Bakıda artıq dördüncü dəfə keçirilən Beynəlxalq Humanitar Forum 60-dan çox ölkədən 500-dək nümayəndəni bir araya gətirib

Oktyabrın 2-də Heydər Əliyev Mərkəzində IV Bakı Beynəlxalq Humanitar Forumu işə başlayıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Forumun rəsmi açılış mərasimində iştirak ediblər.

Bakı Beynəlxalq Humanitar Forumu ən geniş humanitar əməkdaşlıq məsələlərinin müzakirə edildiyi nüfuzlu bir məkandır. Forum XXI əsrdə bəşəriyyətin qarşısında duran qlobal çağırışlara cavab axtarmaq, humanitar əməkdaşlıqla bağlı ən mühüm məsələlərə dair geniş spektrli dialoqlar, fikir mübadilələri və müzakirələr aparmaq üçün nüfuzlu elmi-siyasi platformadır. IV Bakı Beynəlxalq Humanitar Forumunda 60-dan çox ölkədən 500-ə yaxın qonaq iştirak edir.
Prezident İlham Əliyev Forumun açılışında nitq söyləyib. Bakıda artıq dördüncü dəfə belə mötəbər tədbirin keçirildiyini diqqətə çatdıran dövlət başçısı “Bu, əslində onu göstərir ki, belə müzakirələrə böyük ehtiyac var. Dünyada gedən proseslər, bəzi hallarda narahatedici məqamlar tələb edir ki, humanitar sahəyə daha da böyük diqqət göstərilsin", - deyə əlavə edib.
Dövlət başçısı əmin olduğunu bildirib ki, forum çərçivəsində aparılacaq diskussiyalar, fikir mübadiləsi humanitar əməkdaşlığın dərinləşməsinə xidmət göstərəcək: "Biz Azərbaycanda bu sahəyə çox böyük diqqət göstəririk. Hazırda dünyada humanitar məsələlərin müzakirəsi üçün, təhlilin aparılması üçün bu Forumun müstəsna rolu var".
Prezident qeyd edib ki, əsrlər boyu Azərbaycanda çoxkonfessiyalı, çoxmillətli cəmiyyət formalaşıb, mövcuddur və müstəqillik dövründə bu müsbət meyllər daha da güclənib: “Azərbaycanda heç vaxt dini, milli zəmində qarşıdurma, anlaşılmazlıq olmamışdır və bu, bizim böyük sərvətimizdir. Hər bir ölkənin gücünü bir neçə faktor müəyyən edir - siyasi imkanlar, iqtisadi güc və eyni zamanda, cəmiyyətdə mövcud olan ab-hava, iqlim və həmrəylik duyğuları. Bu baxımdan, hesab edirəm ki, Azərbaycanın təcrübəsi çox müsbətdir və biz öz işimizlə dünyada gedən proseslərə öz müsbət töhfəmizi veririk".
İlham Əliyev çıxışında vurğulayıb ki, Azərbaycanda multikulturalizm həyat tərzidir: “Azərbaycan tərəfindən irəli sürülmüş bir neçə təşəbbüs artıq həyatda öz yerini tapıb və bu təşəbbüslər ətrafında yeni imkanlar yaranır. 2008-ci ildə Bakıda keçirilən Avropa Şurasına üzv ölkələrin mədəniyyət nazirlərinin toplantısına biz İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin mədəniyyət nazirlərini dəvət etdik və birgə toplantı keçirdik. Bu, tarixdə ilk dəfə baş vermişdi. Azərbaycan həm Avropa Şurasına, həm İslam Əməkdaşlıq Təşkilatına üzv olduğu üçün bu təşəbbüsü öz üzərinə götürmüşdü. 2009-cu ildə artıq Bakıda İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin mədəniyyət nazirlərinin toplantısına biz Avropa Şurasından mədəniyyət nazirlərini dəvət etmişdik. Bu təşəbbüsə "Bakı prosesi" adı verilmişdi. Bu gün "Bakı prosesi" yaşayır və inkişaf edir".

* * *
Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri xanım Valentina Matviyenko Prezident Vladimir Putinin tədbir iştirakçılarına təbrik məktubunu oxuyub. Sonra BMT-nin İnkişaf Proqramının rəhbəri xanım Helen Klark çıxış edib. UNESCO-nun baş direktoru xanım İrina Bokovanın Forum iştirakçılarına videomüraciəti nümayiş olunub. İSESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri də açılışda çıxış edib.
Forum işini plenar iclasla davam etdirib. İclasın birinci hissəsinə sədrlik edən Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov ölkəmizdə humanitar sahənin inkişafı ilə bağlı həyata keçirilən tədbirlərdən danışıb.
Estoniyanın sabiq Prezidenti Arnold Rüütel çıxışında dünyadakı ekoloji problemlərə nəzər salıb. Xorvatiyanın keçmiş Prezidenti Stepan Mesiç xalqlar arasında etimadın bərpası məsələsindən bəhs edib. Latviyanın sabiq Prezidenti Valdis Zatlers dünyadakı gərginliyin təməlində din amilinin yox, digər səbəblərin dayandığını söyləyib, bu baxımdan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin vacibliyini vurğulayıb. Litvanın keçmiş Prezidenti Vitautas Landsbergis bildirib ki, Azərbaycan işğal faktı ilə üzləşsə də, sabit dövlət qurmaq ideyalarını uğurla nümayiş etdirir. İtaliya Nazirlər Şurasının sabiq sədri Enriko Letta Avropa İttifaqının Cənubi Qafqaz regionu ilə əlaqələrinə toxunaraq bildirib ki, Azərbaycanla əməkdaşlıq genişləndirilməlidir. O, gələn il ölkəmizdə ilk Avropa Oyunlarının yüksək səviyyədə keçiriləcəyinə əminliyini ifadə edib.
İclasda həmçinin Küveytin İdeal Ailə Cəmiyyətinin prezidenti ülyahəzrət Şeyxa Fariha əl-Əhməd əl-Cabir əl-Sabah, Braziliya xarici işlər nazirinin əməkdaşlıq, mədəniyyət və ticarətin təşviqi məsələləri üzrə müavini Hadil Fontes da Roşa Vianna, Meksika Senatının xarici əlaqələr komitəsinin sədri Qabriela Kuevas, UNESCO-nun İcra Şurasının sədri Məhəmməd Sami Əmiri çıxış ediblər.
Plenar iclasın Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin iştirak etdiyi ikinci hissəsində Nobel mükafatı laureatları çıxış ediblər. Çıxışlarda Bakı Beynəlxalq Humanitar Forumunun gündəmində yer alan qlobal mövzuların aktuallığından söz açılıb, Azərbaycanın humanitar dəyərlərə böyük önəm verdiyi vurğulanıb.
Forum işini oktyabrın 3-də davam etdirəcək.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar