Mədəniyyətlərarası dialoq və mədəni turizm mövzusunda Bakı Forumu
Oktyabrın 30-da Bakıdakı “Marriott Abşeron” hotelində Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsinə sədrliyi proqramının bir hissəsi kimi 2014-cü il Mədəni Marşrutlar üzrə İllik Məşvərət Forumu işə başlayacaq.
Avropa Şurasının Avropa Mədəni Marşrutlar İnstitutu (Lüksemburq) və Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin birgə təşkil etdiyi foruma Avropa Şurasının 29 mədəni marşrutu təmsil edən şəxslər, Mədəni Marşrutlar üzrə Genişləndirilmiş Hissəvi Sazişin 23 üzv dövlətinin mədəniyyət və irs sahəsində çalışan təmsilçiləri, digər təşkilatların nümayəndələri, alimlər, mütəxəssislər, mədəni turizm sahəsində peşəkarlar qatılacaqlar.
Forumun açılışında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev və Avropa Şurasının Demokratiya üzrə baş direktoru Snejana Samardziç-Markoviç çıxış edəcək. Forum mədəni marşrutların fəaliyyətinin təqdim edildiyi, uğurlu təcrübələrin paylaşıldığı və tematik seminarlarda mövcud problemlərin müzakirə edildiyi illik tədbirdir. Bu il müzakirələr mədəni marşrutların mədəniyyətlərarası dialoqun və transmilli şəbəkələr vasitəsilə davamlı sosial və iqtisadi inkişafın təşviqinə necə xidmət edə bilməsi, onların Avropanın tarixini işıqlandırmaq və onu qorumaqla müasir cəmiyyətlərin necə qavranılması mövzuları ətrafında olacaq.
İki gün davam edəcək forum çərçivəsində aşağıdakı mövzularda seminarlar keçiriləcək: Turizm sosial birlik və dialoqun aparıcı qüvvəsi kimi; Mədəni marşrutlar mədəniyyətlərarası dialoqun istiqamətləri kimi - keçmiş, indi və gələcək; Sosial birlik iqtisadiyyatı - davamlı iqtisadi inkişaf naminə mədəni marşrutlar; Avropa Şurasının mədəni marşrutları boyunca "müharibə və sülh"; Mədəni marşrutlar Avropa yaddaşının və yaşadılan tarixin qoruyucuları kimi.
Forumun birinci günü keçiriləcək plenar sessiyada İnsbrukdan Bakıya - 2013-cü il forumundan bu vaxta qədər əldə olunan nailiyyətlər müzakirə olunacaq. Oktyabrın 31-də mədəni marşrutlar üzrə nümayəndələrin qapalı görüşü də keçiriləcək.