Naxçıvan Muxtar Respublikasının 90 illiyinə həsr olunmuş fotoalbom təqdim edildi

Oktyabrın 22-də M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında “Naxçıvan 90 il” fotoalbomunun təqdimat mərasimi keçirildi. Tədbirdə hökumət rəsmiləri, millət vəkilləri, ictimaiyyət nümayəndələri iştirak edirdi.

Fotoalbom Prezident İlham Əliyevin “Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinin keçirilməsi haqqında” 14 yanvar 2014-cü il tarixli sərəncamına əsasən Mədəniyyət və Turizm Nazirliyi tərəfindən nəşr olunub. Layihənin rəhbəri mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, məsləhətçilər nazirin birinci müavini Vaqif Əliyev və təhsil nazirinin müavini Firudin Qurbanovdur. Nəşrdə minilliklərdən boylanan Naxçıvanın tarix və mədəniyyət abidələri, turizm imkanları, müasir inkişafı, ecazkar təbiəti əksini tapıb.
Milli Kitabxananın direktoru Kərim Tahirov mərasimi açaraq nəşrin əhəmiyyətini vurğuladı, Naxçıvanın Azərbaycanın dövlətçilik tarixində yerindən, rolundan danışdı.
Mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev fotoalbomun bu il mayın 12-də Mədəniyyət və Turizm Nazirliyinin Bakı Biznes Mərkəzində muxtar respublikanın 90 illik yubileyi münasibətilə təşkil etdiyi sərginin davamı olduğunu diqqətə çatdırdı. Qeyd olundu ki, ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycan və onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası sürətli inkişaf yolu keçib: “Naxçıvanın bugünkü inkişaf səviyyəsinə çatması ulu öndərin adı ilə bağlıdır. O, hakimiyyətdə olduğu bütün dövrlərdə Naxçıvana böyük diqqət göstərib. Hazırda bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısı muxtar respublikaya hər səfəri zamanı orada aparılan genişmiqyaslı quruculuq, abadlıq işləri ilə tanış olur, infrastruktur obyektlərinin açılışında iştirak edir. Aparılan bu işlər Naxçıvanın nüfuzunun dünyada, eləcə də İslam aləmində artmasına səbəb olub. Naxçıvan şəhəri 2018-ci ildə “İslam Mədəniyyətinin Paytaxtı” kimi böyük bir missiyanı yerinə yetirəcək. Qədim diyar möhtəşəm tədbirlərin keçirildiyi məkana çevriləcək”.
Naxçıvan Muxtar Respublikasının Bakıdakı daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov bildirdi ki, Prezident İlham Əliyevin sərəncamına əsasən keçirilən silsilə yubiley tədbirləri qədim yurdumuzun tarixinin öyrənilməsi, müasir inkişafının təbliği baxımından mühüm əhəmiyyət daşıyır. “Naxçıvan 90 il” fotoalbomu da bu yubileyə böyük töhfədir.
Təhsil nazirinin müavini Firudin Qurbanov muxtar respublikanın keşməkeşli tarixindən və sosial-iqtisadi inkişafından danışdı. Son illərdə Naxçıvanda təhsil sahəsinə göstərilən diqqət və qayğını yüksək qiymətləndirdi. Muxtar respublikada 200-dən çox məktəbin, məktəbəqədər tərbiyə müəssisənin tikildiyini və ya əsaslı təmir olunduğunu diqqətə çatdıran Firudin Qurbanov fotoalbomda bu inkişafın da əksini tapdığını dedi.
AMEA-nın vitse-prezidenti, millət vəkili, Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli bildirdi ki, sovet tarixşünaslığında Naxçıvanın 3500 illik tarixindən söz açılırdı. Ancaq son illər tarixçilərimizin apardığı araşdırmalar, aşkar olunan maddi mədəniyyət nümunələri Naxçıvanda şəhərsalma mədəniyyətinin 5 min ildən artıq yaşının olduğunu deməyə əsas verir: “Hazırda AMEA-nın Naxçıvan Bölməsi tərəfindən 1200-dən çox tarixi abidə qeydə alınıb ki, onlardan da 100-ü dünya əhəmiyyətlidir. Oxucular yeni nəşrdə bu qədim diyarla bağlı zəngin məlumatlar əldə edəcəklər”.
Millət vəkili, yazıçı-publisist Elmira Axundova nəşrin əhəmiyyətini vurğulayaraq belə çap məhsullarının xarici dillərə tərcümə olunaraq müxtəlif ölkələrdəki səfirliklərimizə göndərilməsinin faydalı olacağını bildirdi.
Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov ümummilli liderin hakimiyyətə qayıdışında sonra ölkəmizdə həyata keçirilən mühüm layihələrdən söz açdı. Ulu öndərin siyasi kursunu davam etdirən Prezident İlham Əliyevin Azərbaycana, onun ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikasına göstərdiyi diqqət və qayğıdan bəhs etdi. Qeyd olundu ki, dövlət başçısının bu diqqət və qayğısı sayəsində muxtar respublika 2003-cü ildən sonra özünün yeni inkişaf dövrünü yaşayır.
Sonda tədbir iştirakçıları “Naxçıvan Muxtar Respublikası - 90” adlı kitab sərgisi ilə tanış oldular.

Fariz Yunisli







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar