Sentyabrın 18-də Milli Kitabxanada Üzeyir Hacıbəyli VI Beynəlxalq Musiqi Festivalı çərçivəsində dahi bəstəkar haqqında elektron məlumat bazasının və “Üzeyir Hacıbəyli irsi” mövzusunda kitab sərgisinin təqdimatı keçirildi.
Tədbirdə əvvəlcə Azərbaycan professional musiqisinin banisinə həsr olunmuş film nümayiş etdirildi.
Milli Kitabxananın direktor müavini Mələkxanım Hacıyeva tədbiri açaraq ulu öndər Heydər Əliyevin “Üzeyir musiqi günü”nün keçirilməsi haqqında 1995-ci il 18 sentyabr tarixli fərmanına uyğun olaraq hər il bu tarixin ölkəmizdə milli musiqi bayramı kimi qeyd olunduğunu, bu münasibətlə müxtəlif tədbirlərin təşkil edildiyini diqqətə çatdırdı. Qeyd olundu ki, Heydər Əliyev Fondunun və Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə bu il altıncı dəfə keçirilən Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalının da zəngin proqramı var.
Sonra “Üzeyir Hacıbəyli - müasir Azərbaycan peşəkar musiqi sənətinin və milli operasının banisi” adlı elektron məlumat bazası təqdim edildi. Məlumat bazası bir neçə bölmədən ibarətdir. Buraya dahi bəstəkarın həyat və yaradıcılığı, görkəmli şəxsiyyətlər Üzeyir Hacıbəyli haqqında, Üzeyir Hacıbəyli və incəsənət, fotoqalereya və s. bölmələr daxildir. Elektron bazada böyük musiqi xadiminin irsi haqqında ətraflı informasiya toplanıb.
Tədbirdə çıxış edən Asəf Zeynallı adına Musiqi Kollecinin direktoru, professor Nazim Kazımov, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova bəstəkarın çoxşaxəli irsi, Azərbaycan və dünya musiqi sənətinə bəxş etdiyi operalar, operettalar barədə danışdılar. Bildirildi ki, Milli Kitabxananın təqdim etdiyi elektron məlumat bazası Üzeyir bəy irsini öyrənən, araşdıran gənc nəsil üçün önəmli bir layihədir.
Sonda iştirakçılar “Üzeyir Hacıbəyli irsi” adlı geniş sərgi ilə tanış oldular. Sərgidə bəstəkarın əsərləri (o cümlədən xarici dilə tərcümə edilmiş), haqqında yazılmış əsərlər, elmi tədqiqat işləri və qrammofon valları nümayiş olunurdu.
Lalə Azəri