Sentyabrın 12-də Hüseyn Cavidin ev-muzeyində Cavidlər ailəsinin layiqli davamçısı Turan Cavidin vəfatının 10-cu ildönümü ilə bağlı xatirə mərasimi keçirilib.
Muzeyin foyesində Turan Cavidin muzeydəki fəaliyyətini əks etdirən şəkillərindən ibarət fotoslayd, ona məxsus əşyalar və sənədlərdən ibarət sərgi nümayiş etdirilib.
Muzeyin direktoru, filologiya üzrə elmlər doktoru Gülbəniz Babaxanlı vurğulayıb ki, Turan Cavidin bütün ömrü Cavidlər ailəsinin tədqiq və təbliğinə həsr olunub. Hüseyn Cavid əsərləri ilə Azərbaycan ədəbiyyatını zənginləşdiribsə, Turan Cavid də bu əsərlərin son mükəmməl nəşrini hazırlayaraq oxuculara təqdim edib.
G.Babaxanlı layihə müəllifi və tərtibçisi olduğu “Turan Cavid. Ömür salnaməsi” kitabı haqqında da məlumat verib. O bildirib ki, yaxın günlərdə işıq üzü görəcək bu kitabda Turan xanımın fəaliyyətini əks etdirən əlyazmalar, müsahibələr, məktublar, fotolar və başqa sənədlər araşdırılaraq təqdim edilib.
“Turan Cavid Qadın Mərkəzi” İctimai Birliyi də Turan xanımın xatirə günü ilə bağlı tədbir keçirib. Qurumun sədri Sevda Cəfərova, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru Zümrüd Dadaşzadə və digər çıxış edənlər bütün ömrünü Hüseyn Cavid irsinin tədqiq və təbliğinə sərf etmiş Turan Cavidi layiqli varis kimi xarakterizə ediblər.
Tədbirdə Əməkdar artist Eyyub Yaqubovun ifasında Hüseyn Cavidin sözlərinə bəstələnmiş “Doğacaq yenidən günəş” mahnısının klipi (rejissoru Faiq Kərimov) nümayiş etdirilib.