Böyük musiqiçiyə həsr olunmuş sənədli filmin təqdimatı

Oktyabrın 24-də Nizami Kino Mərkəzində “Müslüm Maqomayev haqqında xatirələr” sənədli filminin təqdimatı keçirildi. Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Salnamə” sənədli filmlər studiyasında istehsal edilən ekran əsərinin rejissoru Xalq artisti Tofiq İsmayılovdur.

Təqdimat iştirakçıları ilk olaraq sənətkarın xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.
Mərasimdə çıxış edən mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev bildirdi ki, bu gün Azərbaycan və dünya xalqlarının yaddaşında özünün parlaq obrazları, böyük musiqi dünyası ilə iz salmış, fəxr edərək qürur duyduğumuz Müslüm Maqomayevin xatirəsinin işığına yığışmışıq. Müslüm Maqomayev Azərbaycan mədəniyyətinin, incəsənətinin, bütövlükdə dünyanın sənətsevər insanlarının yaddaşında böyük musiqisi ilə iz salmış dahi sənətkardır: “Bilirsiniz ki, rejissor, Xalq artisti Tofiq İsmayılov böyük musiqiçi haqqında ilk filmi 41 il əvvəl çəkib. O dövrdə SSRİ-nin bütün respublikalarında, o cümlədən dünyanın bir çox ölkələrində, həmçinin Müslüm Maqomayevin iştirak etdiyi çoxsaylı festivallarda “Oxuyur Müslüm Maqomayev” filmindən hissələr nümayiş olunardı. Bu filmlə bərabər rejissor da Müslümlə birlikdə bütün dünyanı gəzib-dolaşıb. “Müslüm Maqomayev haqqında xatirələr” sənədli filmi görkəmli ifaçının anım günü ərəfəsində sizlərə təqdim edilir”.
Ədalət Vəliyev qeyd etdi ki, film rejissorun gərgin əməyi sayəsində Moskvada, Bakıda və Müslüm Maqomayevlə bağlı olan müxtəlif məkanlarda çəkilib. Bu zaman yaradıcı heyətin müxtəlif çətinliklərlə rastlaşmasına baxmayaraq, işə böyük sevgi ilə yanaşdığının şahidi olmuşuq: “Filmə baxdığımız zaman görürük ki, rejissor 52 dəqiqəlik ekran işinə bütün varlığını, ürəyini qoyub. İnanıram ki, tamaşaçılar Müslüm Maqomayevin yoxluğunda onun dünyası ilə yenidən tanış olmaq imkanı əldə edəcək, sənətkarın yaradıcılığına yeni bir rakursdan baxmaq imkanı qazanacaqlar”. Nazir müavini filmin yaradıcı heyətinə təşəkkürünü bildirdi.
Kinorejissor, Xalq artisti Tofiq İsmayılov Azərbaycanın adını yüksəklərə qaldıran böyük sənətkarla onun haqqında çəkdiyi film nəticəsində tanış olduğunu bildirdi: “Çox sevinirəm ki, həyat və təsadüf mənə yenidən qismət etdi ki, Müslüm haqqında film çəkim. Beləliklə də mən yenidən Müslümlə “görüşməli” oldum. Bu dəfə fərqli tərzdə yaddaşlarda, xatirələrdə yaşayan sənətkarla. Onun arxivi ilə tanış oldum. İlk film çox asan yaranmışdı. Çünki sənətkar sağ idi və onun olduğu hər kadr özü bir sənət nümunəsidir. Hazırda sizə təqdim edilən film onun haqqında çəkilməsi nəzərdə tutulan üç filmdən biridir. Ümid edirəm ki, növbəti filmlərdə bu görkəmli sənətkarın keçdiyi yolu bütöv şəkildə göstərə biləcəyik. İlk film isə onun sevgisinə həsr edilib. Film vasitəsilə böyük sənətkara sevgimizi ərz edirik və deyirik ki, “Müslüm, sən bizdən ayrılmamısan və hər zaman bizimləsən”.
Rejissor filmin ərsəyə gəlməsində göstərdiyi diqqət və qayğıya görə Mədəniyyət və Turizm Nazirliyinə minnətdarlığını bildirdi.
Sonra sənədli film nümayiş olundu. Ekran əsərində Azərbaycanın və Rusiyanın görkəmli sənət adamlarının, Müslüm Maqomayevin yaxın dostlarının xatirələri, sənətkarın müxtəlif illərdəki ən gözəl ifaları, ilk dəfə nümayiş olunacaq kinoxronika kadrları yer alıb. Vaxtilə böyük musiqiçinin konsert verdiyi məkanlar, dünya ölkələrinə qastrol səfərləri və bənzərsiz ifaçı haqqında müxtəlif mətbuat orqanlarında işıq üzü görən məqalələr tamaşaçıları ötən əsrin 60-70-ci illərinə apardı. Ekran əsərində sənətkarın yaşadığı ev və olduğu məkanlar xüsusi bir aura ilə təqdim edilir. Müslüm Maqomayevin yaradıcılıq yolu həm də Azərbaycan incəsənət tarixinin mühüm bir səhifəsi kimi diqqət mərkəzinə çəkilir.
Filmin ssenari müəllifi Tofiq İsmayılov, musiqi məsləhətçisi Tamara Sinyavskaya, səs rejissoru Azad Vəliyev, operatorları Rafiq Quliyev, İqor Boqdanov, Ziya Babayev, Andrey Lebedev, Anatoli Petrov, musiqi redaktoru Sevinc Rzayeva, redaktoru Ramiz Əliyev, icraçı prodüserləri Kamil Məmmədov və Tofiq Musayevdir.
Tədbir iştirakçıları Nizami Kino Mərkəzinin foyesində sənətkarın yaradıcılığını əks etdirən fotosərgi ilə də tanış oldular.

Lalə Azəri







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar