Böyük şairin irsi dünya ədəbiyyatı xəzinəsinin sərvətidir

Sentyabrın 17-də Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) Seyid Məhəmmədhüseyn Şəhriyarın xatirəsinə həsr olunan “Söz mülkünün Şəhriyarı” adlı tədbir keçirilib.

Tədbir AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutu və Nizami adına Ədəbiyyat İnstitutu, İranın ölkəmizdəki səfirliyinin Mədəniyyət Mərkəzi və Xəzər Universitetinin birgə təşkilatçılığı ilə reallaşıb.
Şərqşünaslıq İnstitutunun direktoru, Milli Məclisin deputatı, professor Gövhər Baxşəliyeva çıxış edərək görkəmli şairin zəngin ədəbi yaradıcılığından danışıb. Bildirilib ki, Şəhriyarın ölməz irsi nəinki Şərq, ümumən dünya mədəniyyəti və ədəbiyyatı xəzinəsinin nadir incisidir. Söz ustadının əsərləri dövrün ictimai, siyasi, fəlsəfi və ədəbi görüşlərinin canlı aynasıdır. Ecazkar poeziyası ilə ürəkləri fəth etmiş şair geniş kütlənin sonsuz məhəbbətini qazanıb, incə yaradıcılıq üslubu ilə “Heydərbaba”nı xalqına sevdirib. Şəhriyarı XX əsr Azərbaycan poeziyasının nəhəngləri sırasına ucaldan ilk növbədə onun ölməz “Heydərbabaya salam” poeması olub. Əsərdə böyük Vətənin simvolu kimi götürülmüş balaca bir kəndin həyatı, adət-ənənələri, insanların taleyi və xarakteri ana dilimizin poetik əzəmətini əks etdirən möhtəşəm bir üslubla ifadə edilib.
AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli böyük sənətkarın yaradıcılığından söz açıb. Bildirib ki, Şəhriyar türk-müsəlman ədəbiyyatının qüdrətli nümayəndəsidir. Təsadüfi deyil ki, böyük ədibin adı farsdilli ədəbiyyatın Nizami Gəncəvi, Sədi Şirazi, Xacə Hafiz kimi ölməz şairləri ilə yanaşı çəkilir. Şəhriyarın əsərləri hələ şairin öz sağlığında Türkiyədə nəşr olunub, Anadolu türkcəsində səslənib.
Mərasimdə İranın Azərbaycandakı səfiri Möhsün Pakayin çıxış edərək tədbirin təşkilatçılarına təşəkkürünü bildirib. Qeyd edilib ki, Şəhriyar həm fars, həm də Azərbaycan dilli şeirləri ilə dünya şöhrəti qazanıb. Fars dilində qiymətli əsərlər yazması onu İranda, Hindistanda, Əfqanıstanda, Tacikistanda, hətta bu dilə yaxın olan ərəb dünyası ölkələrində də tanıdıb.
Tədbirdə Şəhriyara həsr olunmuş film təqdim edilib.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar