Noyabrın 13-də Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Kino Xidməti İdarəsi və Gözdən Əlillər Cəmiyyətinin təşkilatçılığı ilə “Sərhədsiz incəsənət” layihəsinin təqdimatı oldu.

13 noyabr - “Beynəlxalq gözdən əlillər günü”nə həsr olunmuş tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi, Təhsil, Mədəniyyət və Turizm, Gənclər və İdman, Rabitə və Yüksək Texnologiyalar, Səhiyyə nazirliklərinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və digər təşkilatların nümayəndələri iştirak edirdi.
Əvvəlcə tədbirin aparıcısı Zərifə Əliyeva əlamətdar günün tarixi barədə məlumat verdi. Bildirildi ki, bu gün fransız xeyriyyəçisi, pedaqoq, korlar üçün ilk əlifbanın müəllifi Valentin Hauyun (1745-1822) şərəfinə Dünya Səhiyyə Təşkilatı tərəfindən təsis olunub. Onun doğum günü “Beynəlxalq gözdən əlillər günü” kimi qeyd olunur.
Gözdən Əlillər Cəmiyyətinin sədri Semiyar Abdullayev bildirdi ki, bu gün dünyanın bir çox ölkələrində cəmiyyətin diqqəti fiziki məhdudiyyətli - göz işığını itirən və zəif görən insanların problemlərinin həllinə yönəlib. Ölkəmizdə də sağlamlığı məhdud olan insanlara dövlət tərəfindən diqqət və qayğı göstərilir. Son illər gözdən əlillərin mənzil şəraitinin yaxşılaşdırılması, təhsil və məşğulluq problemlərinin həlli, onların cəmiyyətə inteqrasiyası sahəsində bir sıra islahatlar keçirilib. Onlar üçün 12 mərtəbəli yaşayış binası, Zabrat qəsəbəsində 4 mərtəbəli Tədris Bərpa Mərkəzinin tikintisi yekunlaşmaqdadır.
Bu insanları öz sıralarında birləşdirən təşkilatların da fəaliyyəti önəm kəsb edir. Cəmiyyət paytaxtın Əhmədli qəsəbəsində “Gözdən əlil damaçılar və şahmatçılar federasiyasının klubu”nu açıb.
Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Kino Xidməti İdarəsinin rəisi Gültəkin Nəriman qeyd etdi ki, yaşadığımız cəmiyyətdə bəzi stereotiplər var ki, əgər bir insan əlildirsə deməli, o cəmiyyətdən təcrid olunmalıdır: “Halbuki belə insanlarla təmasda olduqda görürsən ki, onlar mübariz, bacarıqlı və yaradıcıdırlar. Kino Xidməti İdarəsi Gözdən Əlilər Cəmiyyəti ilə sıx əməkdaşlıq edəcək. Bir neçə layihələrimiz artıq təsdiqlənib. Bakı Şəhər İcra Hakimiyyəti gözdən əlillər üçün “Sərhədsiz incəsənət” layihəsini dəstəkləyib”.
Gözdən Əlillər Cəmiyyətinin sədr müavini Reyhan Cəfərova bildirdi ki, qurum Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin maliyyə dəstəyi ilə “Sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi proqramlar ilə idman, incəsənət və xalq sənət növlərinin öyrədilməsinə yardım göstərilməsi” adlı layihə həyata keçirir. Layihə çərçivəsində respublikada ilk dəfə olaraq görmə imkanları məhdud olan şəxslər üçün filmlərin tiflotərcüməsinə başlanılıb. İlkin olaraq “Qaraca qız” bədii və “Pıspısa xanım” cizgi filmlərinin tiflo və surdo tərcümələri hazırlanıb.
Çıxışlardan sonra tiflo və surdo şərhlə hazırlanan filmlərin təqdimatı oldu və gözdən əlil uşaqların iştirakı ilə tamaşa göstərildi.

Savalan Fərəcov







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar