Xəbər verdiyimiz kimi, oktyabrın 8-dən 12-dək Almaniyanın Frankfurt şəhərində ənənəvi beynəlxalq kitab sərgi-yarmarkası keçirilib.

Bu il 66-cı dəfə gerçəkləşən tədbir dünyanın ən böyük kitab yarmarkalarından biridir. Artıq bir neçə ildir ki, ölkəmiz də bu tədbirdə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təmsil olunur. Ötən illərdə nazirliyin dəstəyi ilə təşkil olunan milli stendimizdə ölkəmizin mədəniyyəti, inkişaf edən nəşriyyat-poliqrafiya sahəsi, kitab sənəti nümayiş etdirilib.
Budəfəki sərgi-yarmarkada mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyevin rəhbərliyi ilə nümayəndə heyəti iştirak edib. “Messe Frankfurt” mərkəzində təşkil olunan sərgidəki milli stendimizdə son illər Azərbaycanda işıq üzü görən kitab və digər nəşr nümunələri, habelə çox sayda turizm materialları nümayiş olunub. Sərgi günlərində 2015-ci ildə paytaxtımızda keçiriləcək ilk Avropa Oyunlarının geniş təbliğatı da aparılıb, iştirakçı və ziyarətçilərə tədbir barədə məlumat verən çap məhsulları paylanıb.
Sərgi çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən 220 illik yubileyi qeyd edilən görkəmli şair Mirzə Şəfi Vazehlə bağlı tədbir keçirilib. Alman ictimaiyyəti, Azərbaycan, Türkiyə diasporlarının təmsilçiləri və MDB ölkələrindən nümayəndələrin qatıldığı tədbirdə mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev, şair, Əməkdar incəsənət xadimi Çingiz Əlioğlu və Mirzə Şəfi Vazeh irsinin tədqiqatçısı, AMEA-nın Gəncə bölməsinin elmi işçisi Elnur Həsənov ədibin yaradıcılığı barədə ətraflı məlumat veriblər. Stendimizdə sərgilənən Vazehin əlyazmaları da tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.
Tədbir çərçivəsində "Qələm" və "Altun kitab" nəşriyyatlarının əməkdaşları Britaniya, İtaliya, Türkiyə, Belarus, Ukraynadan olan iştirakçılarla görüşlər keçirərək əməkdaşlıq imkanlarını müzakirə ediblər.
Həmçinin şair Çingiz Əlioğlunun təqdimatı ilə qazax yazıçısı Nemet Kelembetovun "Ümidimi itirmək istəmirəm" və "Oğluma məktublar" kitabları iştirakçılara çatdırılıb. Tədbir Qazaxıstan nümayəndə heyəti ilə birgə təşkil olunub.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar