Prezident İlham Əliyev Naftalan şəhərində sayca üçüncü olan “Qarabağ SPA and Resort” hotelinin açılışında iştirak edib

Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva oktyabrın 17-18-də Daşkəsən, Goranboy rayonlarında, Naftalan və Gəncə şəhərlərində səfərdə olub.

Dövlət başçısı yerlərdə aparılan quruculuq-abadlıq işləri ilə tanış olub, bir sıra obyektlərin açılışında, Gəncə Dövlət Dram Teatrının yeni binasının təməlqoyma mərasimində iştirak edib. Bina Gəncə çayının sağ sahilində, Əhməd Cəmil və Mirzə Abbas Abbaszadə küçələrinin kəsişməsində, Məhsəti Gəncəvi Mərkəzinin qarşısında tikiləcək. Prezident və xanımı Gəncə Dövlət Filarmoniyasının binasında tikinti işlərinin gedişi ilə də tanış olub. Məlumat verilib ki, filarmoniyada 1200 tamaşaçı yeri olan konsert zalı, açıq havada yay kinoteatrı, rəsm qalereyası və s. yaradılacaq.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva oktyabrın 17-də Naftalan şəhərində “Qarabağ SPA and Resort” hotel kompleksinin açılışında iştirak ediblər. Kompleks təkcə Naftalanın deyil, bölgənin əhəmiyyətli turizm obyektidir. 2012-ci ildə başlanan tikinti işləri nəticəsində orijinal memarlıq üslubunda gözəl istirahət məkanı yaradılıb. Sahəsi 13 hektardan çox olan kompleksdə tennis kortu, basketbol meydançası, qolf sahəsi, helikopter meydançası var. SPA terapiya üsullarına geniş yer verilən hoteldə bütün zəruri avadanlıqla təchiz olunmuş 132 otaq var. Burada çalışanların böyük əksəriyyəti yerli işçilərdir.
Hotelin işçilərini və şəhər ictimaiyyəti nümayəndələrini salamlayan Prezident İlham Əliyev ümidvar olduğunu bildirib ki, xarici görünüşü və daxili tərtibatı ən müasir standartlara cavab verən kompleksdə insanlar həm yaxşı istirahət edəcək, həm də yaxşı müalicə alacaqlar: “Bu hotel ölkəmizdə turizmin inkişafı üçün öz rolunu oynayacaq. Çox şadam ki, Naftalanda hotellərin sayı artır. Bu vaxta qədər Naftalanda tikilən bütün yeni hotellərin açılışlarında iştirak etmişəm - “Çinar” hoteli, “Qaşaltı” - indi onun adı “Rixos” olmuşdur, - indi də “Qarabağ” hoteli. Naftalanın çox böyük şöhrəti olub. Biz bu şöhrəti indi bərpa edirik. Sovetlər vaxtında 80 minə qədər turist gəlirdi. Bu il 15 minə qədər turistin gəlişi gözlənilir. Hələ ki, biz sovet səviyyəsinə çatmamışıq, ancaq əminəm ki, çatacağıq. Bir neçə il bundan əvvəl “Çinar” hotelinin yenidən qurulub istifadəyə verilməsi ilə Naftalanda hotel biznesi sürətlə inkişaf etməyə başlamışdır. O vaxta qədər erməni işğalından əziyyət çəkən soydaşlarımız burada məskunlaşmışdılar. Biz ilk növbədə, onların problemlərini həll etməyə başladıq və buna nail olduq. Onlar indi gözəl evlərə köçürülüblər. Köhnə, sovet vaxtından qalan sanatoriyaların yerlərində belə gözəl hotellər tikilir.
Vaxtilə burada “Qarabağ” sanatoriyası yerləşirdi. Tamamilə yararsız vəziyyətdə idi, söküldü və yerində yenə də “Qarabağ” adını saxlamaq şərti ilə gözəl, ən yüksək dünya səviyyəsinə uyğun hotel tikilib. Beləliklə, hazırda Naftalanda beşulduzlu 3 hotel fəaliyyət göstərir. Əminəm ki, gələcəkdə bu hotellərin sayı daha da artacaq. Biz istəyirik ki, postsovet məkanından, eyni zamanda, başqa xarici ölkələrdən də turistlər gəlsinlər. Çünki indi bütün imkanlar var. Gəncə Beynəlxalq Aeroportu tikilib, yaxşı yollar salınıb. Naftalan şəhəri gözəlləşir, abadlaşır. Yəni, Naftalan əslində dünya miqyasında bir turizm mərkəzinə çevrilir”.
Dövlət başçısı vurğulayıb ki, bu gün dünyanın qabaqcıl ölkələrində tibbi turizm inkişaf edir: “Azərbaycan da bu sahədə öz sözünü deməlidir. Azərbaycanda tibbi-müalicəvi turizmin inkişafına məhz Naftalanda start verilmişdir. Belə müalicəvi yerlər kifayət qədər çoxdur. Onlardan biri də Qalaaltıdır. Orada da insan orqanizmi üçün çox xeyirli su mənbəyi vardır. İndi orada da hotel tikilir. Yəqin ki, gələn il istifadəyə veriləcəkdir. Naxçıvanda duz mağaralarında, digər yerlərdə müalicəvi xidmətlər göstərilir. Yəni, biz öz təbii imkanlarımızdan maksimum dərəcədə istifadə edirik ki, gözəl şərait yaradaq. Naftalana gələnlərin arasında Azərbaycan vətəndaşları üstünlük təşkil edir. Yəni bu, əslində daxili turizmin inkişafıdır. Hazırda “Çinar” və “Rixos” hotellərində demək olar ki, otaqların orta hesabla 70 faizi artıq doludur. Biz Naftalanın infrastruktur layihələrinin icrasını da paralel olaraq həll edirik. Bütövlükdə Azərbaycanda turizmin inkişafı sürətlə gedir”.
Prezident vurğulayıb ki, bu gün Bakıda dünyanın ən aparıcı hotel şəbəkələri fəaliyyət göstərir: “Four Seasons”, “Fairmont”, “Hilton”, “Mariott”, “Kempinski”, “Jumeirah”, “Sheraton”, “Hyatt”, “Radisson” - bunlar aparıcı hotel şəbəkələridir ki, Bakıda fəaliyyət göstərir. Nəyə görə? Çünki investorların ölkəmizin gələcəyinə böyük inamı var. Biznes imkanları genişlənir, tarixi yerlərimiz kifayət qədər çoxdur, gələnlər bizim zəngin mədəniyyətimizlə tanış olurlar. Ona görə aparıcı hotel brendləri Bakıdadır və bu proses gedir. Hazırda Bakıda iki gözəl yeni hotel tikilir. Birinin adı “İnturist” olacaq. Əfsuslar olsun ki, bir neçə il bundan əvvəl Bakının simvollarından biri olan “İnturist” hoteli sökülmüşdür. Ancaq orada eyni memarlıq üslubunda yeni hotel tikilir, adı da “İnturist” olacaq. Hazırda “Ağ Şəhər” bulvarında otaqlarının sayına görə bəlkə də Azərbaycanda ən böyük hotel tikilir. Bir neçə aydan sonra fəaliyyətə başlayacaq. Bir daha demək istəyirəm ki, bu, ölkəmizin ümumi inkişafının göstəricisidir”.








Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar