Sərgi çərçivəsində işgüzar görüşlər keçirilib

Noyabrın 8-dən 11-dək Azərbaycan nümayəndə heyəti 33-cü İstanbul Beynəlxalq Kitab Sərgisində iştirak edib. Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə sərgidə qurulan Azərbaycan guşəsi ziyarətçilər tərəfindən maraqla qarşılanıb. Nazirliyin dəstəyi ilə təşkil olunmuş milli stenddə Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi, "Hədəf" nəşrlər evi, "Qələm" və "Altun kitab" nəşriyyatları da təmsil olunub.
Stendimizdə dövlətçilik tariximiz, Qarabağ həqiqətləri, zəngin mədəniyyət və incəsənətimizə, ölkəmizin turizm imkanlarına dair Azərbaycan, türk, ingilis, alman, fransız və rus dillərində nəfis tərtibatlı çap məhsulları - kitablar, bukletlər, 2015-ci ildə Bakıda keçiriləcək I Avropa Oyunları ilə bağlı nəşrlər nümayiş olunub. Azərbaycanın turizm potensialı və I Avropa Oyunları haqqında buklet və broşürlər maraqlananlara paylanılıb.
Noyabrın 9-da Azərbaycan guşəsində Dövlət Bayrağı Günü qeyd olunub. Ziyarətçilərə Azərbaycan bayraqları hədiyyə edilib, bu əlamətdar günlə bağlı məlumat verilib.
Sərgi günlərində "Hədəf" nəşrlər evi, "Qələm" və "Altun kitab" nəşriyyatları ilə Türkiyə nəşriyyatları arasında danışıqlar aparılıb və müvafiq istiqamətdə yeni əməkdaşlıqlar yaradıblar.
Azərbaycan stendini ziyarət edən Makedoniya mədəniyyət nazirinin müavini Behixhudin Shehabi ilə nazirliyin əməkdaşları arasında görüş keçirilib. Nazir müavini Azərbaycan nümayəndə heyətini Makedoniyada kitab sərgisinə dəvət edib. Milli stendimiz Türkiyə mediasında, o cümlədən “Show TV” kanalında geniş şəkildə işıqlandırılıb.
* * *
Sərgidə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin nəşrləri də maraqla qarşılanıb. Bu barədə məlumat verən qurumun mətbuat və nəşr məsələləri üzrə müşaviri Fərid Hüseyn sərginin işgüzar əlaqələri genişləndirmək üçün əlverişli fürsət olduğunu vurğulayıb.
Ziyarətçilərə Azərbaycan Tərcümə Mərkəzinin yaranması, onun qarşısında duran vəzifələr və fəaliyyəti ilə bağlı məlumatlar verilib, maraqlananlara mərkəzin nəşri olan “Xəzər” jurnalının müxtəlif nömrələri təqdim edilib. Tərcümə Mərkəzinin əməkdaşları Etimad Başkeçid və Fərid Hüseyn TEDA-nın (Türk mədəniyyəti, sənəti və ədəbiyyatı ilə bağlı əsərlərin nəşrinə dəstək təşkilatı) baş direktoru Hamdi Turşucu ilə görüşüb. Görüşdə hər iki təşkilatın fəaliyyəti ilə bağlı fikir mübadiləsi aparılıb.








Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar