Təşkilatın mənzil-qərargahında Qobustandan bəhs edən sərgi və “Qobustan kölgələri” baleti nümayiş etdirilib
Xəbər verdiyimiz kimi, Heydər Əliyev Fondunun, Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycanın UNESCO yanında daimi nümayəndəliyinin təşkilatçılığı ilə Parisdə - UNESCO-nun mənzil-qərargahında Qobustan həftəsi keçirilir. Həftə çərçivəsində burada Azərbaycanın qədim tarixinin simvolu olan və UNESCO-nun dünya irsi siyahısına daxil edilmiş Qobustan Milli Tarixi-Bədii Qoruğunun təbliğ olunması məqsədilə sərgi açılıb.
Qobustan qayaüstü rəsmlərinin fotoşəkillərindən ibarət sərginin açılışında çıxış edən UNESCO baş direktorunun mədəniyyət məsələləri üzrə müavini Alfredo Perez bu tarixi məkanın dünya mədəni irsindəki toxunulmaz yerindən və əhəmiyyətindən danışıb.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev mərasimdə çıxış edərək Azərbaycanın qədim tarixinin və mədəni irsinin daş yaddaşı olan Qobustanın UNESCO-Azərbaycan əməkdaşlığında yerindən söhbət açıb. Nazir bu tarixi abidənin təşkilatın dünya irsi siyahısına salınmasının son dərəcə mühüm əhəmiyyət daşıdığını bildirib. Qobustan qayaüstü rəsmlərinin təsvir və tematik xüsusiyyətlərindən bəhs edilib.
Qobustan qayalarındakı təsvirlər heyvan və insan rəsmləri ilə başlayaraq sonralar ara-sıra, gah sxematikləşdirilmiş, gah kiçildilmiş, gah da təsvir edilən heyvan və insanların öz ölçülərinə yaxınlaşdırılıb. Xətlərlə ifadə olunan rəsmlərdə heyvanların və insanların bədən quruluşundakı nisbətlər böyük məharətlə gözlənilib. Beləliklə, qədim qayaüstü təsvirlər Azərbaycan insanının keçmişini dövrümüzə daşıyıb, müasir azərbaycanlıların ulu əcdadlarının min illər ərzində yaratdıqları maddi-mədəniyyət nümunələrini xalqımızın yaddaşından silinməyə qoymayıb və bəşəriyyətə dünya miqyaslı tarixi abidəni - Qobustanı bəxş edib.
Sentyabrın 17-də UNESCO-nun mənzil-qərargahına gələn Azərbaycanın birinci xanımı Mehriban Əliyeva sərgi ilə tanış olub.
Azərbaycanın birinci xanımı təşkilatın baş direktoru İrina Bokova ilə görüşüb. Görüşdə Azərbaycan ilə UNESCO arasında həyata keçirilən layihələrin əhəmiyyətindən danışılıb. Qobustanla bağlı UNESCO-da təşkil olunan təqdimatın önəmi vurğulanıb. İkitərəfli əlaqələrin bundan sonra da genişlənəcəyinə əminlik ifadə olunub.
Həmin gün UNESCO-nun mənzil-qərargahında görkəmli bəstəkar, Əməkdar incəsənət xadimi, professor Fərəc Qarayevin “Qobustan kölgələri” baleti nümayiş olunub.
Baletin nümayişindən öncə çıxış edən UNESCO-nun baş direktoru İrina Bokova Azərbaycanın birinci xanımı Mehriban Əliyevanı bir daha salamlayıb. O, xalqımızın və dünya mədəni irsinin şah əsərlərindən olan Qobustanın UNESCO-dakı təqdimatından şad olduğunu, keçmişlə bu gün arasında mənəvi bağ olan bu baletin yaratdığı harmoniyanın ikitərəfli əməkdaşlıqda mühüm elementə çevrildiyini vurğulayıb. Baş direktor Qobustan petroqliflərinin o dövr insanının danışan dili olduğunu və bu ünsiyyətin artıq ümumbəşəri sərvət kimi qəbul edildiyini bildirib.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxış edərək xalqımızın milli sərvəti olan Qobustanın qorunması və gələcək nəsillərə çatdırılması ilə bağlı ölkəmizdə bir çox işlərin görüldüyünü, layihələrin həyata keçirildiyini diqqətə çatdırıb. Qeyd edib ki, Qobustan Milli Tarixi-Bədii Qoruğunda inşa edilmiş muzeyin 2011-ci ilin dekabrında Prezident İlham Əliyevin və xanımı Mehriban Əliyevanın iştirakı ilə açılması da bu məsələnin hər zaman aktual olmasından xəbər verir.
Nazir vurğulayıb ki, “Qobustan kölgələri” baletinin xaricdə ilk nümayişi 45 il öncə məhz Parisdə olub və yenidən bu mövzuya Fransa paytaxtında qayıdılması buradakı sənətsevərlərə dəyərli töhfədir.
Sonra “Qobustan kölgələri” baleti nümayiş etdirilib. Baletin musiqisi və xoreoqrafiyasında keçmiş ilə bu günün sintezi yeni baxımdan mənalandırılır. Premyerası 1969-cu ildə olan “Qobustan kölgələri” sonradan Paris, Lüksemburq, Monte Karlo, Sankt-Peterburq, Kiyev və digər şəhərlərdə uğurla nümayiş olunub. Baleti maraqlı edən orda müasir insanın birdən-birə keçmişə dönüşü və burada canlanan kölgələrə onun gözləri ilə baxılmasıdır. Birpərdəli “Qobustan kölgələri” baleti orijinal quruluşa malikdir və dörd kiçik novelladan ibarətdir.
Qobustan qədim insanların həyatı, yaşamı haqqında unikal məlumat verir. Baletdə cərəyan edən hadisələrdə qavaldaş da var. Qavaldaş qədim qobustanlıların böyük ixtirasıdır.
Elm aləmi Qobustanla çoxdan tanış olsa da, UNESCO ilə bu dünya əhəmiyyətli tarixi abidəni bir-birinə bağlayan tarix elə də uzaq keçmiş deyil. Qobustan 2007-ci ildə UNESCO-nun dünya irsi siyahısına daxil edilib və bu gün bəşər mədəni irsinin nümunələri sırasındadır. Hazırda Qobustanın dünya miqyasında təbliği ilə bağlı bir çox layihələr həyata keçirilir və bu məsələdə UNESCO ilə əməkdaşlığa xüsusi önəm verilir. UNESCO-nun mənzil-qərargahında keçirilən Qobustan həftəsi də bu əməkdaşlığın bariz nümunəsidir.
“Qobustan kölgələri” baleti Strasburqda təqdim olunub
Qeyd edək ki, sentyabrın 16-da professor Fərəc Qarayevin “Qobustan kölgələri” baleti Avropa Şurasının yerləşdiyi Strasburqda, Musiqi və Konqreslər Sarayında da nümayiş olunub. Ölkəmizin Avropa Şurası Nazirlər Komitəsinə sədrliyi münasibətilə təşkil olunan nümayiş Heydər Əliyev Fondunun, Mədəniyyət və Turizm Nazirliyinin və ölkəmizin AŞ yanında daimi nümayəndəliyinin təşkilatçılığı ilə gerçəkləşib.
Tamaşadan öncə mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva çıxış edərək bildirib ki, Azərbaycan artıq 15 ildir fəal əməkdaşlıq etdiyi Avropa Şurası ilə sıx münasibətlər formalaşdırıb. 2001-ci ildən quruma üzv olan ölkəmiz bu ilin mayından AŞ Nazirlər Komitəsinə sədrlik edir. Bununla əlaqədar müxtəlif tədbirlər keçirilir.
Sonra nazir müavini Qobustan və onun tarixi haqqında ətraflı məlumat verib. Qeyd edib ki, UNESCO tərəfindən bəşəriyyətin qədim tarixi abidəsi kimi qəbul edilən Qobustan öz nadirliyi ilə seçilir. “Qobustan kölgələri” baleti haqqında danışan Sevda Məmmədəliyeva səhnə əsərinin yerli tamaşaçılar tərəfindən bəyəniləcəyinə ümidvar olduğunu deyib.
Avropa Şurası baş katibinin müavini Qabriela Battaini Draqoni çıxış edərək Azərbaycanın baletin nümayişinin təşkilinə görə minnətdarlığını bildirib. O, ölkəmizin qurumun Nazirlər Komitəsinə sədrliyi müddətində bir sıra tədbirlər keçirdiyini xatırladaraq Strasburqda “Qobustan kölgələri” baletinin nümayişinin bu tədbirlərin mədəniyyət hissəsinin mühüm elementlərindən biri olduğunu söyləyib.