Bakı Bəyannaməsində mədəni marşrutların sülh, iqtisadiyyat və mədəni turizmin inkişafında rolundan bəhs edilir

Oktyabrın 31-də «JW Marriott Abşeron Baku» hotelində Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsinə sədrliyi çərçivəsində keçirilən 2014-cü il üçün Mədəni Marşrutlar üzrə Məşvərət Forumunun ikinci iş günü əvvəlcə mədəni marşrutlar üzrə nümayəndələrin qapalı görüşü oldu.

Sonra paralel sessiya iclasları keçirildi. «Avropa Şurasının mədəni marşrutları boyunca «müharibə və sülh»» mövzulu seminarda münaqişəli ərazilərdə mədəni turizm marşrutlarının yaradılması məsələləri müzakirə edildi. Seminara moderatorluq edən Avropa Məsuliyyətli Turizm və Qonaqpərvərlik Alyansının (EARTH) prezidenti Maurisio Davolio bildirdi ki, müasir Avropada sərhədlər demək olar ki, formalaşıb. Lakin münaqişə və sülh arasında tarazlıq hələ də kövrəkdir və bəzən kiçik mübahisə də böyük münaqişəyə səbəb olur: «Turizm müxtəlif ölkələri təmsil edən insanlar arasında münasibətləri formalaşdırır. İnsanlar səfərlər zamanı bir-birinin tarixi, mədəniyyəti, adət-ənənələri ilə tanış olurlar. Amma turist səfərləri ilə hər zaman sülhə nail olmaq mümkün deyil. Ona görə də münaqişə və sülh arasındakı tarazlıq insan hüquqları, mədəni müxtəliflik, demokratiya və təhsilin təbliğatı kimi mövzularda möhkəm kök salmalıdır».
Sessiyada müxtəlif ölkələri təmsil edən nümayəndələrin «Konflikt və postkonflikt ərazilərdə mədəni marşrut çağırışları», «Hazırkı Avropada döyüş və müharibələrin rolunun yenidən qəbul edilməsi: Napoleon şəhərləri», «Termal şəhərlər - sülh şəhərlərindən müharibə şəhərlərinə doğru və əksinə» mövzularında məruzələri dinlənildi.

Münaqişəli ərazilərə turist səfərləri ciddi təhlükəsizlik məsələsidir

Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri Vasif Eyvazzadənin «Mədəni turizm mədəni irsin və mədəniyyətin təbliği vasitəsilə sülh və təhlükəsizliyi necə qura bilər» mövzusunda çıxışı da iştirakçılar tərəfindən maraqla qarşılandı. Müasir dünyada mədəniyyət və turizmin birlikdə həm mədəniyyətlərarası dialoqa, həm də sülh və təhlükəsizliyə töhfə verdiyini deyən məruzəçi bildirdi ki, səyahət edən şəxslərin təhlükəsizlik məsələsi böyük önəm kəsb edir: “Bunu xüsusilə münaqişə başlayan mədəni marşrutların həyata keçirildiyi ərazilərdə həyata keçirmək vacibdir. Bu məsələdə ölkələr, özəl təşkilatlar və beynəlxalq qurumlar məsuliyyət daşıyırlar. Onlar münaqişəli ərazilərə turist səfərləri barədə aparılan təbliğatın qarşısını almaq üçün birgə səyləri gücləndirməlidirlər. Bunun üçün beynəlxalq qurumlar tərəfindən xüsusi sənəd qəbul olunmalıdır və bu sənədlər milli qanunlar əsasında icra olunmalıdır».
Şöbə müdiri iştirakçıların Azərbaycanın işğal olunmuş ərazilərinə səfərlərin təşkili və bu ərazilərdə mədəni marşrutların həyata keçirilməsi barədə sualına cavab olaraq bildirib ki, Qarabağ münaqişəsi beynəlxalq hüquq normaları ilə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Bundan sonra sülh, əməkdaşlıq və dialoqdan söhbət gedə bilər. Münaqişə həll olunduğu təqdirdə tarix boyu bu coğrafiyada mövcud olan mədəni marşrutların həyata keçirilmə imkanlarına baxıla bilər.
Forumun ikinci günü həmçinin «Turizm sosial birlik və dialoqun aparıcı qüvvəsi kimi», «Mədəni marşrutlar mədəniyyətlərarası dialoqun istiqamətləri kimi - keçmiş, indi və gələcək», «Sosial birlik iqtisadiyyatı - davamlı iqtisadi inkişaf naminə mədəni marşrutlar» mövzularında panel iclasları keçirildi, müzakirələr aparıldı.

Mədəni marşrutların mədəniyyətlərarası əməkdaşlığa və dialoqa töhfəsi

Panel iclaslarından sonra foruma yekun vuruldu. Bağlanış mərasimində çıxış edən mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva Azərbaycanın coğrafi mövqeyinin bir çox regional və beynəlxalq turizm marşrutlarında iştirak etməyə imkan verdiyini diqqətə çatdırdı, bu baxımdan Avropa Şurasının Mədəni Marşrutlar üzrə Məşvərət Forumunu yüksək qiymətləndirdi: «İki gün ərzində olduqca maraqlı mövzular müzakirə edildi, mədəni marşrutların həyatımızda rolu, Avropa və dünyanın digər regionları arasında əlaqələrin inkişaf etdirilməsinə, mədəniyyətlərarası əməkdaşlığa və dialoqa töhfəsi, turizm və sosial rifaha təsiri, tarixi yaddaşımızın qorunması və keçmişlə bu gün arasında irs vasitəsilə bir körpünün qurulması istiqamətində peşəkarlar tərəfindən fikir mübadiləsi aparıldı. Biz çox şadıq ki, bu tədbir Azərbaycan Respublikasının Avropa Şurası Nazirlər Komitəsinə sədrliyi çərçivəsində məhz Bakıda keçirildi. Çünki Azərbaycan və onun paytaxtı tarix boyu müxtəlif sivilizasiyaların, dünyanın bir sıra ticarət və mədəni yollarının kəsişmə mərkəzi olub. Tarixi İpək Yolu Avropa ilə Asiyanı Azərbaycan vasitəsilə birləşdirib. Ona görə də mədəni marşrutlar mövzusu tək Avropa Şurasının deyil, BMT sisteminə daxil olan Dünya Turizm Təşkilatı və UNESCO-nun da diqqət dairəsinə daxildir. Ölkəmiz beynəlxalq qurumlarla bu sahədə səmərəli əməkdaşlıq edir».
Nazir müavini qeyd etdi ki, Azərbaycan tədbirdə müzakirə edilən bir sıra mədəni marşrutlara qoşulmaq, həmin layihələr vasitəsilə mədəniyyət və turizm inteqrasiyasında fəal iştirak etmək niyyətindədir: «Hesab edirəm ki, bu tədbir bir sıra vacib məqamları ilə bizi gələcəkdə daha genişmiqyaslı layihələrin hazırlanmasına doğru aparacaq».
Sonda forumun Bakı Bəyannaməsi qəbul olundu. Sənəddə mədəni marşrutların sosial rifah, sülh, iqtisadiyyat, mədəni turizmin inkişafında rolu qeyd edilir. Bəyannamədə həmçinin mədəni marşrutlar mövzusunun Dünya Turizm Təşkilatı və UNESCO-nun birgə təşkilatçılığı ilə gələn ilin fevralında Kambocada keçiriləcək Mədəniyyət Nazirləri Konfransına və may ayında Bakıda gerçəkləşəcək III Dünya Mədəniyyətlərarası Dialoq Forumunun gündəliyinə daxil edilməsi təklif olunub.
Avropa Şurasının Mədəni Marşrutlar üzrə Məşvərət Forumunun növbəti illik toplantısının 2015-ci ildə İspaniyanın Aranjuez şəhərində keçirilməsi qərara alındı.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar