Noyabrın 7-də Mədəniyyət və Turizm Nazirliyi və BMT-nin İnkişaf Proqramının (BMTİP) birgə layihəsi çərçivəsində Bakı Turizm Peşə Məktəbində fəaliyyət göstərən Təhsil-Təlim Mərkəzinin «Turoperator və turagent» kurslarının dinləyiciləri Azərbaycan Xalça Muzeyində ekskursiyada oldular.

Kursun müəllimi, «Millennium Turizm & Konqres DMC»nin direktoru Ruslan Quliyev bildirdi ki, Xalça Muzeyi ölkəmizə gələn turistlərin ən çox ziyarət etdiyi məkanlardan biridir. Muzeyin yeni binası istifadəyə verildikdən sonra bu maraq daha da artıb. Qeyd edildi ki, “Turoperator və turagent» kurslarının dinləyiciləri gələcək iş həyatlarında turistlərlə çox təmasda olacaqlar. Bu baxımdan onların bu muzey haqqında bilgilərinin zəngin olması zəruridir. Ruslan Quliyev kursun dinləyicilərinə xalça sənəti haqqında məlumat verərək 2010-cu ildə Azərbaycanın xalça sənətinin UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edildiyini diqqətə çatdırdı.
Sonra sənətşünas, tanınmış bələdçi Asiya Şirəliyeva dinləyicilərə Xalça Muzeyinin yaranma tarixi, xalça sənəti, ölkəmizdə mövcud olan xalça növləri haqqında məlumat verdi. Bildirdi ki, Prezident İlham Əliyevin sərəncamı ilə muzey üçün belə bir binanın inşa edilməsi xalqımıza məxsus bu qədim sənət növünün dünyada daha da tanınmasına mühüm töhfədir.
Bələdçinin müşayiəti ilə kurs dinləyiciləri üçmərtəbəli muzey binası ilə tanış oldular. Binanın girişi xalq sənətkarlarının əl işləri və müasir interpretasiyalar bölmələrindən ibarətdir. Birinci mərtəbədə xalçanın inkişaf texnologiyası və ənənələr, xalçaçılıq sənətinin təkamülü bölmələri yerləşir. İkinci mərtəbədə Azərbaycan xalça məktəbləri (Quba, Şirvan, Bakı, Gəncə, Qazax, Qarabağ və Təbriz) əksini tapıb. Burada muzeyin yaradıcısı, görkəmli sənətşünas-alim, Xalq rəssamı Lətif Kərimovun büstü qoyulub. Üçüncü mərtəbədə isə müasir xalçalar yer alıb. Burada Azərbaycanın tanınmış xalçaçı rəssamlarının əsərləri əsasında toxunulmuş nümunələr nümayiş etdirilir. Şuşa Xalça Muzeyinin eksponatları da bu mərtəbədədir.
Qeyd edək ki, muzeyə giriş orta məktəb şagirdləri üçün 1 manat, tələbələr üçün 2 manat, ölkə vətəndaşları üçün 5 manat, xarici turistlər üçün 10 manat müəyyənləşdirilib.

“Turizm elə sahədir ki, onu öyrəndikcə daha çox sevirsən”

Ekskursiyadan sonra «Turoperator və turagent» kurslarının dinləyicilərindən bir neçəsi ilə həmsöhbət olduq. Kursların dinləyicilərinin bəziləri Azərbaycan Turizm İnstitutunun 4-cü kurs tələbələridir.
ATİ-nin turizm və hotelçilik fakültəsində təhsil alan Elçin Abbasov deyir ki, yay təcrübəsini İsrailin Eylat şəhərindəki hotellərdən birində keçməli imiş. Amma oradakı gərgin vəziyyət səbəbindən Azərbaycana dönüb və Bakı Turizm İnformasiya Mərkəzində təcrübə keçib: «Burada Mədəniyyət və Turizm Nazirliyi və BMT İnkişaf Proqramının birgə layihəsinin koordinatoru Səbinə Babayeva ilə tanış oldum. O mənə kurslar haqqında danışdı. Kurslar marağıma səbəb oldu və belə qərara gəldim ki, burada iştirak edim. Düşünürəm ki, qərarımda yanılmamışam. Bu kurslar nəzəri baxımdan öyrəndiklərimizin təcrübədə tətbiqidir. Dərslər zamanı ixtisasıma uyğun bir çox yeniliklərlə tanış olmuşam».
ATİ-nin turizm və hotelçilik fakültəsinin digər tələbəsi Şükür İsmayılov da kurslarla bağlı fikirlərini bölüşdü. Onun sözlərinə görə, kurslarda əsasən iki səbəbdən iştirak edir: «Birincisi, kursun müəllimləri turizm sahəsinin peşəkarlarıdır və onlardan çox şey öyrənə bilərəm. Burada təcrübəyə daha çox vaxt verirlər. Digər tərəfdən, turoperator-turagent kurslarında iştirak etməklə gələcək həmkarlarımı yaxından tanımaq, fikir mübadiləsi aparmaq imkanı əldə edirəm. Əgər belə kurslar olsa, yenə iştirak etməyə hazıram. Çünki turizm elə bir sahədir ki, onu öyrəndikcə daha yaxşı tanıyırsan və sevirsən».

F.Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar