Oktyabrın 1-də Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində olan teatr-konsert müəssisələri rəhbərlərinin iştirakı ilə geniş toplantı keçirildi.

Tədbirdə çıxış edən mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev teatr-konsert müəssisələrinin fəaliyyətinə ətraflı nəzər saldı, dövlətin mədəniyyət siyasəti, ölkə Prezidentinin teatr sənətinin inkişafına yönələn fərman və sərəncamlarının əhəmiyyəti, 2006-cı ildən etibarən bu sahədə görülən işlər, aparılan islahatlar barədə danışdı: “2006-cı ildə Azərbaycanın tarixində ilk dəfə olaraq «Teatr haqqında qanun» qəbul olundu. Daha sonra Azərbaycan teatrlarının inkişaf strategiyasını müəyyənləşdirən 2009-2019-cu illər üzrə Dövlət Proqramı təsdiq olundu. Sənəd əsasında fundamental işlər görüldü, onun müddəaları icra olunmağa başladı və nəticələr göz önündədir. Akademik Milli Dram, Rus Dram, Kukla, Gənc Tamaşaçılar, Dövlət Musiqili, Dövlət Mahnı teatrları əsaslı təmir olundu. Gələn il paytaxtımızda keçiriləcək I Avropa Oyunlarından sonra Opera və Balet Teatrının təmiri ilə bağlı işlərə start veriləcək. Regionlarda da bu istiqamətdə böyük iş aparılıb. Ağdamda, Mingəçevirdə, Şəkidə teatrlar yenidən qurulub. Şuşa, Lənkəran və İrəvan teatrlarının təmiri məsələsi gündəmdədir. Bundan başqa, Gəncə Dram Teatrının yeni binasının tikintisi ilə bağlı layihə-smeta sənədlərinin hazırlanmasına başlanılıb”.
Teatrlarda aparılan islahatlardan da söz açan nazir müavini maddi-texniki bazanın yaxşılaşdırılması, yaradıcılıq fəaliyyətinin stimullaşdırılması istiqamətində atılan addımların artıq öz bəhrəsini verdiyini, Azərbaycan teatrının sorağının dünyanın mötəbər səhnələrindən gəldiyini diqqətə çatdırdı.
Qeyd olundu ki, "Azərbaycan teatrı 2009-2019-cu illərdə" Dövlət Proqramına əsasən həyata keçirilən layihələr, aparılan islahatlar teatr sənətimizin inkişafına mühüm zəmin yaratmışdır. Teatr sistemində kadr islahatı müsbət nəticələr verməkdədir.
Dövlət Proqramından irəli gələn məsələlərdən biri də Mədəniyyət və Turizm Nazirliyi Treninq Mərkəzinin yaradılması idi. Bu qurumun da may ayının 1-dən fəaliyyətə başladığı və Şaiq Səfərovun nazirliyin kollegiyasının qərarına əsasən mərkəzə rəhbər təyin olunduğu diqqətə çatdırıldı. İlin sonunadək mərkəz vasitəsilə bir neçə ustad dərsinin təşkili və digər vacib işlər nəzərdə tutulur.
Bu ilin noyabrında Bakıda keçiriləcək III Beynəlxalq Teatr Forumu barədə danışan nazir müavini belə tədbirlərin, eləcə də teatrların beynəlxalq qurumlarda təmsil olunmasının önəmini vurğuladı: “4-7 noyabr tarixlərində keçiriləcək foruma 70-dək ölkədən 120-dən artıq teatr təmsilçisi gələcək, maraqlı məruzələrlə çıxışlar edəcək, treninqlər, görüşlər keçirəcəklər”.
Bildirildi ki, 2015-ci ilin iyununda Bakıda keçiriləcək I Avropa Oyunları ilə bağlı teatr-konsert müəssisələri də öz repertuarlarına ciddi diqqət yetirməlidir. Beynəlxalq tədbir günlərində teatrlar ən yaxşı tamaşa və opera nümunələrini, konsert müəssisələri milli musiqi nümunələrini təqdim etməlidirlər.
Son dövrlər teatr və konsert müəssisələri ilə bağlı işıq üzü görən nəşrlərdən də danışan Ədalət Vəliyev 28 adda müxtəlif səpkili kitabın, o cümlədən “Azərbaycan teatr antologiyası”nın çapdan çıxdığını, "Teatr ensiklopediya"sının isə böyük ehtimalla gələn il Milli Teatr Günü ərəfəsində təqdim ediləcəyini dedi.
Toplantıda görülən işlər, qeyd olunan müsbət məqamlarla yanaşı, mövcud problemlərdən də ətraflı söhbət açıldı. Teatrlarda dövlət sifarişi ilə hazırlanan tamaşaların vəziyyəti, kadr siyasəti, teatr studiyalarının fəaliyyəti, texniki heyət ilə iş və digər məsələlərə diqqəti çəkən nazir müavini nöqsanların aradan qaldırılması istiqamətində tövsiyələrini verdi. Teatrların reklam işinin, mətbuatla əlaqələrinin qənaətbəxş olmadığını deyən Ədalət Vəliyev telekanallarla əməkdaşlığın vacibliyini qeyd etdi. Konsert müəssisələrində konsert proqramlarının sayının artırılması, musiqi kollektivlərinin dinamik iş rejiminə nail olunması üçün müvafiq tapşırıqlar verildi.

Həmidə







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar