürəm ki, gənclərimiz üçün uzunömürlü insanların keçdiyi həyat yolu bir örnəkdir».

Uzunömürlülüyün ən böyük sirri - xoşbəxt ailə...

Festivalın rəsmi açılışı saat 17.00-a təyin edilib. Fürsətdən istifadə edib tədbirdə iştirak edən bir neçə yaşlı insanla həmsöhbət olduq.
Kənardan diqqəti daha çox cəlb edən bir cütlüyə yaxınlaşırıq. Öyrənirik ki, Məmmədxan Abbasovun 103, onun həyat yoldaşı Kinənaz Abbasovanın isə 97 yaşı var. Çox yaşamalarının sirrini soruşuruq. Məmmədxan kişi yaxşı eşitmədiyinə görə suallarımızı Kinənaz nənə cavablandırır. Onun dediyinə görə, insanın uzunömürlü olmasının ən böyük sirri ailə xoşbəxtliyidir: «Ailədə mehribanlıq, şirinlik varsa, ömrünüz uzun olacaq. Mənim həyat yoldaşım çox sadə, üzüyola adamdır. 11 övladım var, hamısı oxuyub, öz həyatlarını qurub. Bir tərəfdən ailə baxımından bəxtim gətirib, digər tərəfdən isə təmiz havası, saf suyu olan Lerikdə yaşayıram».
90 yaşlı Xanım nənə rus dili müəlliməsi olub. Dediyinə görə, müəlliməliklə bərabər kolxozda da işləyib: «Əkin əkmişəm, heyvan saxlamışam. İşdən heç vaxt qaçmamışam. Mən belə hesab edirəm ki, insanın çox yaşamasının ən birinci şərti fiziki əməkdir. Bundan sonra gəlir sağlam qida və əsəbsiz, stressiz həyat tərzi. Mənim 5 övladım, 20 nəvəm, 11 nəticəm, 3 kötücəm var».
97 yaşlı Razi Hümmətovun da uzunömürlü olmaqla bağlı maraqlı fikirləri var. Deyir ki, buranın sakinlərinin çox yaşamasının ilk səbəbi Lerikin havası, səfalı təbiətidir: «İkinci şərt isə ailənin yaxşı olmasıdır. Həyat yoldaşım 20 ildir dünyasını dəyişib. Çox gözəl insan idi. Mənə tərbiyəli övladlar bəxş edib. Çox yaşamağımın səbəbini bunlarda görürəm».
Həmsöhbət olduğumuz 82 yaşlı Raciyə Rəhimova, 87 yaşlı Narıngül Qubadova, 84 yaşlı Nənəbacı Əkbərova da uzunömürlülüyün ən birinci səbəbi kimi mehriban ailəni, bir də Lerikin suyunu, havasını göstərdilər.

Uzunömürlülər festivalı ənənəyə çevriləcək

Bir qədər sonra tədbirin keçirildiyi məkana rəsmilər, digər qonaqlar təşrif buyurdu.
Tədbiri açıq elan edən Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov bildirdi ki, bu bölgə uzunömürlülərin vətəni kimi dünyada məşhurdur: «Lerikdə respublikamızda yeganə olan Uzunömürlülər Muzeyi fəaliyyət göstərir. Festivalın regionun turizm potensialının gücləndirilməsi istiqamətində əhəmiyyətini də nəzərə alaraq məkan olaraq buranı seçdik. İnşallah, növbəti illərdə də ölkə rəhbərliyinin dəstəyi və Mədəniyyət və Turizm Nazirliyinin köməkliyi ilə bu festivalı davamlı olaraq keçirəcək, iştirakçıların sayını və əhatə dairəsini genişləndirəcəyik».
Festivalda iştirak edən qocaman Lerik sakinlərini və bütün iştirakçıları salamlayan mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycanda belə bir tədbirin ilk dəfə keçirildiyini diqqətə çatdırdı: «Bu festival iştirakçılar üçün çox gözəl fürsətdir ki, cənub bölgəsinin adət-ənənəsi, mədəniyyəti, tarixi, abidələri, bugünkü həyatı ilə tanış olsunlar. Biz ilk dəfədir ki, uzunömürlülərin yaradıcılıq festivalını keçiririk. Hesab edirəm ki, bu, yaşayacaq bir təşəbbüsdür. Gələcəkdə bu tədbirin ənənəvi hal almasını arzulayırıq. Çünki ildən-ilə Azərbaycan mədəniyyətinə, xalq yaradıcılığına maraq göstərən insanların sayı çoxalır».
Nazir onu da qeyd etdi ki, belə tədbirlərin keçirilməsi Azərbaycanın bölgələrinin tanıdılmasına və beləliklə xarici turistlərin təkcə paytaxta deyil, həmçinin də regionlara maraq göstərməsinə zəmin yaradır: «Festivalın keçirilməsi respublikamızın uzunömürlülər diyarı kimi təbliğ edilməsi, ahıl insanların yaradıcılıq potensialının üzə çıxarılması və stimullaşdırılması, regionlararası mədəniyyət mübadiləsinin gücləndirilməsi məqsədini daşıyır».
Əbülfəs Qarayev bildirdi ki, Azərbaycanın incəsənəti, xalq yaradıcılığı artıq UNESCO səviyyəsində tanınır, təbliğ edilir: «Düşünürəm ki, respublikanın bütün bölgələrində bu işlə məşğul olan çoxlu istedadlı, dəyərli insanlar var. Bu gün onları burada gördükdə ürəyimiz daha da açılır. Arzulayıram ki, Azərbaycanda insanlar uzun ömür yaşasın, gümrah və yaradıcı olsun, biz də belə tədbirləri həmişə təşkil edək. Mən üzümü festivala gələn yaşlı insanlara tutaraq deyirəm ki, gələn ayaqlarınız var olsun. Siz burada iştirak etməklə, tədbirimizi daha da gözəlləşdirdiniz və öz yaradıcılığınızla gənclərimizə gözəl bir nümunə göstərdiniz”.
Bu gün Azərbaycan yeni inkişaf mərhələsində olduğunu deyən nazir bu inkişafın Lerikdəki abadlıq-quruculuq işlərində özünü göstərdiyini vurğuladı: «Mən Lerikdə çoxdan olmamışdım. Rayona gələrkən yeni turizm obyektlərini, mədəniyyət ocaqlarını, muzeyləri gördüm və çox sevindim. Azərbaycan son illər o qədər böyük inkişaf yolu keçib ki, heç bir ölkə bununla müqayisə oluna bilməz. Hörmətli prezidentimiz cənab İlham Əliyevin son illər gördüyü işlər bütün xalq tərəfindən alqışlanır və dəstəklənir. Lerik gözəl bir rayondur, gözəl torpağı, suyu, havası olan bölgəmizdir, uzunömürlülər diyarı kimi məşhurdur. Bu gün Azərbaycan dövləti, şəxsən ölkə başçısı bu bölgənin inkişafına böyük önəm verir. Rayonun kəndlərinin böyük əksəriyyəti qazla təmin olunub, yollar çəkilib. Bu da dövlətin və ölkə rəhbərliyinin öz vətəndaşları üçün yaratdığı şəraitdir. Sözsüz ki, yaradılan bu şərait də insanların daha uzun yaşamasına bir səbəbdir.
Ölkəmizdə qocaman insanlara hər zaman böyük diqqət, ehtiram göstərilib. 1993-cü ildə ulu öndər Heydər Əliyev Azərbaycanın rəhbərliyinə qayıdarkən, ilk növbədə ağsaqqallarla görüş keçirdi. O zaman Azərbaycan öz müstəqilliyini yeni əldə edən bir ölkə idi. Ulu öndər bununla gənclərimizə bir nümunə göstərdi. Əminəm ki, Lerikdə belə bir festivalın keçirilməsi xalq tərəfindən yüksək dəyərləndiriləcək. Bütün iştirakçılara təşəkkür edirəm, onlara sağlam həyat, uzun ömür arzulayıram. O gün olsun ki, onların nəvələri, nəticələri qüdrətli, müstəqil, daimi azad qalacaq Azərbaycanın layiqli vətəndaşları olaraq öz 100 yaşlarını qeyd etsinlər».

Meydana qocalar çıxır

Sonra festival iştirakçılarının çıxışları oldu. Azərbaycanın müxtəlif bölgələrindən - Lənkəran, Balakən, Lerik, Astara, Masallı, Yardımlı, Cəlilabad, Biləsuvar və Salyan rayonlarından yaşı 70-dən yuxarı olan yaradıcı insanların qatıldığı tədbirdə uzunömürlülərdən ibarət «Rəfti», «Nənələr» folklor kollektivlərinin çıxışları alqışlarla qarşılandı.
Respublikanın xalq artistləri Canəli Əkbərov, Teymur Mustafayev, Natəvan Şeyxova, Valeh Kərimov, əməkdar artistlər Zakir Əliyev, Azad Şükürov, Rafiq Seyidzadə və başqalarının iştirakı ilə konsert proqramı təqdim olundu.
Festivalda «Salnamə» kinostudiyasının istehsalı olan «Əsrə sığmayan həyat» filmi də nümayiş etdirildi.

Gələn il plov festivalına daha çox rayon cəlb ediləcək

Günün sonunda Azərbaycan mətbəxinin təbliği məqsədilə Milli Kulinariya Mərkəzi ilə birgə keçirilən plov festivalının qalibləri elan olundu. Milli Kulinariya Mərkəzinin direktoru Tahir Əmiraslanov qəzetimizə açıqlamasında bildirdi ki, plov festivalına Azərbaycanın 8 rayonu qatılıb. Lerik, Masallı, Cəlilabad, Salyan, Astara, Yardımlı, Biləsuvar və Lənkəran kulinarlarının hazırladığı 33 növ plov və rayonların özünəməxsus mətbəxi nümayiş etdirilir.
Tahir Əmiraslanovun sözlərinə görə, gələn il tədbirə daha çox rayon cəlb ediləcək: «Çünki bizim rayonların əksəriyyətində çəltik əkilib, düyü mədəniyyəti olub və o mədəniyyətin əsasında da bizim plovlarımız formalaşıb. Azərbaycanda plovun düyüdən də qədim tarixi var. Çünki düyüdən əvvəl başqa dənli bitkilərdən plov bişirirdilər. Əvvəlcə plov festivalını ölkə daxilində tanıtmaq, sonra isə dünya səviyyəsinə çıxarmaq niyyətindəyik. Plov hazırlanması üçün lazım olan bütün ərzaq firmalarını bu festivala cəlb etməyi planlaşdırırıq».
Milli Kulinariya Mərkəzinin ekspertləri tərəfindən plovlar qiymətləndirildikdən sonra qaliblərə medallar, fəxri diplomlar və festivalın sponsorları tərəfindən mükafatlar təqdim olundu. Plov festivalında birinci yeri ev sahibi Lerik rayonu (usta aşpaz Hacı Zərrup), ikinci yeri Masallı, üçüncü yeri Cəlilabad rayonu tutdu. Festivalın fərdi qalibləri isə Astara, Lənkəran və Salyan rayonlarının aşpazları oldu.
Tədbirin sponsorlarına - Lerik Rayon İcra Hakimiyyətinə, «Relax» istirahət mərkəzinə, «Millennium» turizm şirkətinə, «Azersun Holdinq»ə və «Septr» şirkətinə Milli Kulinariya Mərkəzinin fəxri diplomları təqdim edildi.
Festival incəsənət nümayəndələrinin, muğam ifaçılarının musiqi nömrələri və Sumqayıt Dövlət Dram Teatrının aktyorları tərəfindən hazırlanmış əyləncəli proqramla axşam saatlarına qədər davam etdi.

Lerikdə maraqlı məkanlar çoxdur

Qeyd edək ki, festival çərçivəsində Lerik rayonunun tarixi-mədəni abidələri, mədəniyyət ocaqları ilə tanış olmaq imkanı da əldə etdik. «Relax» istirahət mərkəzinin ekskursiya avtobusu ilə ilk tanış olduğumuz məkan Uzunömürlülər Muzeyi oldu. Muzey 1991-ci ildən fəaliyyət göstərir. Muzeyin yeni binası 2010-cu ildə Prezident İlham Əliyevin iştirakı ilə açılıb. Burada 1100-dən çox eksponat var. Bu, dünyada yeganə belə muzeydir. Muzeydə 168 yaşlı Şirəli Müslümov, 150 yaşlı Mahmud Eyvazov, 145 yaşlı Məcid Ağayev, 134 yaşlı Qızıl Quliyeva, 113 yaşlı Məhbubə Fətullayeva və s. haqqında stendlər yaradılıb. Etnoqrafik materiallar - şəxsi əşyalar, geyimlər, onlara yazılan məktublar, uzunömürlülüklə bağlı qəzet və jurnal materialları muzeydə qorunub saxlanılır. Muzeyin direktoru Dilarə Fətullayevanın sözlərinə görə, xarici ölkələrdən - İordaniyadan, Belçikadan, İsraildən, Türkiyədən, Almaniyadan, Rusiyadan, Ukraynadan muzeyə qonaqlar gəlib.
Baş çəkdiyimiz digər məkan isə Lerik rayon mərkəzindən 19 kilometr məsafədə yerləşən Buzeyir kəndi ərazisindəki mağara oldu. Buzeyir mağarası Azərbaycan ərazisində daş dövrünə aid olan ən qədim yaşayış məskənlərindəndir. Bələdçimiz Abidin Abıyev deyir ki, burada bir neçə mağara var. Bu mağaraların ən böyüyü 1 kilometr uzunluğundadır.
Lerikdəki maraqlı məkanlardan biri də «Relax» istirahət mərkəzindən 5-6 kilometr aralıda yerləşən şəlalədir. Yerli sakinlər bu şəlaləni «Mini Niaqara» adlandırırlar.
Lerik rayonunda ekskursiyamızı başa vurub Bakıya doğru istiqamət alırıq - aldığımız zəngin təəssüratları oxucularımızla bölüşmək üçün...

Fəxriyyə Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar