Ordubadinin xatirə muzeyinin 35 illik yubileyi qeyd edildi

Oktyabrın 31-də Məmməd Səid Ordubadinin xatirə muzeyinin yaradılmasının 35 illiyi ilə əlaqədar tədbir keçirildi. Muzeyin direktoru Lalə Abaszadə qonaqları salamlayaraq mədəniyyət ocağının fəaliyyəti haqqında məlumat verdi. Bildirdi ki, görkəmli yazıçı, publisist, tərcüməçi, ictimai xadim Məmməd Səid Ordubadinin xatirə muzeyi respublika Nazirlər Sovetinin müvafiq qərarına və Mədəniyyət Nazirliyinin 31 oktyabr 1979-cu il tarixli 398 saylı əmrinə əsasən yaradılıb. Ədib bu mənzildə 1938-ci ildən 1950-ci ilədək yaşayıb. Xatirə muzeyində saxlanılan eksponatlar onun keçdiyi həyat yolu, yaradıcılığı barədə dolğun təsəvvür yaradır. Muzeyin ekspozisiyası iki otaqdan ibarətdir. Burada mütəmadi olaraq tədbirlər keçirilir, məktəblilərin ekskursiyası təşkil edilir.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının Bakıdakı daimi nümayəndəliyinin rəhbəri, Ordubadi irsinin araşdırıcısı Bəxtiyar Əsgərov, kinoşünas, Əməkdar incəsənət xadimi Aydın Kazımzadə, Xalq rəssamı Xanlar Əhmədov, Azərbaycan Dövlət Pedaqoji Universitetinin professoru Himalay Qasımov, Ədəbiyyat və İncəsənət Arxivinin direktoru Maarif Teymurov, filologiya üzrə fəlsəfə doktoru Arzu Hüseynova, Gənc Tamaşaçılar Teatrının bədii rəhbəri Səriyyə İsmayılova və digər çıxış edənlər muzeyin 35 illik yubileyi ilə bağlı təbriklərini çatdırdılar, kollektivə uğurlar arzuladılar. Qeyd olundu ki, xatirə muzeyləri gələcək nəsillərə ötürülən tarixdir. Bu tarix vasitəsilə gənc nəsil keçmişə səyahət edir. Muzeydə qorunan eksponatlar bəzən bir insanın timsalında bütöv bir dövrün ab-havasından, həmin dövrdə baş verən hadisələrdən dolğun xəbər verir. Bu səbəbdən də xatirə muzeyləri dəyərli mədəniyyət ocaqlarıdır.
Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının Respublika Komitəsinin nümayəndəsi Əfsanə Əliyeva kollektivə qurumun mükafatlarını təqdim etdi.
Ordubadinin sözlərinə yazılmış “Gülərəm gülsən” və “Sənindir” mahnılarının lent yazıları səsləndirildi, Respublika Gənc Turistlər və Diyarşünaslıq Mərkəzinin ədəbi-diyarşünaslıq dərnəyinin üzvlərinin ifasında görkəmli yazıçının satirik şeirləri dinlənildi.
Tədbirdə Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin əməkdaşları, Ordubadi nəslinin nümayəndələri, ədəbiyyatşünaslar iştirak edirdi.

Lalə Azəri







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar