“Ümidvaram ki, bu layihə də qəlbdən-qəlbə növbəti körpü olacaq”

Xəbər verildiyi kimi, sentyabrın 19-da Parisin Sen-Sülpis meydanında Heydər Əliyev Fondu tərəfindən təşkil edilən “Azərbaycan şəhərciyi” açılıb. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva mərasimdə iştirak edib.

“Azərbaycan şəhərciyi” ölkəmizin tarixi, mədəniyyəti və turizm imkanlarından bəhs edən müxtəlif sərgiləri birləşdirir. Açılışda çıxış edən Parisin 6-cı rayonunun meri Jan- Pyer Lökoq on gün ərzində parislilərin Azərbaycan və onun zəngin mədəniyyəti haqqında dolğun məlumat ala biləcəklərini bildirib. Mer son illərdə Azərbaycanın birinci xanımının təşəbbüsü ilə xaricdə bir çox tədbirlərin keçirildiyini, bu sərginin də onların davamı olduğunu vurğulayıb.
Mərasimdə çıxış edən Azərbaycanın birinci xanımı Mehriban Əliyeva ölkəmizin Fransa ilə münasibətlərə böyük əhəmiyyət verdiyini, indiyədək bu ölkədə həyata keçirilən layihələrin Azərbaycan tarixini, mədəniyyətini, incəsənətini tanıtmaqda mühüm rol oynadığını diqqətə çatdırıb: “Sevindirici haldır ki, təkcə Parisdə yox, Fransanın müxtəlif regionlarında, şəhərlərində Azərbaycanı tanıdan tədbirlər böyük maraqla qarşılanır. Şadam ki, bizim birgə səylərimiz nəticəsində Fransada Azərbaycanın dostlarının sayı ildən-ilə artır. “Azərbaycan şəhərciyi”ndə sizlərə ölkəmizin keçmişi, bu günü və gələcəyi, mədəniyyəti, incəsənəti və musiqisi barədə dolğun məlumat veriləcək. Ənənəvi və klassik musiqi, caz konsertləri, müxtəlif rəqs ansambllarının çıxışları sizə təqdim olunacaq. Ümidvaram ki, bu layihə də qəlbdən-qəlbə ənənəvi, növbəti bir körpü olacaq.
Bu yarmarkanın bir hissəsi gələn il ölkəmizdə keçiriləcək Avropa Oyunlarına həsr olunub. Bu həm ölkəmiz, həm də Avropanın idman hərəkatı üçün çox əhəmiyyətli bir tədbirdir. Mən fürsətdən istifadə edərək sizləri bu tarixi Oyunları izləmək üçün ölkəmizə dəvət edirəm”.
Fransada Azərbaycanın Dostları Assosiasiyasının prezidenti Jan-Fransua Mansel də çıxışında bu cür tədbirlərin ölkələrimiz arasında əlaqələrin inkişafına xidmət etdiyini vurğulayıb.
Sonra mərasim iştirakçıları “Azərbaycan şəhərciyi” ilə tanış olublar. “Qafqazın mirvarisi olan Azərbaycanın mədəni dəyərləri” sərgisində ölkəmizin qədim və zəngin mədəniyyəti barədə ətraflı məlumat verilir. Misgərlik məmulatları, şəbəkələr, milli geyimlər, milli musiqi alətləri və Azərbaycan xalçalarının geniş çeşidinin təqdim olunduğu şəhərcikdə “Azərbaycana səyahət” turizm sərgisi vasitəsilə ölkəmizlə daha yaxından tanışlıq imkanı yaradılıb.
Burada həmçinin “Bakı 2015” birinci Avropa Oyunlarına hazırlıqla bağlı təqdimat keçirilib, indiyədək görülən işlər barədə qonaqlara məlumat verilib.
Açılış mərasimində kəndirbazların və pəhləvanların çıxışları da maraqla qarşılanıb.
Müxtəlif Azərbaycan şirkətlərinə aid köşklərdə milli şirniyyatlar, içkilər, xalq sənətkarlıq nümunələri sərgilənir. Bu da ölkəmizin təbiəti, xalqımızın məişəti, adət-ənənələri barədə qonaqlarda dərin təəssürat yaradır. “Azərbaycan şəhərciyi”ndə milli mətbəximizi nümayiş etdirən köşklər də qurulub.
Heydər Əliyev Fondunun müxtəlif sahələri əhatə edən nəşrlərinin təqdim olunduğu sərginin ən maraqlı bölmələrindən birində Azərbaycanın dahi şairi və mütəfəkkiri Nizami Gəncəvinin yaradıcılığı ilə bağlı materiallar, həmin dövrə aid zərgərlik nümunələri, məişət əşyaları, orta əsrlərdə Azərbaycan rəssamlarının çəkdikləri miniatürlərin reproduksiyaları, miniatürlərin əks olunduğu çini qablar, “Xəmsə”yə daxil olan poemaların süjetləri əsasında işlənən xalçalar nümayiş etdirilir.
“Fransa Azərbaycan rəssamlarının gözü ilə” sərgisində Xalidə Səfərova və Kamil Nəcəfzadənin əsərləri nümayiş olunur. 50-dən çox rəsm əsərinin toplandığı ekspozisiya Fransaya həsr edilib. Əsas qəhrəman da Fransa, onun paytaxtı Paris və regionlarıdır.
Açılış mərasimi tanınmış caz ifaçısı, Əməkdar artist İsfar Sarabskinin konserti ilə davam edib.
Tədbirin ikinci günü açıq havada Azərbaycan Dövlət Rəqs Ansamblı möhtəşəm konsert proqramı ilə çıxış edib. Konsertdən əvvəl tamaşaçılara ölkəmiz haqqında məlumatlar çatdırılıb. Sonra söz rəqqaslara verilib. 1970-ci ildə yaradılan ansambl ötən dövr ərzində dünyanın bir sıra ölkələrində yüksək səviyyəli çıxışlar edib. Kollektiv bu dəfə də öz bacarığını yüksək səviyyədə nümayiş etdirib. Ansamblın üzvlərinin ifa etdikləri “Yallı”, “Nəlbəki”, “Qazağı”, “Naz eləmə”, “Atəşgah”, “Qarabağ”, “Gənclik” və digər milli rəqslərimiz tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb. Ansamblın Paris tamaşaçısı qarşısındakı çıxışı “Odlar diyarı” rəqsi ilə yekunlaşıb.
Sentyabrın 21-də şəhərcikdə daha bir unudulmaz konsert proqramını Əməkdar artist Natiq Şirinovun rəhbərlik etdiyi “Natiq” ritm qrupu təqdim edib. Qrupun ifasında “Həyata gəliş”, “Beş yarım”, “Arabeska”, “Caz” və “Atəşgah” rəqs musiqi nömrələri tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb.
Sentyabrın 28-dək davam edəcək sərgi-yarmarkada Azərbaycan incəsənət ustaları şəhər sakinlərini və turistləri müxtəlif konsert proqramları ilə salamlayacaqlar. Mədəni proqrama xalq çalğı alətləri, qədim musiqi alətləri ansambllarının çıxışı da daxildir.
Qeyd edək ki, Mədəniyyət və Turizm Nazirliyi də Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Parisdə keçirilən “Azərbaycan şəhərciyi” tədbirində iştirak edir. Tədbirdə nazirlik Azərbaycan mədəniyyətinin nümayişi ilə yanaşı, ölkəmizin turizm potensialına həsr olunmuş lövhə də təmsil olunur. Ziyarətçilərə ingilis və fransız dillərində müxtəlif növ reklam-çap məhsulları, nazirliyin sifarişi ilə hazırlanan fransız dilində "Evasion" bələdçi kitabı və "Azərbaycan mətbəxi" kitabçası təqdim olunur. Nazirliyin stendini ziyarət edən qonaqlar interaktiv şəkildə www.azerbaijan.travel saytının fransız dili versiyası ilə tanış ola bilirlər. Stenddə Azərbaycanın turizm imkanları ilə bağlı videoçarxlar nümayiş olunur.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar